Məhkəmə qərarları › İş №2(060)-8341/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8341/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8341/2021 23.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13.100 manat əsas, həmin pulun alındığı 26.03.2018-ci il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 13.09.2021-ci il tarixədək olan 3 il, 5 ay müddətində 2292 manat (13.100 Azn/100%=1331 x 5%=655 Azn x 3 il, 5 ay=2292 Azn) gecikdirilmiş faiz borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 15.422 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin onun etibarından sui-istifadə edərək onu işə düzəltmək adı ilə 15.000 manat pulunu ələ keçirməsi barədə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsinin araşdırılması nəticəsində Cavabdeh barəsində AR CM-in 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 17.06.2020-ci il tarixli, 1(060)-19/2020 saylı hökmü ilə Cavabdeh AR CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək AR CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməmişdir. Məhkəmənin həmin hökmü ilə Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10.09.2020-ci il tarixli, 1(105)-268/2020 saylı hökmü ilə dövlət ittihamçısı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 17.06.2020-ci il tarixli, 1(060)-19/2020 saylı hökmündən verilmiş apellyasiya protesti təmin və onun tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 17.06.2020-ci il tarixli, 1(060)-19/2020 saylı hökmü ləğv edilmiş, Cavabdeh AR CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 01 il 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Cavabdehdən aldığı pulu qaytarmasını dəfələr tələb etsə də, o, yalnız ibtidai istintaq dövründə 1000 manat və 900 manat olmaqla, ümumilikdə 1.900 manat pulu ona geri qaytarmışdır. Lakin, 13.100 manat pulu qaytarmaqdan bu günədək imtina etmişdir. Sonuncu dəfə iddiaçıya hüquqi xidmət göstərən "xxxx" MMC tərəfindən Cavabdeh yazılı xəbərdarlıq (pretenziya) edilmişdir. Lakin, cavabdeh yenə də borcunu ödəməkdən imtina etmişdir. İddiaçı teleqram vuraraq, iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaçıdan 15.000 manat məbləğində pul götürmədiyini, götürmüş olduğu məbləği tam qaytardığını, eyni zamanda pulu müddətsiz götürdüyünü bildirdi. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AR DİN Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin "xxxx"-nin direktoru Nümayəndə ünvanlanmış 08.09.2021-ci il tarixli məktubundan görünür ki, müvafiq müraciət əsasında Yasamal RPİ-nin 28-ci Polis bölməsində toplanmış materiallara əsasən Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Elməddin Paşayev tərəfindən 20.08.2018-ci il tarixdə AR CM-in 178.2.4-cü maddəsi ilə ********* №-li cinayət işi başlanılaraq istintaq aparılmışdır. - Azərbaycan Respublikasının Baş Prokrorluğunun İddiaçı ünvanlanmış 19.06.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh barəsində AR CM-in 178.2.4cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaq aparılmış, 11.05.2019-cu il tarixdə həmin cinayət işi ərazi aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Sumqayıt ŞPİ-nə göndərilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-19/2020 saylı, 17.06.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh AR CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək AR CMin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməmişdir. Məhkəmənin həmin hökmü ilə Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” ləğv edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-268/2020 saylı, 10.09.2020-ci il tarixli hökmündən görünür ki, dövlət ittihamçısı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-19/2020 saylı, 17.06.2020-ci il tarixli hökmündən verilmiş apellyasiya protesti təmin və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-19/2020 saylı, 17.06.2020-ci il tarixli hökmü ləğv edilmiş, Cavabdeh AR CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 01 il 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. - Həmin hökmdən görünür ki, Cavabdeh İddiaçı 15.000 manat məbləğində ziyan vurmuşdur. Eyni zamanda həmin hökmdən görünür ki, Cavabdeh İddiaçı işə düzəltmək məqsədi ilə ondan 26.03.2018-ci ildə 15.000 manat almışdır. İddiaçı 1 ay müddətinə işə düzəldəcək, işə düzəldə bilmədikdə aldığı 15.000 manatı qaytaracaqdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-506/2021 saylı, 10.02.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-268/2020 saylı, 10.09.2020-ci il tarixli hökmündən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-268/2020 saylı, 10.09.2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. - "xxxx" MMC-nin Cavabdeh ünvanlanan 06.09.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən cavabdeh iddiaçıya 13.100 manat dəyərində ziyan vurmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və Cavabdeh buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 13.100 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia bu hissədə təmin olunmalıdır. Bu Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddianın 26.03.2018-ci il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 13.09.2021-ci il tarixədək olan 3 il, 5 ay müddətində əsas borca illik 5% hesablanmış 2292 manat tələb olunması hissəsi qismən təmin edilməlidir. Belə ki, 2292 manat əsas borcun tələbdə göstərilən 3 il 5 ay müddət üzrə illik 5%-i 2238 manat (13.100 man./100%=1331x5%=655 man. (illik 5%) x 3 il = 1965 man. 655/12=54.6 man. (aylıq gecikmə) 54.6x5=273 man. 1965+273=2238 man.) təşkil edir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli,cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh ziyana görə 13.100 manat və gecikdirilmiş vaxt üçün cərimə olaraq 2238 manat olmaqla, cəmi 15.338 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət edi: İddia qismən təmin edilsin. Cavabdeh ziyana görə 13.100 manat və gecikdirilmiş vaxt üçün cərimə olaraq 2238 manat olmaqla, cəmi 15.338 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar