Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-831/2020 18.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh Hazəhməd oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Hazəhməd oğluna qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Hazəhməd oğluna qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Hazəhməd oğlundan ona dəymiş zərərin əvəzi olaraq 5.121 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 5-ci mikrorayon S.Vurğun, ev 132/17, mənzil 31-də qeydiyyatda olan Cavabdeh Hazəhməd oğlu onun qaynıdır. Uzun vaxtdır ki, mülkiyyətində olan ünvan 1-a gələrək evdən çıxmamış, o, bu barədə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh Hazəhməd oğlunun istifadə hüququnun itirilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi təmin olunmuş, Sumqayıt şəhər İcra İdarəsinin icra məmurlarının köməkliyi ilə Cavabdeh Hazəhməd oğlu evdən məcburi qaydada çıxarılmışdır. Evdən məcburi qaydada çıxarılan Cavanşir evin boşaldılmasından əvvəl Dəmir Bank ASC-dən 2014-cü ildə anası X1 adına götürdüyü 4140 manata aldığı 3 otaqlı evə quraşdırılan kombi sistemini tam söküb aparmışdır. Bundan başqa Samsung markalı 981 manat məbləğində 6 kq paltaryuyanmaşını (öz adına kreditə götürmüşdür Dəmir Bankdan) aparmışdır. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, o apardığı əşyaları geri qaytarmaq istəmir və ona vurduğu maddi zərəri ödəməkdən yayınır. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək kombi aparatının dəyərinin 2.392 manat qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdehlə bir müddət mübahisə predmeti olan evdə bir yerdə yaşamışlar, sonra 2016-cı il tarixdə evi tərk edərək yaşamaq üçün anasıgilə getmişdir. Məhkəmə qərarına əsasən icraçılar cavabdehi mənzildən çıxardıqdan, evi boşaltdıqdan sonra yenidən evə qayıtmış, evə gəldikdə bütün evin boşaldığını görmüş, cavabdeh iddia etdiyi əşyalarıözü ilə aparmışdır. O, kombi aparatını 2014-cü ildə almışdır, sənədləşmədə anasının adı gösətrilsə də əşya onun tərəfindən alınmışdır. Eləcə də Samsung markalı paltaryuyan maşın onun vəsaiti hesabına alınaraq evə quraşdırılmışdır. Cavabdeh evdən çıxarıldıqdan sonra həmin əşyalar evdə olmamışdır. Həmin əşyaları cavabdeh aparıb, bu səbəbdən də həmin əmlakların dəyəri vurulmuş zərər qismində cavabdeh tərəfindən ona ödənilməlidir. Cavabdehə məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddianı qəbul etmir. Belə ki, ünvan 1 ünvanı onun valideynlərinə məxsus olub, yaşayış yeri olmadığıüçün bir müddət, daha dəqiq 5 il həmin ünvanda iddiaçının ailəsi ilə birlikdə yaşamışdır. İddiaçı onun qardaşının arvadıdır. Daha sonra iddiaçı həmin evi öz adına sənədləşdirmiş və o, məhkəmə qərarı ilə həmin evdən çıxarılmışdır. O, evdən çıxarkən yalnız özünə məxsus əşyaları götürmüş və həmin vaxt mənzildə ona məxsus əşyalar icraçıların iştirakı ilə avtomaşına yüklənmişdir. Bu, 2019-cu ilin oktyabrın 15-də baş vermişdir. İddiaçının iddia etdiyi kombi sisteminin və “Samsung" markalı paltaryuyanın onun tərəfindən aparılması ağ yalandan başqa bir şey deyildir. Hal-hazırda o, iddiaçının həyat yoldaşından məhkəmə qaydasında 30000 manat pul tələb edir. İddiaçı həmin tələbin qarşılığında ondan 5121 manat tələb edir. Həmin əmlakların oğurlanması ilə əlaqədar olaraq iddiaçı hüquq mühafizə orqanlarına heç bir müraciət etməmişdir. Belə olan halda iddia tələbi əsassızdır. Buna görə də iddianı qəbul etmir. Eləcə də bildirdi ki, o, evi tərk edərkən kombi və paltaryuyan maşın evdə olmuşdur. Kombi aparatı və paltaryuyan maşın Sevilə məxsus olmuşdur, sonuncu həmin əşyaları almışdı. Sevil 2016-cı ildə evi tərk edib anasıgilə gedərkən həmin vaxt qeyd olunan əşyalar evdə olmuş, o, bu əşyalardan istifadə etmişdir. Mübahisələndirilən əşyaların kim tərəfindən çıxarılması, haraya aparılması barədə məlumatı yoxdu, o, evdən yalnız özünə məxsus əşyaları götürüb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sevdimalıyev Söhbət Məmmədqulu ifadəsində göstərdi ki, İddiaçı ilə uzaq qohumdur. Sevil evin boşaldılmasıüçün onun evinə getməsini xahiş eləmiş, icra məmurları ilə birlikdə ünvan 2 ünvanında yerləşən evə getmişlər, Cavanşir evi boşaldıb çıxdıqdan sonra evə girmişlər, həmin vaxt görmüşlər ki, kombi sistemi evdə yoxdur. Bu məsələni Sevilə deyəndə demişdir ki, kombini Cavanşir çıxarıb aparıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri üzrə İcra İdarəsində icra məmuru işləyir. O, tərəfləri icraatında olmuş icra sənədinin icrası ilə bağlı tanımışdır. Belə ki, Cavabdeh Hazəhməd oğlunun mənzildən çıxarılması ilə bağlı icra sənədi olmuş, onun tərəfindən icra hərəkətləri yerinə yetirilərək cavabdeh ünvan 2 ünvanından çıxarılmışdır. Cavabdeh evdən çıxarılarkən kombi aparatı evdə, hamamda olmuş, Cavabdeh kombi aparatının onun məxsus olduğunu demişdir ki, «kombini mən almışam, lakin evdə qalsın». Paltaryuyan maşının olmasına isə fikir verməmişdir. Məhkəmə tərəflərin izahatını, şahidin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-56/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının məzmunundan görünür ki, Alxasova X2 İcra İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə Cavabdeh mənzildən çıxarılarkən ona məxsus mənzilin kombi sistemini və paltaryuyan maşını söküb aparması barədə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Beləliklə, məhkəmə araşıdırması zamanı toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh iddiaçıya məxsus mənzildə yaşamış, daha sonra məhkəmə qətnaməsinə əsasən cavabdeh həmin mənzildən çıxarılmışdır. İddiaçı 2016-cı ildən mənzildə yaşamamışdır. Həmin mənzildə iddiaçının vəsaiti hesabına aldə edilmiş kombi aparatı və paltaryuyan maşın olmuş, cavabdeh mənzildə yaşadığı müddətdə bu əşyalardan istifadə etmişdir. İddiaçı, cavabdehin həmin mənzildən çıxarıldıqdan sonra evdə kombi aparatının və paltaryuyan maşının olmadığını görmüş, əşyaların cavabdeh tərəfindən aparıldığını iddia edir və onların dəyərinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatlarında mübahisə predmeti olan əşyaların iddiaçı tərəfindən alındığını, həmin əşyalardan mənzildə yaşadığı müddətdə istifadə etdiyini etiraf etdi. Həmin əşyaların mənzildən çıxarkən mənzildə qaldığını göstərdi və etirazının əsası olaraq şahid ifadəsinə istinad etdi. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan əşyaların mövcud olması və cavabdehin istifadəsində olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmaqla tərəflər arasında mübahisə doğuran məsələ – həmin əşyaların mənzildən aparılması ilə bağlıdır . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq iddiaçının göstərdiklərinin inandırıcı hesab edir. Cavabdeh mənzildən çıxarılarkən həmin əşyaların orada qalması barədə cavabdehin göstərdiklərinə gəlincə məhkəmənin qənatincə bu halda sübutetmə yükünun yerini dəyişməklə cavabdeh etirazını əsaslandığı halları məhkəməyə sübuta yetirmək vəzifəsi daşıyır. Məhkəmə hesab edir ki, cavabdeh etirazını məhkəməyə sübuta yetirə bilmədi. Cavabdehin etirazın əsası olaraq istinad etdiyi şahid X4 ifadəsində göstərdiklərinə gəlincə məhkəmə bu ifadəni inandırıcı hesab etmir. Belə ki, şahid cavabdehin izahatında göstərdiklərini təkzib edən ziddiyyətli ifadə verərək göstərdi ki, icra hərəkətləri zamanı Cavabdeh həmin kombi aparatının özünə məxsus olduğunu, lakin orada saxladığını demişdir. Halbuki, Cavabdeh öz izahatında kombi aparatının iddiaçıya məxsus olduğunu bildirmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/1093 nömrəli, xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də mərkəzdə olan məlumatlardan istifadə edilməklə analoji malların markasına, modelinə və orta texniki göstəricilərinəəsasən, iş materiallarında göstərilən 1 ədəd “X7 24-28-32 E” markalı kombi aparatının nəzəri hesablama yolu ilə 2015-ci il tarixə orta bazar qiyməti təxminən 2392 manat, “Samsung” markalı, 6 kq tutumlu paltaryuyan maşının nəzəri hesablama yolu ilə 2013-cü il tarixə orta bazar qiyməti təxminən 981 manat olmaqla, ümumilikdə 3373 manat müəyyən olunur. Məhkəmə, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır, cavabdeh iddiaçıya vurduğu zərərə görə mülki məsuliyyət daşıyır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edərək hesab edir ki, dəymiş zərərin əvəzi olaraq Cavabdeh Hazəhməd oğlundan 3373 manat İddiaçı xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən tutularaq iddiaçının nəfinə və məhkəmə xərclərinin təşkil edən ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehdən tutularaq Dövlət Xəzinədarlığı Agentliyinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Hazəhməd oğlundan vurulmuş zərərin əvəzi olaraq 3.373 (üç min üç yüz yetmiş üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulsun. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat Cavabdeh Hazəhməd oğlundan tutularaq Dövlət Xəzinədarlığı Agentliyinə(Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-831/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-831/2020
18.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver