Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8405/2021 04.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 04 noyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqavilənin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 9430, 24 manat məbləğində əsas borcun, 1101,73 manat məbləğində faiz borcunun, 200,5 manat məbləğində cərimə borcunun, cəmi 10732,47 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 29.09.2020-ci ii tarixli kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 22% olmaqla 10500 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsini qəbul edərək bildirdi ki, həqiqətən onunla İddiaçı ASC arasında 29.09.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə bank ona 10500 manat məbləğində kredit vermişdir. Əslində məsələ başqa cür olmuşdur. Belə ki, o, bankdan götürdüyü pulu Nuriyev Fuad adlı başqa bir şəxsə borca vermişdir. Bununla bağlı onların arasında kredit müqaviləsi də bağlanmışdır. Fuad ona ödəniş edərkən o, banka olan borcunu hər ay ödəmişdir. Fuad ödənişlərini dayandırdıqdan sonra banka olan borcunu ödəyə bilməmişdir. Hazırda Fuad adlı şəxsdən şikayətçi olmuşdur, onun axtarışları ilə məşğuldur. Fuad ona olan borcunu ödəyən kimi o da banka olan borcunu ödəyəcəkdir. Hazırda yeni işə daxil olmuşdur və hər ay 600-800 manat məbləğində maaş alacaqdır. O, banka olan borcunu ödəməkdən yayınmır. Hər ay banka maaşına uyğun olaraq 200 manat ödəniş edə bilər. İndiki vəziyyətdə banka olan borcunu birdəfəlik ödəmək onun imkanı xaricindədir. Cavabdeh qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının nümayəndələrinin iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan 22.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 29.09.2020-ci il tarixli kredit müqaviləsi üzrə 9430,24 manat məbləğində əsas borc, 1101,73 manat məbləğində faiz borcu və 200,5 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan 29.09.2020-ci il tarixli Kredit Sazişindən görünür ki, borclu Cavabdeh İddiaçı ASC tərəfindən illik 22 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 10500 manat məbləğində nağd pul krediti verilmişdir. İş materiallarında olan 08.09.2021-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 29.09.2020-ci il tarixli kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış 29.09.2020-ci il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh kreditor İddiaçı ASC-nin xeyrinə 9430,20 manat əsas və 1101,73 manat faiz borcunun tutulması hissəsində iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 200,5 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 50 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (əsas hissədə) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-6.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 29.09.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 9430,24 (doqquz min dörd yüz otuz manat iyirmi dörd qəpik) manat məbləğində əsas borc, 1101,73 (bir min yüz bir manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 10581,97 (on min beş yüz səksən bir manat doxsan yeddi qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-8405/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8405/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver