Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-84/2023 06.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilin təmirinə çəkilən xərcin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus Sumqayıt şəhəri, 9-сu mikrorayon, 27/10 saylı evdə yerləşən 6 saylı mənzilin əsaslı təmirinə çəkilən 20 000 manat xərсin 10 000 manatının və onun tərəfindən ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 16 noyabr 2001-ci il tarixdə Sumqayıt şəhər VVADQ şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. İddiaçı qaynanası X2 məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 27/10 saylı evdə yerləşən 6 saylı mənzilə gəlin köçmüşdür. Özünə məxsus olan cehiz əmlakını da bu ünvanda yaşayan ailə üzvlərinin razılığı ilə onlara ayrılan yaşayış sahəsinə yerləşdirmişdir. İddiaçı ilə cavabdehin birgə nikahdan olan 12 oktyabr 2002-ci il təvəllüdlü Xankişizadə Kənan və 21 aprel 2011-cı il təvəllüdlü Xankişizadə Hüseyn adlı övladları var. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1426/2020 qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında olan rəsmi nikaha xitam verilmişdir. Onlar həmin vaxtdan ayrı yaşayır, birgə təsərrüfat idarə etmirlər. Onlar birgə yaşadıqları dövr ərzində öz vəsaitləri hesabına qayınanaya məxsus mənzildə 2020-ci ilin əvvəllərində əsaslı təmir işləri aparmışlar. Mənzilin əsaslı təmirinə 20000 manat məbləqində vəsait xərclənib. xx.xx.2021-ci il tarixdə iddiaçının qaynanası S.Ə.Novruzova vəfat etmişdir. Hal-hazırda mənzilin mülkiyyətçisi cavabdehdir. Nikah dövründə ər-arvadın ümumi vəsaiti hesabına əsaslı təmirin aparılması nəticəsində həmin əmlakın dəyərini xeyli artıran vəsait onların birgə mülkiyyətləri sayılmalıdır. Buna baxmayaraq cavabdeh mənzilə çəkilən xərclərin ər-arvadın birgə əmlakı kimi tanımır. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmədə cavabdehə qarşı mənzilin əsaslı təmirinə çəkilən xərcin tələbi ilə bağlı iddia qaldırmışdır. Cavabdeh həmin iddia tələbini qəbul etmir. İddiaçı tərəfindən təmir işlərinin aparıldığını iddia etdiyi mənzil cavabdehin anası X2 məxsusdur. İddiaçı həmin mənzilə 2001-ci ildə gəlin gəlmiş və bu mənzildə yaşamışdır. Qeyd edilən mənzildə cavabdehin mərhum anasının və onun 1-ci növbə vərəsələri olan övladlarının vəsaiti ilə təmir işləri aparılmışdır. Həmin təmir işləri aparılan vaxt isə iddiaçı bu mənzildə yaşamamışdır. Ümumiyyətlə iddiaçı ilə cavabdehin münasibətləri artıq 2019-cu ildən tamamilə pozulmuş və həmin vaxtdan onlar bir yerdə yaşamırlar. İddiaçı iddia tələbində qeyd etdiyi kimi Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 6a/8, mənzil 30-da yaşayır və özünə məxsus olan əmlakların bir qismini həmin mənzilə aparmaqla 4 ildir ki, bu mənzillə bütün əlaqəsini kəsmişdir. Bundan başqa mənzil sahibi S.Novruzova hələ sağlığında iddiaçıya qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə əsasən iddia tələbi təmin olunmuşdur. Cavabdeh iddiaçı ilə birgə nikahda olduğu vaxt qeyd edilən mənzili təmir etdirməmiş və bu mənzil onun mülkiyyətçisi olan anası tərəfindən təmir etdirilmişdir. Bu işdə cavabdehin bacıları da maddi köməklik göstərmişdir. İddiaçı cavabdehin anasına məxsus mənzildə guya onların birgə vəsaitləri hesabına 2020-ci ilin əvvəllərində təmir işlərinin aparıldığını qeyd edir. Əvvəla həmin vaxt cavabdeh iddiaçı ilə faktiki olaraq bir yerdə yaşamırdı. Belə ki, onların münasibətləri pozulmuşdu və iddiaçı başqa ünvanda qalırdı. Digər tərəfdən bunun nəticəsi olaraq məhkəmədə nikahın pozulması barədə məhkəmə mübahisəsi gedirdi və bunun da davamı olaraq xx.xx.2020-ci ildə arakarında olan nikah ləğv edilmişdir. İddiaçı özü də məhkəmədə münasibətlərinin uzun müddət bundan qabaq pozulduğunu, ayrı yaşadıqlarını, birgə təsərrüfat idarə etmədiklərini qeyd etmişdir. Təmir işləri də məhz həmin ərəfədə getmiş və bu təmir işlərində iddiaçının iştirakı olmamış və o bu işlərin kim tərəfindən, hansı vəsait hesabına aparılmasından və təmirə çəkilən xərcdən məlumatsız olmuşdur. Ümumiyyətlə götürdükdə bu mənzildə elə bir əsaslı təmir işləri getməmiş və aparılan işlərin məbləği heç 8000 manat belə etmir. Mənzilin təmirinə çəkilən xərc onların birgə əmlakları olmamış, ümumiyyətlə cavabdehin mənzili təmir etdirməyə imkanı olmamışdır. Belə ki, onun qazancı uşaqlarının maddi ehtiyaclarını çətinliklə ödəyir və hazırda da hər iki uşaq cavabdehin himayəsindədir. Birgə yaşadıqları müddətdə də iddiaçı heç vaxt evə 1 manat da olsun pul gətirməmiş və öz qazancını ayrı yığmışdır. Bundan başqa cavabdeh "xxxx" ASC-dən birgə nikah dövründə 2014-cü ildə 20000 ABŞ dolları məbləğində kredit götürmüş və həmin vəsaiti hələ də ödəyə bilməmişdir. Bu vəsaitin cavabdehdən tutulması barədə məhkəmə qətnaməsi də vardır. Cavabdehin banka borcu olduğu halda mənzildə vəsaiti hesabına təmir işləri aparmağı heç bir məntiqə uyğun deyil. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında bildirdi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 27/10 saylı evdə yerləşən 6 saylı mənzildə tərəflər, onların uşaqları və cavabdehin anası yaşayıb. Sözügedən mənzil cavabdehin anasının mülkiyyətində olmuşdur. Cavabdehin anası vəfat etdikdən sonra həmin mənzil cavabdehin mülkiyyətinə keçmişdir. Mənzildə təmir işləri 2020-ci ilin əvvəllərində aparılmışdır. Həmin vaxt tərəflər arasında nikah pozulmamışdı və iddiaçı həmin mənzildə yaşayırdı. Ekspert rəyi ilə razı deyil. Ekspert rəy tərtib edərkən mənzilin köməkçi sahələrinə çəkilən xərcləri nəzərə almayıb. Bundan başqa ekspert mənzildə aparılmış elektrik və santexnik işlərinə çəkilən xərcləri də nəzərə almayıb. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, mənzil mərhum anasının mülkiyyətində olub. Onun anası vəfat etdikdən sonra mənzili övladları olaraq faktiki qəbul etmişlər. Lakin hazırda vərəsəlik şəhadətnaməsini almaq üçün müraciət etməmişlər. Mənzildə əvvəllər onunla iddiaçı, onların övladları, onun anası və bacısı yaşayıblar. İddiaçı ilə 2020-ci ilin sentyabrında nikahları pozulub. Həmin ilin yay aylarında evi yüngül təmir etdirmişlər. Həmin təmir işləri üçün bacısı və anası xərc çəkmişlər. O, yalnız təmir işlərinin təşkil edilməsini həyata keçirib. Lakin, işsiz olduğu üçün təmirə hər hansı xərc çəkməyib. İddiaçı ilə münasibətləri hələ bundan 2 il əvvəl pozulmuşdu və həmin vaxtlar iddiaçı həmin mənzildə yaşamırdı. Bu səbəbdən iddiaçı da mənzilin təmirinə hər hansı xərc çəkə bilməzdi. Qeyd edilənlərə əsasən cavabdehin iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1975-ci ildə, cavabdeh isə xx.xx.1971-ci ildə anadan olmuşlar. Tərəflərin hər ikisi ünvan 1 ünvanında qeydiyyatdadırlar. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1426/2020 saylı qətnaməsi ilə tərəflər arasında xx.xx.2001-ci ildə bağlanmış nikah pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-1021/2021 saylı qətnaməsi ilə X1 iddiaçıya qarşı kompensasiya verilməklə istifadə hüququna xitam vermə və mənzildən çıxarma barədə iddiası təmin edilmiş, iddiaçıya 7500 manat məbləğində kompensasiya verilməklə onun Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 10/27-də yerləşən 6 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi və mənzildə olan əmlakları ilə birlikdə çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7357 nömrəli ekspert rəyində göstərilmişdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 27/10 saylı evdə yerləşən 6 saylı mənzildə təqdim olunmuş işlər üzrə aparılmış tədqiqat nəticəsində, həmin işlərin görülməsi üçün sərf olunan vəsaitin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 4974 manat olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, cavabdeh onun qardaşıdır. İddiaçı onun qardaşının keçmiş həyat yoldaşı olub. Həmin mənzildə tərəflər, cavabdehin atası, anası və kiçik bacısı yaşayıb. Anaları 2021-ci ildə vəfat edib. Həmin vaxt evdə cavabdeh və uşaqları yaşayırdı. Mənzildə bir neçə dəfə təmir işləri görülüb. Təmir işləri sonuncu dəfə təxminən 2020-ci ilin yay aylarında aparılıb. İddiaçı təmir işləri aparılmazdan təxminən 1 il əvvəl mənzili tərk edib. Təmir işləri aparılarkən evdə iddiaçının bəzi cehiz əşyaları qalmışdı. İddiaçı həmin mənzildə qeydiyyatda olduğu üçün anası mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmışdı. Mənzilin təmir xərcini anası və cavabdeh çəkmişlər. Cavabdeh fərdi əməklə məşğul olurdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, cavabdeh qardaşı, iddiaçı isə keçmiş gəlinləridir. Mənzildə təmir işləri 2020-ci ilin yay aylarında aparılıb. Həmin mənzildə iddiaçı, cavabdeh, onların uşaqları və anaları yaşayıb. 2021-ci ilin əvvəllərində iddiaçı mənzili tam şəkildə tərk edib. Evin təmir xərcləri cavabdeh tərəfindən çəkilib. Cavabdehin rəsmi iş yeri olmayıb. O, fərdi işlə məşğul olurdu. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (225.1). Nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (225.2.). Oxşar normalar Azərbaycan Respublikasının Ailə Məcəlləsində (bundan sonra – Ailə Məcəlləsi) də nəzərdə tutulmuşdur. Həmin Məcəlləyə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (32.1.). Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) (32.2.1.) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (32.2.2.). İddiaçı cavabdehlə nikahda olduqları dövrdə birgə vəsait hesabına ünvan 1-da təmir işləri apardıqlarını bildirir və həmin vəsaitin yarısının cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Qeyd edilməlidir ki, ər-arvadın ümumi birgə mülkiyyəti yaranmasının kökündə əmlakın ər-arvadın birgə nikahları dövründə, onların birgə təsərrüfat aparmaları nəticəsində əldə etmələri dayanır. Hazırkı iş üzrə cavabdeh mübahisəli torpaq sahəsinin hələ nikaha daxil olmazdan əvvəl onun istifadəsində olmasına əsaslanmışdır. Cavabdeh iddiaya etirazında iddiaçı ilə nikahlarının 2020-ci ilin sentyabr ayında pozulmasına baxmayaraq, hələ xeyli əvvəl birgə təsərrüfat aparmadıqlarını, həmçinin onun mənzilin təmirinə heç bir xərc çəkmədiyini bildirir. Məhkəmə hesab edir ki, tərəflərin nikahlarının pozulmasında hələ xeyli müddət əvvəl iddiaçının mənzili tərk edərək getməsi barədə cavabdehin dəlilləri əsassızdır. Belə ki, cavabdehin anası X3 xx.xx.2020-ci il tarixində Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuş iddia ərizəsində hazırkı iş üzrə iddiaçıya kompensasiya verilməklə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 27/10 saylı evdə yerləşən 6 saylı mənzildən istifadə hüququna xitam verilməklə, həmin mənzildən çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində iddiaçının mənzildə yaşadığını, onunla yola getmədiyini, evdə dava-dalaş saldığını bildirmişdir. Buradan belə çıxır ki, hələ 2020-ci ilin oktyabrında iddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, 27/10 saylı evdə yerləşən 6 saylı mənzildə yaşayırmış. Eyni zamanda məhkəmə iclasında ifadə vermiş şahid Natəvan Hacıyeva öz ifadəsində iddiaçının 2021-ci ilin əvvəllərinədək Sumqayıt şəhəri, 9-cu mikrorayon, 27/10 saylı evdə yerləşən 6 saylı mənzildə yaşadığını bildirmişdir. Beləliklə tərəflərin nikahları pozulanadək bir mənzildə yaşadıqları və birgə təsərrüfat apardıqları iş materialları ilə tam sübuta yetirilir. Cavabdehin işləmədiyi və mənzilin təmirinə heç bir xərc çəkmədiyi ilə bağlı dəlillərinə gəldikdə qeyd edilməlidir ki, məhkəmə iclasında ifadə vermiş hər iki şahid cavabdehin fərdi əməklə məşğul olduğunu və mənzilin təmir xərclərini çəkdiyini bildirmişlər. Göründüyü kimi Sumqayıt şəhəri, 9-cu mikrorayon, 27/10 saylı evdə yerləşən 6 saylı mənzil tərəflərin nikahda olduqları dövrdə, onların birgə vəsaitləri hesabına təmir etdirilmişdir. Mülki Məcəllədə həmçinin göstərilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (1092.1.). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (1092.2.). Göründüyü kimi tərəflər birgə vəsaitləri heabına Sumqayıt şəhəri, 9-cu mikrorayon, 27/10 saylı evdə yerləşən 6 saylı mənzildə təmir işləri aparmışlar. Mənzillə bağlı iddiaçının hazırda hər hansı hüququ yoxdur. Beləliklə iddiaçının məhrum olması hesabına cavabdeh əsassız varlanmışdır. Ekspert rəyində mənzilin təmirinə çəkilmiş xərc 4974 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, həmin məbləğin yarısı, yəni 2487 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 120 manat dövlət rüsumunun 30 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2487 (iki min dörd yüz səksən yeddi) manat pul və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-84/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-84/2023
06.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver