Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8345/2021 09.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil1 Məmmədhüseyn oğlunun iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərin tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3623/18 saylı, 16 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılaraq, 31 iyul 2005-ci il təvəllüdlü X1 və 22 fevral 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin və əlavə xərclər kimi 1317,6 manat pulun ½ hissəsinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5890/2018 saylı, 05 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “nikahın pozulması, uşaqların himayədə saxlanması və aliment” tələbinə dair iddiası təmin olunaraq tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan uşaqların analarının yanında qalması müəyyən olunmuş, uşaqların saxlanması üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat alimentin cavabdehdən tutulması qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3623/18 saylı, 16 noyabr 2018-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmiş, 21 may 2018-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Hazırda cavabdehdən məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği uşağın saxlanmasına kifayət etmir. Bundan başqa övladları 22 fevral 2009-cu il təvəllüdlü X5 periferik limfa düyünləri xəstəliyindən əziyyət çəkir. İddiaçı mütəmadi olaraq uşağın analizləri və müalicəsi ilə bağlı xəstəxanalara müraciət edir, uşaqdan labaratoriya analizləri götürülür və bütün bunlar ödənişlidir. İddiaçı cavabdehə bununla bağlı köməklik göstərməsini xahiş etsə də, cavabdeh heç bir köməklik göstərməmişdir. Bu səbəbdən həmin xərclərin yarısı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşaqların normal salanmaları üçün kifayət etmir, buna görə də iddiaçı alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, oğlu epilepsiyadan və limfa vəzlərinin xəstəliyindən əziyyət çəkir. Buna görə də o, oğlunu daim həkim müayinəsinə və müalicələrə aparır və bununla bağlı xərclər çəkir. Həkim müayinəsi və yoxlanışları məhkəməyə təqdim etdiyi qəbzlər də təsdiq edir. Qəbzlərdə olan son ödənilməli olan məbləğ onun ödədiyi məbləğdir. O, tibbi sığrortadan istifadə etməyib. Bütün məbləğləri şəxsən ödəyib. Qızı 11-ci sinifdə oxuyur və repititor yanında hazırlıqlara gedir. O, gözəllik salonunda işləyir və aylıq gəliri maksimum 400 manat təşkil edir. Cavabdeh uşaqları ilə maraqlanmır, ailə qayğılarından tamamilə uzaqdır. Uşaqların müalicəsi ilə bağlı nə maddi, nə mənəvi dəstək göstərmir. Uşaqlarla bəzən nənəsi maraqlanır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh sonuncu məhkəmə iclasının yeri və vaxtı məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 verdiyi izahatında bildirmişdir ki, cavabdeh uzun müddət işsiz olmuşdur. O, artıq 1 aydır ki işləyir. Buna baxmayaraq cavabdeh alimenti daima ödəmişdir və aliment borcu yoxdur. Eyni zamanda cavabdeh bildirir ki, o, uşağının iki dəfə həkim müayinəsində özü şəxsən iştirak edib və ödənişləri edib. Həmçinin cavabdeh oğlu ilə daima maraqlanır, oğlu ilə ünsiyyətdə olur. Lakin qızı cavabdehlə heç bir ünsiyyət yaratmır. Qeyd edilənlər əsasında nümayəndə iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1975-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1974-cü ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 31.07.2005-ci ildə, X5 22.02.2009-cu ildə anadan olmuşlar. Hər iki uşağın atası Cavabdeh, anası İddiaçı qızıdır. Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən tərəflər arasındakı nikahın ləğv edilməsi barədə akt qeydi 07 noyabr 2018-ci ildə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2505/1019 saylı, 16.04.2019-cu il tarixli qərarı ilə müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5890/18 saylı, 05 iyul 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqlarının iddiaçının yanında saxlanmaları və uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3623/18 saylı, 16 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, uşaqların saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının yuxarıda qeyd edilən qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarına X4 tibbi xidmətlərin göstərilməsi və bununla bağlı ödəniş məbləğləri barədə sənədlər, həmçinin ödəniş qəbzləri əlavə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. Məhkəmə iddiaçının qazancını, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3623/18 saylı, 16 noyabr 2018-ci il tarixli qətnaməsinin qəbulundan 3 ilə yaxın müddət keçdiyi və ötən bu müddət ərzində insanların maddi tələbatlarında və yaşayış minimumunda dəyişikliklər baş verdiyi üçün həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalıdır. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilsə də, həmin məbləğdə alimentin ödənilməsi öhdəliyini bunun üçün zəruri vəsaitə malik olub-olmadığını müəyyən etmədən yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 130 manat məbləğində müəyyən edilməlidir. Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (81.1.). Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur (81.2.). Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (81.3.). İşə əlavə edilmiş X4 tibbi xidmətlərin göstərilməsi və bununla bağlı ödəniş məbləğləri barədə sənədlər, həmçinin ödəniş qəbzlərindən göründüyü kimi X4 müxtəlif tibbi xidmətlər göstərilmiş və bununla bağlı ödənişlər edilmişdir. İddiaçı bununla bağlı ümumilikdə 1317,6 manat xərc çəkdiyini bildirir və həmin məbləğin yarısının cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Həmin sənədlər əsasında uşağa göstərilmiş tibbi xidmətlərin ümumi dəyərinin iddia ərizəsində göstərilmiş məbləğdən də bir qədər çox olduğu müəyyən edilir. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, X4 göstərilmiş tibbi xidmətlərin dəyəri olan 1317,6 manatın yarısı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin uşağa göstərilmiş tibbi xidmətlərə çəkilmiş xərclərin bir qisminin ödəməsi barədə cavabdehin nümayəndəsinin bildirdikləri ilə bağlı qeyd edilməlidir ki, nümayəndə bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə nümayəndənin həmin dəlilini əsassız hesab edir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 22 fevral 2009-cu il təvəllüdlü X5 və 31 iyul 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2018-ci il tarixli, 2(105)-3623/18 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı qızının xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hər ay, hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat məbləğində müəyyən edilsin. 22 fevral 2009-cu il təvəllüdlü X4 göstərilmiş tibbi xidmətlərlə bağlı iddiaçı tərəfindən ödənilmiş 1317,6 manat məbləğində pulun yarısı, yəni 658 (altı yüz əlli səkkiz) manat 80 (səksən) qəpik pul Cavabdeh tutularaq İddiaçı qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-8345/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8345/2021
09.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver