Məhkəmə qərarları › İş №2(060)-8289/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8289/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8289/2021 21.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18100 (on səkkiz min yüz) manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Səlim qızı 29.01.2020-ci ildə Cavabdeh 4300+2000+1800=8100 manat və 03.04.2021-ci ildə 10000 manat, cəmi 18100 manat məbləğində borc pul vermişdir. Bu barədə cavabdehin öz xətti ilə yazdığı əlyazması da var. Aralarında olan razılaşmaya görə cavabdeh 03 ay müddətində həmin pulu ona qaytarmalı idi. Lakin cavabdeh aralarında olan razılaşmaya əməl etməmişdir. Hər dəfə borcunu qaytarması üçün cavabdehə müraciət etdikdə, cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi. İddiaçı 29.01.2020-ci ildə Cavabdeh 8100 manat və 03.04.2021-ci ildə 10000 manat, cəmi 18100 manat məbləğində borc pul vermişdir. Razılaşmaya görə cavabdeh 3 ay müddətində pulu iddiaçıya qaytarmalı idi. Lakin cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınır. İş materiallarında kredit müqaviləsi var ki, cavabdeh özü borc aldığını etiraf edir. Bacısının əlyazması vardır, hansı ki cavabdehin borc aldığını təsdiq edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək iddia tələbini qəbul etmədiklərini bildirmişdir. İddiaçı Cavabdeh pulu borc məqsədi ilə verməmişdir. İddiaçı faiz almaq məqsədilə əksər insanlara pul verir. İddiaçı cavabdehə 2017-ci il iyul ayında 2500 manat, sentyabr ayında 1600 manat, 2018-ci ilin may ayında 2500 manat, 2019-cu ilin ayında 1400 manat pul vermişdir. Bunların qarşılığında cavabdeh özünə məxsus olan qızılları iddiaçıya verib və hər ay faiz ödəmək məqsədilə atasının, əlil övladının pensiya kartlarını iddiaçıya vermiş, kartlardan çıxarılan pulları iddiaçı faizə hesablamışdır. 2020-ci il dekabra qədər cavabdeh ödəniş etmiş, lakin 2020-ci ilin dekabr ayında cavabdeh faizləri ödəyə bilmədiyindən 2021-ci ilin aprel ayında iddiaçı ona borc müqaviləsinə imza etdirmişdir. Cavabdehin iddiaçıya hər hansı borcu yoxdur, o, artıqlaması ilə iddiaçının pulunu qaytarmışdır. Lakin borcun qaytarılmasını təsdiq edən sənədlər təqdim edə bilmirlər. Əlyazma sənədlərdə ki, imzalar təmsil etdiyi şəxsə məxsusdur, iddiaçıya cavabdeh tərəfindən hansı bank kartlarının verilməsini, həmin kartların rekvizitlərini bilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -29.01.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh İddiaçı borc şəklində 4300+20000+1800 manat məbləğində borc almışdır. - 03.04.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 10000 manat məbləğində borc vermiş, Cavabdeh həmin məbləği 03 iyul 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, cavabdeh iddiaçıdan 18100 manat məbləğində pul almış və qaytarmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən - Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən- Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən - Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən - Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə hesab edir ki, cavabdeh borclu olduğu pulu ödəməyinə dair öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 18100 manat borc tutularaq İddiaçı verilməlidir . Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddia tələbi 500 manatdan artıq olduğu üçün cavabdehdən 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 18100 (on səkkiz min yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumun əvəzi 30 manat alınıb İddiaçı verilməlidir . Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 18100 (on səkkiz min yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumun əvəzi 30 manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar