Məhkəmə qərarları › İş №2(060)-8288/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8288/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8288/2021 30.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçının Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4150 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh "Ədəb Əxlaq"- 1 (Əl Əxlaq ya-l-ədəb-əl isləmiyyə) kitabının ərəb dilindən azərbaycan dilinə tərcümə etmək üçün 16 sentyabr 2016-cı il tarixindən başlayaraq müxtəlif vaxtlarda yazılı olaraq hissə hissə, cəm 4150 manat pul vermişdir. Cavabdeh kitabı tam tərcümə edib 28 sentyabr 2018-ci il tarixdə təhvil verəcəyini yazılı şəkildə öz öhdəsinə götürsədə bu günki vaxta qədər heç bir iş görməmişdir. Hər dəfə tezliklə tərcümə edib təhvil verəcəyini bildirir. Belə qərara gəlmişdir ki, məhkəməyə müraciət edib cavabdehə tərcümə üçün ödədiyi pulları geri tələb etsin. Məhkəmə iclasıda iştirak edən iddiaçı ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, cavabdehlə Ravil adlı tanışı vasitəsi ilə tanış olmuş, ilk dəfə “Yarpaq” çay evində görüşmüşlər, aralarında kitab tərcüməsi ilə bağlı razılaşma olmuş, o, cavabdehə ilk öncə «İmamət Quran və sünnədə» kitabının tərcüməsini həvalə etmiş, cavabdeh həmin kitabı ərəb dilindən azərbaycan dilinə tərcümə etmiş və ona təhvil vermiş, o da öz növbəsində xidmət haqqını ödəmişdir. Bundan sonra o, ikinci - «İslamın əxlaq və ədəbləri» kitabının tərcüməsini cavabdehə tapşırmış, bununla bağlı hissə-hissə xidmət haqqı olaraq cəmi 4150 manat pul ödəmişdir. Lakin cavabdeh tərcüməni etməmiş, hər dəfə bəhanələr deməklə vaxtı uzatmış, sonra isə o, ümumiyətlə cavabdehlə əlaqə saxlaya bilməmiş və Ravilə bu barədə bildirmiş, sonuncu Hüseynağanı axtarıb tapmış və onlar birlikdə görüşmüş, Hüseynağa problemləri olduğunu demiş və ondan kitabın tərcüməsi üçün vaxt istəmişdir. Həmin vaxt Hüseynağa kitabı tərcümə edib təhvil verməyəcəyi halda pulunu qaytaracağına dair qəbz yazmışdır. Lakin Hüseynağa vəd verdiyi vaxtadək nə kitabı tərcümə etməmiş, nə də pulunu bu vaxtadək qaytarmamışdır. İddia ərizəsinə əlavə etdiyi qəbzlər də göstərir ki, o, Hüseynağaya «İslamın əxlaq və ədəbləri» kitabının tərcüməsi ilə bağlı 4150 manat pul ödəyib. İddiaçı həmçinin göstərdi ki, cavabdehin izahatında bildirdiyi hallar doğru deyil, bu mübahisə birinci kitabla bağlı deyil, birinci kitabın tərcüməsi və ödənişi ilə bağlı aralarında heç bir problem olmayıb. Bu mübahisə ikinci kitabın tərcüməsi və ödənişlə bağlıdır. Mübahisələndirilən məbləğ ikinci kitabın tərcüməsinə görə ödənilib. Cavabdeh ikinci kitabı - «İslamın əxlaq və ədəbləri» kitabını tərcümə etməyib. Cavabdeh heç vaxt xidmət haqqının az olduğunu deməyib, bununla bağlı aralarında heç bir anlaşılmazlıq, narazılıq olmayıb. O, kitabın hər səhifəsinə görə 5 manat ödəyəcəyini bildirib, cavabdeh də etiraz etməyib. Birinci kitabın tərcüməsinə görə də hər səhifəsi 5 manat olmaqla ödəniş edib. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddianı qəbul etmir. Təxminən 2016-cı ildə Ravil adlı tanışı ona bildirmişdir ki, Cavid bəy kitab tərcümə etdirmək üçün tərcüməçi axtarır və bununla bağlı görüşmək istəyir. O, razılaşmış, görüşüb söhbət zamanı tərcümənin hər səhifəsini 20 manata edəcəyini demişdir. Ona üç kitab - «İmamət Quran və sünnədə», «İslamın əxlaq və ədəbləri» və «Fatimeyi Zəhranın həyatı ilə bağlı» kitabları ərəbcədən tərcümə etmək təklif olunmuşdür. Lakin sonra, «Fatimeyi Zəhranın həyatı ilə bağlı» olan kitabı Cavid geri tələb etmiş, tərcümə edilməsini istəməmişdir. O, birinci kitabı («İmamət Quran və sünnədə») tam tərcümə edib təhvil vermiş, ikinci «İslamın əxlaq və ədəbləri» adlı kitabdan isə 100 səhifə tərcümə etmişdir. O, ilk öncə hər iki kitabdan nümünə olaraq bir neçə səhifə tərcümə edib Cavidə göstərməsi üçün Ravilin elektron poçt ünvanına göndərmiş, onlar tərcüməyə baxıb bəyənmişlər. Birinci kitab ərəb dilində 400 səhifə, ikinci kitab iki cildli, təxminən 1200 səhifə olub. O, birinci kitabı tam tərcümə etmiş, ikinci kitabdan isə 100 səhifə tərcümə edib fləş-karta köçürüb Ravilə vermişdir ki, Cavidə təhvil versin. İkinci kitabı tam tərcümə etməməsinin səbəbi tərcümə haqqını iddiaçının tam ödəməməsi olmuşdur. Ona cəmi 3100 manat ödənilmiş, pulun tam ödənilmədiyini görüb, tərcüməni davam etdirməmişdir. Ona iddia edildiyi kimi 4100 manat ödənilməyib. 1100 manat ödənişlə bağlı olan qəbz təkrar yazılıb, həmin məbləğdə pul ona verilməyib. Qeyd olunanlara əsasən iddianı qəbul etmir və rədd edilməsini xahiş edir. Həmçinin bildirdi ki, 08.04.2018-ci il tarixdə tərtib olunmuş qəbzi tez-tez zəng edib onu narahat etdikləri üçün yazmışdır, qəbzlərdəki fikirlər onu fikirləri deyil, ona «İslamın əxlaq və ədəbləri» adlı kitaba görə tam tərcümə haqqı ödənilməyib. Ödənilmiş məbləğ birinci kitaba yəni, «İmamət Quran və sünnədə» kitabına görə olub. Cavabdehin nümayəndəsi və vəkili cavabdehin göstərdiklərini müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, Cavidlə təsadüfi tanış olub, Hüseynağa ilə əvvəllər eyni məhəllədə yaşamışlar, onu ordan tanıyır. İlk dəfə Göy Məscidin yanında olan kafedə Cavid və Hüseynağa görüşmüşlər, o da hər iki tərəfi tanıdığı üçün orada olmuş, tərəflər aralarında razılığa gəlmişlər ki, Hüseynağa ərəb dilindən kitab tərcümə edəcək və Cavid bəy də tərcüməyə görə ödəniş ödəyəcək. Amma sonradan ona məlum olmuşdur ki, Hüseynağa ödəniş haqqı alsa da, kitabı tərcümə etməyib. Bundan sonra o, Cavidin xahişi ilə Hüseynağa ilə əlaqə saxlamış, tərcümə etməməsinin səbəbini soruşmuş, sonuncu ona problemləri olduğunu demişdir. Hüseynağa ilə Cavidi o, tanış etdiyi üçün Cavid ona müraciət edərək pulu ödədiyini, lakin Hüseynağanın tərcüməni etmədiyini, telefonlarına cavab vermədiyini danışmış ondan Hüseynağanı axtarıb tapmasını xahiş etmiş, o, Hüseynağa ilə əlaqə saxlamış, sonuncu ona hər dəfə müxtəlif bəhanələr - xəstə olduğunu, ailədə problemləri olduğunu, kompüterin yandığını, telefon yandığını deyərək tezliklə tərcüməni edəcəyinə dair vəd vermişdir. Bu söhbətlər 08.04.2018-ci il tarixdə qəbz yazılanadək də, sonrada olmuşdur. Eləcə də bu narazılıq ancaq ikinci kitabla bağlı yaranmışdır. Birinci kitabla bağlı heç bir problem olmamış, Hüseynağa heç vaxt xidmət haqqı tam ödənilmədiyi üçün tərcüməni etməməsi barədə heç nə bildirməmişdir. 08.04.2018-ci il tarixdə görüşərkən Hüseynağa vaxt istəmiş, Cavid ona 6 ay vaxt vermiş, Hüseynağa da qəbz yazmışdır ki, ya pulu qaytaracaq, ya da kitabı tərcümə edib verəcəkdir. Şahid həmçinin bildirdi ki, o, tərəflər arasında pul ödənişi olarkən işirak etməmiş, pul məbləği onun yanında verilməmişdir. Yalnız sonuncu qəbz - 08.04.2018-ci il tarixli qəbz onun iştirakı ilə tərtib olunub. Şahid eləcə də bildirdi ki, Hüseynağa ona Cavidə çatdırması üçün fləş-kart vermiş, orada «İmamət» adı kitabın tərcüməsi olduğunu bildirmişdir. Hüseynağa cəmi bir dəfə ona fleşkart verib. Fləş-kart sonuncu qəbz yazılandan öncə ona verilib. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarından olan: 08.04.2018-ci il tarixli Hüseyn tərəfindən yazılmış iltizamdan görünür ki, o, Adab- Əxlaq kitabını sentyabrın 28-i təhvil verəcək. Əks halda aldığı pulların hamısını Ravilə geri qaytaracaqdır. 20.12.2016-ci il tarixli Hüseynov Hüseyn tərəfindən yazılmış iltizamdan görünür ki, o, Şeyx Caviddən “Əl-əxlaq ya-l-ədəb-əl isləmiyyə” kitabının tərcüməsinə görə 20.12.2016-cı il tarixində 500 manat məbləğində pul almışdır. 25.11.2016-ci il tarixli Hüseynov Hüseyn tərəfindən yazılmış iltizamdan görünür ki, o, Şeyx Caviddən “Əl-əxlaq ya-l-ədəb-əl isləmiyyə” kitabının tərcüməsinə görə 25.11.2016-cı il tarixdə 500 manat məbləğində pul almışdır. 08.06.2017-ci il tarixli Hüseynov Hüseyn tərəfindən yazılmış iltizamdan görünür ki, o, Şeyx Caviddən 200 manat məbləğində pul almışdır. 16.09.2016-ci il tarixli Hüseynov Hüseyn tərəfindən yazılmış iltizamdan görünür ki, o, Şeyx Caviddən “Əl-əxlaq ya-l-ədəb-əl isləmiyyə” kitabının tərcüməsinə görə 500 manat məbləğində pul almışdır. 01.11.2016-ci il tarixli iltizamdan görünür ki, kitabla bağlı 600 manat pul almışdır. 16.01.2017-ci il tarixli Hüseynov Hüseyn tərəfindən imzalanmış iltizamdan görünür ki, o, 16.01.2017-ci il tarixində Şeyx Caviddən 1100 manat məbləğində pul almışdır. 19.02.2017-ci il tarixli iltizamdan görünür ki, 200 manat məbləğində pulu təhvil almışdır. 28.03.2017-ci il tarixli iltizamdan görünür ki, 150 manat məbləğində pulu təhvil almışdır. 28 may 2017-ci il tarixli iltizamdan görünür ki, 08.05.2017-ci il tarixdə 150 manat məbləğində pulu təhvil almışdır. 05.07.2017-ci il tarixli iltizamdan görünür ki, həmin tarixdə 150 manat məbləğində pulu təhvil almışdır. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında müqavilə bağlanmasa da, porat münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı «Əl-əxlaq ya-l-ədəb-əl isləmiyyə»kitabının ərəb dilindən azərbaycan dilinə tərcüməsi ilə bağlı cavabdehə sifariş vermiş, cavabdeh həmin öhdəliyi pul müqabilində yerinə yetirməyi üzərinə götürmüşdür. Məhkəmə hesab edir ki, tərəflər arasında porat müqaviləsi ilə bağlı münasibətlər yarandığından mübahisə Mülki Məcəllədə təsbit olunmuş «Öhdəliklərin icrası» və «Podrat» müqaviləsinə dair müddəalar çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəyə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı kitabın tərcüməsi ilə bağlı hissə-hissə cəmi 4150 manat haqq ödədiyini, lakin cavabdeh tərəfindən öhdəliyin yerinə yetirilmədiyini iddia edir və ödənilmiş haqqın geri qaytarılmasını tələb edir. İddianın əsası olaraq iddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzlərinə istinad edir. İş üzrə toplanmış sübutlardan göründüyü kimi iddiaçı tərəfindən kitab tərcüməsi ilə bağlı cəmi 4150 manat ödəniş olmuşdur. Məhkəmə araşdırması zamanı cavabdeh həmin ödəniş qəbzlərinin onun tərəfindən yazıldığını və imzalandığını, göstərilən məbləğin onun tərəfindən qəbul edildiyini etiraf etdi. Yalnız 16.01.2017-ci il tarixli 1100 manat məbləğində pul alınması ilə bağlı qəbzə etiraz etdi, həmin qəbzin təkrar tərtib edildiyini, öncədən aldığı 500 və 600 manat məbləğlərin birləşdirilərək bir qəbzdə yazıldığını bildirdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq həmin qəbzləri sübut növü kimi qəbul edir və mülki qanunvericiliyin şərh olunan maddələrində ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddia təmin edilməli, cavabdehdən 4150 manat İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin iddiaya etirazına gəlincə hesab edir ki, cavabdehin iddiaçıdan pul məbləğini «İmamət Quran və sünnədə» adlı kitaba görə alması barədə göstərdikləri yalnız onun özünün şifahi bildirdiklərindən ibarət olmaqla, hər hansı mötəbər sübuta əsaslanmır və cavabdeh etirazını əsaslandığı hallara dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh 16.01.2017-ci il tarixli 1100 manat məbləğində pul alınması ilə bağlı qəbzə etiraz etsə də etirazı ilə bağlı halları məhkəmədə əsaslandırma bilmədi, təkrar qəbz yazılmasına nə zərurət olduğunu izah edə bilmədi. Bundan başqa, cavabdeh tərəfin vəsatəti əsasında məhkəmə iclasında tədqiq olunan fləş-kartda iki kitabın tərcümə mətninin olduğu, ikinci kitabın «İslamın əxlaq və ədəbləri» adlı kitabın tərcümə mətninin 29 səhifə olduğu müəyyən edildi. Bu hal cavabdehin izahatında qeyd olunan kitabı tərcümə etməsi, hətta 100 səhifəsini təhvil verməsi barədə göstərdiklərini təkzib edir, cavabdehin səmimi və işin faktiki hallarına uyğun izahat verməsini şübhə altına alır. Bundan başqa, cavabdeh iddiaya etiraz edərək ödənilmiş pul məbləğinin birinci kitabla (İmamət Quran və sünnədə) bağlı olduğunu və həmin kitabı tərcümə edib təhvil verdiyini göstərsədə, 08.04.2018-ci il tarixli qəbzdən görünür ki, həmin iltizam və eyni zamanda pul ödənişlərini göstərən digər qəbzlər Adab-Əxlaq kitabının tərcüməsi ilə bağlı verilmişdir. Bu baxımdan məhkəmə cavabdehin etirazının dəlillərini inandırıcı və işin müəyyən edilmiş faktiki hallarına uyğun hesab etmir. Həmçinin cavabdeh həmin göstərdiyi dəlilləri təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4150 (dörd min bir yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar