Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8395/2021 30.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1, Cavabdeh2 Əmirmət qızının, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əmirmət qızına qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əmirmət qızına qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əmirmət qızından müştərək qaydada 72000 (yetmiş iki min) manat məbləğində borc pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, X1 16 may 2016-cı il tarixdə qardaşı Cavabdeh1 aralarında yazılmış müqaviləyə əsasən ona 72000 manat borc pul vermişdir. Müqaviləyə əsasən cavabdeh pulu 5 il müddətinə yəni, 16 may 2021-ci il tarixinə qədər qaytarmalı idi. Lakin müddət keçsə də qaytarmamışdır. Hazırda o, öz arvadı ilə gizlincə əlbir olaraq boşanma görüntüsü yaratmaq adı ilə iddiaçıya məxsus evi ələ keçirməyə və iddiaçıya olan borcunu verməməyə çalışır. Buna görə də məhkəməyə müraciət edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, Cavabdeh1 onun qardaşı Cavabdeh2 Əmirmət qızının isə Cavabdeh1 arvadı olduğunu qeyd etmişdir. İzahat verərək bildirmişdir ki, Şərif 2016-cı ilin may ayın 16-da ondan 72000 manat borc almışdır, bu barədə borc müqaviləsi tərtib edilmiş, həmin müqaviləyə o, Şərif və şahid qismində X4 imza etmişlər. Müqavilə ilə yanaşı Şərif pulu aldıqdan sonra pulun alınmasına dair müvafiq qəbzidə imzalamışdır. Şərif borcu ondan 5 il müddətinə alsada, həmin müddət tamam olmasına baxmayaraq qaytarmır. İddia qaldırmamışdan əvvəl Şərifin digəq şəxsdəndə külli miqdarda borc aldığını və qaytarmadığını bilmişdir. Məhkəmənin sualına cavab olaraq qeyd etmişdir ki, Şərifin ondan borc almasını sonuncunun arvadı Lalənin bilib bilməməsini dəqiq deyə bilmir, Laləni ona görə cvabdeh qoyubdur ki, Şərif ondan borc alan zaman Lalə ilə ar-ardad olaraq birgə yaşamışlar və ona görə də, borcu birlikdə qaytarmalıdırlar. Şərif qumar oyunlarına meyilli adamdır, ondan aldığı borcu özünün qumar borclarına qaytarıb, bir qismini isə qumar oynayaraq xərcləyibdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müadfiə etdi. Bildirdi ki, İddiaçı ilə Cavabdeh1 arasında 16 may 2016-cı ildə bağlanmış müqaviləyə əsasən Şərifə 72000 manat borc pul vermişdir. Lakin 5 il müddət keçməsinə baxmayaraq cavabdeh borcunu qaytarmamışdır. Müqavilə cavabdehin borc aldığının sübutudur, cavabdeh pul almağa meyillidir, belə məsələlər mütəmadi olmuşdur. Hətta hazırda cavadehə qarşı məhkəmədə digər iddialarda vardır, həmin iddialardan biri Laçın Bədəlov adlı şəxsin iddiasıdır, Şərif ondan notarial qaydada müqavilə bağlayaraq 83800 manat borc alaraq qaytarmamışdır. Şərif iddiaçıdan borc alaraq öz ailəsinə xərcləmiş və digər borclarını qaytarmışdır. Ona görədə, hesab edirlər ki, borc həm Şərifdən həmdə Cavabdeh2 tutulmalıdır. Bununla yanaşı qeyd etdi ki, Şəriflə Lalə borcun qaytarılmasından yayınmaq üçün nikahlarını pozmuşlar, lakin faktiki olaraq birlikdə yaşayırlar, Lalə Şəriflə əvvəlcədən razılaşdıraraq iddiaçının pulunu və mənzilini ələ keçirmək qərarına gəlmişlər. Həmin mənzil mübahisəssi zamanı hazırki iddiaçı pul tələbi ilə müstəqil tələb irəli sürən şəxs kimi çıxış etmək üçün ərizə verərərkən, həmin ərizə məhkəmə tərəfindən geri qaytarılmasına baxmayaraq, Şərif ərizədə olan tələbi, yəni hazırki tələblə eyni tələbi, etiraf etmişdir. Lakin hazırda borcu qaytarmaqdan yayınmaq üçün müxtəlif əsassız bəhanələrlə borc almadığını göstərir. İddiaları tam əsaslıdır. Cavabdeh1 müqavilə bağlayaraq iddiaçıdan 72000 manat borc alıb, eyni zamanda pulu alarkən şahidin iştirakı ilə müvafiq qəbz imzalayıbdır. Cavabdeh tərəfin təqdim etdiyi "xxxx" ASC-dən Cavabdeh1 adına verilmiş arayışa və qəbzlərə münasibətdə qeyd etdi ki, iddiaçı Almaniyadan Azərbaycana avtomobil gətirərək ticarəti ilə məşğul olur, həmin ticarətə Cavabdeh1də cəlb etmək istəyib ki, sonuncu qazanc edərək borclarını ödəsin, bununla əlaqədar Şərifin onda olan etibarnaməsi əsasında Şərifin adına bank hesabı açaraq öz vəsaitini ora əvvəlcə mədaxil sonra isə məxaric edib ki, Şərifə viza verilməsi üçün Almaniya səfirliyinə müvafiq arayış verə bilsinlər. Odur ki, iddianın tam həcmdə təmin edilməsini xahiş edirlər. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi, iddiaçıdan borc almadığını bildirərək qeyd etdi ki, arvadı Cavabdeh2 ona qarşı əmlak bölgüsünə dair iddia qaldırdığı vaxt, 18 avqust 2021-ci il tarixdə məhkəmə prosesindən çıxdıqdan sonra qardaşı, yəni İddiaçı onu çağıraraq bildirmişdir ki, “gəl yoldaşını qorxudaq, guya 2016-cı ildə məndən borc pul almısan, xərcləmisən”. Onlar birlikdə Yavərin vəkilinin ofisinə getmiş, orada Yavər Laləyə təzyiq olsun deyə ona müqaviləyə qol çəkdirmişdir. Müqaviləni vəkil yazmış, guya 2016-cı ildə tərtib edilmişdir. Lakin müqaviləni imzalasada, bu müqavilə həqiqi deyil, həmin ildə müqavilə olmamış və o, borc almamışdır. Bundan başqa Şərif onu aldatmışdır ki, onun mənzilini alacaq və buna görə də, Şərif onun adına hesab açaraq oraya müəyyən vəsait daxil etmişdir. Şərif həmin hesabı onun adından etibarnamə əsasında açmış və hesaba mədaxil edilmiş vəsait Şərifə məsus olmuşdur. O, nə Şərifdən nədə ki, Laçın Bədəlov adlı şəxsdən borc almamışdır. Buna görə də iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Əmirmət qızı iddia tələbini qəbul etməyərək bildirdi ki, bildiriş gəldikdə ona məlum olmuşdur ki, guya Şərifin 72000 borcu var, onun yarısını Şərif, yarısını o özü ödəməlidir. Şərifdən bu barədə soruşduqda, borc almadığını, ona təziq olsun deyə yalandan müqaviləyə qol çəkdiyini söyləmişdir. Lakin bu barədə xəbəri olmadığını, nə özünün nə də Şərifin borc almadığını bildirərək, iddia tələbinin əsassız olduğunu bildirdi. Buna görə də iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək qeyd etdi ki, Cavabdeh2 heç vaxt iddiaçıdan borc almamışdır, Cavabdeh1 isə borc alıbalmaması barədə onu deyə bilər ki, bir müddət əvvəl Şərif Laləyə demişdir ki, onların arasında mənzil mübahisəsi olarkən qardaşı Yavər Laləyə təziq etmək üçün onunla olmayan borca dair müqavilə bağlamışdır, ancaq əslində o, Yavərdən borc almamışdır. İddia tələbin rədd edilməsini xahiş edirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əmirmət qızının iddiaçı tərəfindən məhkəməyə dəvət edilməsi xahiş edilmiş və şahid qismində məhkəmə tərəfindən dindirilimiş X4 bildirdi ki, İddiaçı onun tanışıdır 2016-cı ilin may ayında Yavər onunla əlaqə yaradaraq borc verəcəyi zaman şahid qismində iştirak etməyini xahiş etdi. O, Yavərin bu təklifi ilə razılaşdı və ona məlum oldu ki, Yavər qardaşı Şərifə borc verəcək. Onlar birlikdə Sumqayıt şəhər məhkəməsinin köhnə binasının yaxınlığında yerləşən hüquq xidmətləri göstərən yerə gedərək, orada Yavərlə Şərif onu şahidliyi ilə borc müqaviləsi imzaladırlar. Bundan sonra Yavər Şərifə 72000 manat pul verdi və Şərif pulu aldıqdan sonra qəbzdə imzaladı. Həmin qəbzi Şəriflə yanaş Yavər və oda imzaladılar. Sonradan söhbət əsnasında başa düşmüşdür ki, Yavər Şərifə borcu sonuncunun öz təsərrüfatını inkişaf etdirmək üçün vermişdir. Məhkəmə, tərəflərin izahatını, şahidin ifadəsini, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -16.05.2021-ci il tarixli borc müqaviləsindən görünür ki, borc alan borc verənə 72000 manat məbləğində borc verməyi, borc alan isə, həmin məbləği qəbul etməyi və razılaşdırılmış müddətdə qaytarmağı öz öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilənin 3.2.1-ci bəndinə əsasən borc 16 may 2021-ci il tarixədək tam həcmdə geri qaytarılmalıdır. Müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələr, bir qayda olaraq danışıqlar vasitəsi ilə həll edlir. 5.2-ci bəndinə əsasən tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilmədikdə, Azərbaycan respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında baxılacaqdır. - 16.05.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 qardaşı Yavərdən 72000 manat pul aldığını imzası ilə təsdiq etmişdir. - iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış 20.09.2021-ci il tarixli pretenziyadan görünür ki, cavabdehlər borcun ödənilməsi tələbi barədə xəbərdar edilmişlər. - "xxxx" ASC-nin Almaniya səfriliyinə təqdim edilməsi üçün verdiyi 27 aprel 2021-ci il tarixli 57 saylı arayışından görünür ki, Cavabdeh1 hesabında 14616,32 avro vəsait vardır. - Cavabdeh1 ilə X5 arasında notarial qaydada bağlanmış 21.09.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc alan Cavabdeh1 borc verən X2 83800 manat borc almışdır. - Cavabdeh2 Əmirmət qızının nümayəndəsi və vəkili Nümayəndə2 təqdim etdiyi audio-video diskə baxış keçirilmişdir. Baxış keçirilərkən iddiaçının nümayəndəsi və cavabdehlər həmin diskdə olan audio və video yazıların bir qismində iddiaçı və cavabdehlərin səs yazılarının və video görüntülərinin, bir yazıda isə Cavabdeh1lə Laçın Bədəlov adlı şəxsin səs yazılarının olmasını etiraf etmişlər. Diskdə olan danşıqların əksəryyəti rus dilində biri isə tərəflərin etiraf etdiyinə görə ləzgi dilindədir. İddiaçının nümayəndəsi və cavabdehlər etiraf edirlər ki, həmin danışıqlar zamanı “ Şərif Yavərə dəfələrlə bildirir ki, bu nə oyundur mənim başıma açmısan, Yavər isə qeyd edir ki, heç bir oyun yoxdur, hər şey yaxşı olacaq, qanunçərçivəsində məsələlər həll ediləcək”. Tərəflər eyni zamanda etiraf edirlər ki, danışıqların heç birində Yavər konkret olaraq hazırki mübahisə üzrə Şərifin ona borcunun olmamasını və borc müqaviləsinin Laləyə təziq edilməsi üçün yazılması barədə heç bir söz deməmişdir. Məhkəmə işlə bağlı aşağıdakı normaların tətbiqini zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ - Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında qeyd edilir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş öhdəliklərin ər-arvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı hüquqi yanaşma bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyası, Ukrayna Respublikası, Qazaxstan Respublikasının məhkəmə təcrübəsində də mövcuddur. Belə ki, qeyd edilən ölkələrdə də ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır və məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin maddənin 3-cü bəndinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Sübutların toplanması məhkəmələrin yox, tərəflərin (iddiaçının, cavabdehin və s.) üzərinə qoyulmuşdur. MPM-nin 77.1-ci və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsi sübutetmə vəzifəsinin bölgüsünün ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin məvcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulması və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını sübut etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı 72000 manat məbləğində borc pul almış və müqavilə şərtlərini pozaraq 16 may 2021-ci il tarixdə pulu qaytarmalı olduğu halda qaytarmamışdır. Cavabdeh1 borc aldığı pulu məhz ailə ehtiyacları üçün sərf etdiyi müəyyən deyil. Cavabdeh2 Əmirmət qızının İddiaçı qarşısında hazırki iddia predmeti üzrə öhdəliyi mövcud deyil, 16 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə tərəf deyil. Məhkəmə hesab edir ki, Cavabdeh1 münasibətdə iddia tələbi təmin edilməli Cavabdeh2 Əmirmət qızına münasibətdə isə iddia tələbi rədd edilməldir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddia tələbi 500 manatdan artıq olduğu üçün Cavabdeh1 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 72000 (yetmiş iki min) manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulub İddiaçı verilməli iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 72000 (yetmiş iki min) manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elmir Hüseynov