Məhkəmə qərarları › İş №2(060)-8450/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8450/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8450/2021 16.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 016CASA191840001 nömrəli, 03 iyul 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyəti-nə 9803,28 manat əsas kredit borcunun, 6,68 manat kreditdən istifadəyə görə faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 9839,96 manat borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış 03.07.2019-cu il tarixli, 016CASA191840001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 1 % faizlə, 60 ay müddətinə 10,926 manat kredit verilmişdir. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Rzayev Həsənbala Şahəli oğlu ilə bank arasında bağlanmış 03.07.2019-cu il tarixli zaminlik müqavilələrinə əsasən, onlar kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. Lakin Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməmiş, kredit müqaviləsinin şərtlərini dəfələrlə yerinə yetirməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması xahiş olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış 03.07.2019ci il tarixli, 016CASA191840001 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 1 % faizlə, 60 ay müddətinə 10,926 manat kredit verilmişdir və cavabdeh öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. - Cavabdeh3, Cavabdeh4 və Rzayev Həsənbala Şahəli oğlu ilə Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 03.07.2019-cu il tarixli zaminlik müqavilələrinə əsasən, onlar kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. -Həmin kredit müqaviləsinin 3.1.2-ci bəndindən görünür ki, ödəniş cədvəli ilə müəyyən edilmiş qaydada kredit borcunu banka ödəmədikdə bank bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl xitam verə və verilmiş krediti bu müddətə qədər hesablanmış faizi və vurulmuş zərərin əvəzinin qaytarılmasını tələb edə bilər. -İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 03.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 sözügedən kredit müqaviləsinə əsasən 9803,28 manat əsas, 6,68 manat faiz borcu olmaqla, cəmi 9809,96 manat borcu yaranmışdır. - pretenziya məktublarından görünür ki, cavabdehlər öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında onlardan pul tələb olunması barədə xəbardarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 Əlimşa qızına 60 ay müddətinə, illik 1 % dərəcəsi ilə 10926,60 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 03.07.2019-cu il tarixli, 016CASA191840001 saylı kredit müqaviləsi bağlanmışdır. Borcun təminatı üsulu kimi Cavabdeh3, Cavabdeh4 və Rzayev Həsənbala Şahəli oğlu ilə bank arasında bağlanmış 03.07.2019-cu il tarixli zaminlik müqavilələrinə əsasən, onlar kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Nəticədə cavabdehin iddiaçıya 9803,28 manat əsas, 6,68 manat faiz borcu olmaqla, cəmi 9809,96 manat borcu yaranmışdır. Odur ki, iddia tələbi əsas və faiz borcunun cavabdehlərdən tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa,zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 03.07.2019-ci il tarixli kredit müqaviləsinin tələblərini pozaraq, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 03.07.2019-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehlərdən müştərək qaydada vaxtından əvvəl tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə iddia tələbinin müqavilənin birtərəfli qaydada xitam edilməsi hissəsini araşdıraraq, hesab edir ki, borcluya pulun geri qaytarılması ilə bağlı bildirişlə müraciət olunaraq, pulun geri qaytarılması tələb edildiyinə görə iddiaçı tərəfindən pretenziya qaydalarına riayət olunmuşdur. Qeyd olunan bildirişləri məhkəmə müqavilənin birtərəfli qaydada xitam edilməsi üçün təklifə bərabər tutur. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehlərdən müştərək qaydada ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 016CASA191840001 nömrəli, 03 iyul 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 9803,28 manat əsas kredit borcu, 6,68 manat kreditdən istifadəyə görə faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9839,96 manat pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 016CASA191840001 nömrəli, 03 iyul 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 9803,28 manat əsas kredit borcu, 6,68 manat kreditdən istifadəyə görə faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9839,96 manat pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar