Məhkəmə qərarları › İş №2(060)-8410/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8410/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8410/2021 04.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə 04 noyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 30 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6878,45 manat əsas borc, 1512,08 manat faiz borcu, 0 manat cərimə və kredit müqaviləsi üzrə 29 iyul 2021-ci il tarixdən, 17 sentyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 45,6 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 8436,13 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 30 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 30 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 30.07.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 17.09.2021-ci ilədək Cavabdeh1 banka 30 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6878.45 manat əsas borc, 1512.08 manat faiz borcu, kredit müqaviləsi üzrə 29 iyul 2021-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 45,6 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 8436,13 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə iddiaçı məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbi ilə bağlı bildirdi ki, "xxxx" İKB ASC-dən illik 30 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. Pandemiya ilə əlaqədar ödənişlərini edə bilməmişdir. O, bankla əlaqə saxlayaraq yeni qrafik tərtib edilməsini və ödənişlərini yeni qrafik əsasında etməsini xahiş etmişdir. Bank isə ona borcunun 50 faizini ödədikdən sonra yeni qrafik tərtib edə biləcəyini bildirmişdir. Hazırkı vəziyyətdə isə bu mümkün deyil. Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh2 iş materiallarında olan poçt ünvanına məlum səbəblərdən məktub göndərilməsi mümkün olmamış, eyni zamanda cavabdehin adına elektron informasiya sistemində əlaqə nömrələri müəyyən edilməmişdir. Bu səbəbdən də Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsi mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanılmış 30 iyul 2019-cu il tarixli, 4-MZ-1-0-765-19 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən (Bank) 24 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 30 iyul 2019-cu il tarixli, 4-MZ-1-0-765-19 saylı nömrəli zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh1 24 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmiş və sözügedən müqavilənin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi imzalanmışdır. İşdə olan 17.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı "xxxx" X2 ASC ilə Cavabdeh1 arasında bağlanılmış 30 iyul 2019-cu il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh1 banka 6878,45 manat əsas borc, 1512,08 manat faiz borcu və kredit müqaviləsi üzrə 29 iyul 2021-ci il tarixdən, 17 sentyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 45,6 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 8436,13 manat borcu yaranmışdır. İşdə olan 25.08.2021-ci il tarixli, KBD-13736 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq ünvanlanmışdır. Kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 10000 manat məbləğində pulu "xxxx" İKB ASC-dən qəbul etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 30 iyul 2019-cu il tarixli kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqavilələrində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 6878,45 manat əsas borcun və 1512,08 manat faiz borcunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə, qeyd edilənlərə istinad edərək, hesab edir ki, 29.07.2021-ci il tarixdən 17.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 45,6 manat məbləğində borcun cavabdehdən tutulması hissəsində də iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 30 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6878,45 (altmış min səkkiz yüz yetmiş səkkiz manat qırx beş qəpik) manat əsas borc, 1512,08 (bir min beş yüz on iki manat səkkiz qəpik) manat faiz borcu və kredit müqaviləsi üzrə 29 iyul 2021-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 45,6 (qırx beş manat altmış qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 8436,13 (səkkiz min dörd yüz otuz altı manat on üç qəpik) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar