Məhkəmə qərarları › İş №2(060)-835/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-835/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-835/2021 01.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 716.50 ABŞ dolları əsas borc, 592.93 ABŞ dolları faiz borcu və 440 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1749.43 ABŞ dolları kredit borcunun və dövlət rüsümu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı “X3” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, kreditor "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən biznes xərcləri üçün 24 ay müddətinə, illik 27% ödəmək şərti ilə 3000.00 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4-cü maddəsinə görə "Zamin"in bu müqavilənin 4.1. bəndinə əsasən və Zaminlik müqaviləsinin 3-cü bəndinin 3.1., 3.2. bəndlərinə əsasən təminatı ilə "Borcalan"a bu müqavilənin 2.2. bəndində nəzərdə tutulan məbləğdə və 6.1. bəndində nəzərdə tutulan faizlə "Borcalan"a kredit verir. "Borcalan" isə öz növbəsində bu müqavilənin 6.2. və 7.3. bəndlərinə əsasən "Krediti və ondan istifadəyə görə faizləri bu müqavilə ilə müəyyən olunmuş müddətlərdə "Borcverən"ə qaytarır". Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasındakı danışıqlardan sonra "03" mart 2016-cı il tarixində xx xxxx 2015-ci il tarixində bağlanmış BN-244 saylı Kredit Müqaviləsinə dəyişikliklərin edilməsi barədə əlavə razılaşma №1 ilə borcalana verilmiş kredit üzrə faiz dərəcəsi illik 22 %-ə endirilmiş, "19" iyul 2016-cı il tarixində xx xxxx 2015-ci il tarixində bağlanmış BN-244 saylı Kredit Müqaviləsinə dəyişikliklərin edilməsi barədə əlavə razılaşma №2 ilə kreditin müddəti xx.xx.2018ci il tarixinədək uzadılmış və kredit üzrə faiz dərəcəsi illik 20 %-ə endirilmiş və "16" dekabr 2016-cı il tarixində xx xxxx 2015-ci il tarixində bağlanmış BN-244 saylı Kredit Müqaviləsinə dəyişikliklərin edilməsi barədə əlavə razılaşma №3 ilə borcalana verilmiş kredit üzrə faiz dərəcəsi illik 15 %-ə endirilmişdir. Lakin bu tarixdən sonra da borclu kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə borclunun xx xxxxxxxx 2020-ci il tarixinə Kredit müqaviləsi üzrə "xxxx" MMC- yə 716.50 (yeddi yüz on altı ABŞ dolları 50 sent) ABŞ dolları əsas borc, 592.93 ABŞ dolları faiz, 440.00 ABŞ dolları cərimə, cəmi 1749.43 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən kreditor Cavabdeh1 biznes xərcləri üçün 24 ay müddətinə, illik 27% ödəmək şərti ilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, eyni zamanda kredit müqaviləsinin təminatı kimi iddiaçı «xxxx» MMC ilə digər Cavabdeh2 arasında BN-244/1 satlı, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zaminlik müqavilərinin şərtlərinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə, zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. İş materiallarında olan arayışından görünür ki, Cavabdeh1 iddiaçı «xxxx» MMC-yə 716.50 ABŞ dolları əsas borc, 592.93 ABŞ dolları faiz borcu və 440 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1749.43 ABŞ dolları məbləğində kredit borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəlləsinin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 440 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 20 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 716.50 ABŞ dolları əsas borc, 592.93 ABŞ dolları faiz borcu və 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1329.43 ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsümu iddiaçı «xxxx» MMCnin xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 716.50 ABŞ dolları əsas borc, 592.93 ABŞ dolları faiz borcu və 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1329.43 ABŞ dolları kredit borcu ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və 30 manat dövlət rüsümu iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar