Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-84/2021 31.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «işçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə» dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «işçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı MMC-yə vurulmuş 28.800 manat məbləğində maddi ziyanın, hüquqi yardım xərcləri üçün 250 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciətlə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, İddiaçı MMC və Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Cavabdeh İddiaçı MMC-də sürücü vəzifəsində çalışmışdır. Eyni zamanda xx xxxxxx 2018-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında iddiaçıya məxsus maddi sərvətlərin saxlanması və mühafizəsini təmin etmək məqsədilə “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Cavabdeh İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsi ilə şirkətə məxsus digər nəqliyyat vasitəsini arxa hissədən vurmuşdur. Baş vermiş hadisə nəticəsində İddiaçı MMC-yə 28.800 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı MMC tərəfindən dəymiş maddi ziyanın ödənilməsi üçün cavabdehə dəfələrlə müraciət edilmişdir. Lakin cavabdeh iddiaçıya dəymiş maddi ziyanın ödənilməsindən boyun qaçırır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanılmış və Cavabdeh İddiaçı MMC-də “sürücü” vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında şirkətə məxsus olan maddi sərvətlərin saxlanılması və mühavizəsini təmin etmək məqsədi ilə müqavilə bağlanmışdır. İş materiallarında olan Şıxaliyev Güloğlan tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli izahatdan görünür ki, o, **-JR-*** dövlət qeydiyyat nişanlı qoşqusu **-ZJ-*** ilə Dərbənd şəhərinə çatmamış cemkent postunda, postda dayanmadan keçmək qadağandır nişanında dayanarkən onun sürdüyü maşını arxadan **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobil arxa sol tərəfdən vurmuş və nəticədə sağ tərəfi və sol qapı zədələnmişdir. Nəticədə 348 boş 410 qramlıq baltika butulkaları sınmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli izahatdan görünür ki, **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələrkən Dərbənd şəhərinin cimket qəsəbəsində hava çiskin və yağışlı olduğuna görə qabağındakı maşın stop edərkən ara məsafəsi az olduğuna görə arxa tərəfdən vurmuşdur. İşdə olan yol nəqliyyat hadisəsi barədə arayışdan görünür ki, qeyd olunan yol nəqliyyat hadisəsi Rusiya Federasiyasının DYP-də qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli zərər və hesablama aktından görünür ki, “Mercedes Benz” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 28.200 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/4668 nömrəli rəydən görünür ki, nəzəri hesablama yolu ilə, “xxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı, “Mercedes Benz” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 20961 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş ziyanın əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə ziyanın əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən ziyan dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real ziyan), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcləri üçün 250 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə gəldikdə isə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı tərəfindən hüquqi yardım xərcləri üçün 250 manat məbləğində pul vəsaitinin ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmiş və aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən alınaraq müvafiq olaraq iddiaçıya və dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 20961 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə verilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO1 **********00003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 20961 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO1 **********00003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE0000 000000********** hesabına köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-84/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-84/2021
31.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver