Məhkəmə qərarları › İş №2(060)-8444/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8444/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8444/2021 23.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 600 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 630 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə əvvəllər onun məsul vəzifədə işlədiyi “Metal Baza” adlanan müəssisənin fəhlələrini mülkiyyətində olan nəqliyyat vasitəsi ilə həmin müəssisəyə daşımaqla məşğul olarkən tanış olmuşdur. Cavabdeh həmin müəssisədə təsərrüfat müdiri işləməklə metal qəbulu ilə məşğul olmuşdur. 2016-cı ildə o, çəkisi 2 ton qara metalı cavabdehə satmış, cavabdeh, hər kəsdən metal aldığı üçün o da həmin 2 ton metalı ona ölçdürüb təhvil vermişdir. Onlar həmin 2 ton metalı 600 manat dəyərində qiymətləndirmişdirlər. Razılaşmaları belə olmuşdur ki, bir neçə həftəyə metalın dəyəri olan 600 manatı cavabdeh ona verəcəkdir. Cavabdeh işlədiyi müəssisədə daimi bu işlə məşğul olduğu üçün o, cavabdehə etibar edərək 600 manat dəyərində həmin metalı ona təhvil vermişdir. Lakin, 1-2 həftə keçdikdən sonra cavabdeh ona bildirmişdir ki, bir az çətinliyi var pulu bir neçə müddətə ödəyəcəkdir. Bir müddət sonra cavabdeh hər dəfə bir bəhanə etməyə başlamışdır. Bir neçə il belə davam etdikdən sonra cavabdeh ondan möhlət istəmiş və bildirmişdir ki, müəssisənin müdiri olan Əsgər adlı şəxslə danışacaq və onun pulunu qaytaracaqdır. Cavabdehin daimi olaraq ondan 600 manat pulun qaytarılmasına möhlət istədiyini nəzərə alaraq o, cavabdehə belə bir şəraiti yaratmaq məcburiyyətində qalmışdır. Bundan sonra cavabdehin onun pulunu qaytarmayacağını görüb, o, 2019-cu ildə şifahi olaraq Sumqayıt şəhər Polis İdarəsinin Polis Bölməsinə müraciət etmiş, Polis Bölməsindən ona bildirmişdirlər ki, bu məsələ mülki iş olduğundan, mülki qaydada məhkəməyə müraciət etməlidir. Sonuncu dəfə 2020-ci ildə o, yenə də cavabdehə müraciət etdikdə cavabdeh ona yenə də müəssisənin müdiri olan Əsgər adlı şəxslə danışacağını və pulun qaytarılacağını demişdir. Eyni zamanda pulun qaytarılması üçün Əsgər adlı şəxsin mobil telefon nömrəsini də ona vermişdir. Həmin Əsgər adlı şəxslə danışarkən sonuncu ona bildirmişdi ki, müəssisə İran Respublikasında fəaliyyət göstərir və pandemiya şəraitində hələ iş olmadığına görə həmin pulu qaytara bilmirlər, metala görə borclu olduqları 600 manat pulu qaytaracaqlar.Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. 15.10.2021-ci il tarixdə Cavabdeh tərəfindən məhkəməyə ərizə verilmişdir. Ərizədə bildirilmişdir ki, o, 2016-cı ildə Sumqayıt köhnə Metal Bazada yerləşən əritmə şikətində işləmişdir. Onlar həmin şirkətə fəhləni aparıb gətirən avtobus sürücüsü İddiaçı 2 ton (məbləğ 600 manat) metal alıb əritməyə vermişdirlər. Şirkətdə yaranan şərait çətinləşdiyindən həmin 600 manat pul bu günə qədər ödənilməmişdir. Hazırda İddiaçı həmin pulu ondan tələb edir. İddiaçı israr edir ki, həmin metalı o çəkib qəbul etdiyindən, həmin məbləği də o ödəməlidir. O, şirkətdə fəhlə kimi işləmişdir. Odur ki, iddia əsassızdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. O, eyni zamanda məhkəmə tərəfindən ona cavabdehin əsl cavabdehlə əvəz olunması barədə edilən təklifi qəbul etmədiyini, cavabdehin işlədiyi müəssisənin deyil, Cavabdeh iş üzrə cavabdeh qismində saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı 23.12.2021-ci il tarixli ərizəsindən görünür ki, o, məhkəmə tərəfindən ona cavabdehin əsl cavabdehlə əvəz olunması barədə edilən təklifi qəbul etmədiyini, Cavabdeh iş üzrə cavabdeh qismində saxlanılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı cavabdehin işlədiyi müəssisəyə metal qırıntıları vermiş, bunun müqabilində həmin müəssisənin iddiaçı qarşısında 600 manat borc öhdəliyi yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş –müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. Məhkəmə tərəfindən iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi izah və təklif olunsa da, o, buna etiraz etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Odur ki, Cavabdeh iddiaçı qarşısında hazırki tələb üzrə öhdəlik daşımadığından iddia ona münasibətdə əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 600 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 630 manat pulun tutularaq ona ödənilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar