Məhkəmə qərarları › İş №2(060)-8386/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8386/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8386/2021 26.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, cavabdeh Zamin2 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh və qeyrilərinə qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh, Zamin2 və Zamin1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 6,19 manat əsas borc, 3,03 manat faiz borcu, 749,17 manat cərimə olmaqla, cəmi 758,39 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 24.10.2014-cü il tarixli, KM037T03170021S01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə iddiaçı tərəfindən 24 ay müddətinə 12740 ABŞ dolları məbləğində kredit verilmişdir. 03.03.2017-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konertasiya edilməklə 3341,28 manat müəyyən edilmiş, kreditin müddəti 03.06.2018-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh kredit verilərkən Zamin2 və Zamin1 ilə bank arasında zaminlik müqaviəsi bağlanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh və Zamin1 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Zamin2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh onun bacısı, digər cavabdeh isə anasıdır. Bankdan kredit götürülən zaman banka qızıl-zinət əşyaları girov qoyulmuşdu. Borc ödənilmədiyi üçün iddiaçı həmin əşyaları satışa çıxardı. Qızıllar “Moskva Univermağında” satıldı və borc 2016-cı ildə bağlandı. Onunların banka heç bir borcu yoxdur. Həmçinin tələb üzrə iddia müddəti ötmüşdür. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh qzı xx.xx.1979-cu ildə, Mingəçevir şəhərində anadan olmuşdur. O, hazırda Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana- 9, 2 paralel küçə, məhəllə 9 ünvanında qeydiyyatdadır. Zamin2 xx.xx.1981-ci ildə, Zamin1 isə xx.xx.1957-ci ildə anadan olmuşlar. Bakı Apellyasiya Məhkəməsinin İnzibai-İqtisadi Kollegiyasının 2-1(103)-3194/17 saylı, 27 dekabr 2017-ci il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu onun ləğvedicisi təyin edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 24.10.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə, illik 28%-lə, 12740 ABŞ dolları kredit vermişdir. İddiaçı ilə cavabdehlər Zamin2 və Zamin1 ilə arasında bağlanmış eyni tarixli zaminlik müqavilələrinə əsasən onlar Cavabdeh bank qarşısında öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə 13.07.2015-ci il tarixli və 03.03.2017-ci il tarixli əlavə sazişlərə əsasən kreditin müddəti 03.06.2018-ci ilə kimi uzadılmışdır. Eyni tarixlərdə zaminlik müqavilələrinə də əlavə sazişlər imzalanmışdır. İddiaçı tərəfindən verilmiş 29.03.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 19.02.2021-ci il tarixinə banka olan borcu əsas məbləğ üzrə 6,19 manat, 3,03 manat faiz, 749,17 manat cərimə olmaqla, cəmi 758,39 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə 15 sentyabr 2020-ci il tarixli bildiriş (pretenziya) göndərilmişdir. İş materiallarında olan mədaxil qəbzinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi cavabdeh 24.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Yasamal filialından kredit götürmüş, lakin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş bu səbəbdən banka əsas, faiz və cərimə borcu qalmışdır. Bu səbəbdən iddiaçı əsas, faiz borcunun və cərimənin cavabdehdən tutulmasını xahiş edir. Eyni zamanda cavabdeh məhkəməyə ərizə tədim edərək mübahisəyə iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi və əlavə sazişlərə əsasən kreditin müddəti 03.06.2018-ci il tarixində bitmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edildiyindən iddiaçı cavabdehdən borcu 03.06.2021-ci ilə qədər tələb edə bilərdi. Lakin iddiaçı məhkəməyə 28.09.2021-ci ildə müraciət etmişdir. Cavabdeh bu səbəbdən mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən və cavabdeh mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyindən mübahisəyə iddia müddəti tətbiq edilməli və iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 qarşı 6,19 manat əsas borc, 3,03 manat faiz borcu, 749,17 manat cərimə olmaqla, cəmi 758,39 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar