Məhkəmə qərarları › İş №2(060)-8461/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8461/2021

22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8461/2021 22.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 251.81 manat borcun, 37.77 manat cərimə borcunun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs “X1” ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 1500 manat dəyərində nisyə aldığı malın 100 manatını ilkin ödəniş olaraq ödəmiş, qalıq 1400 manatını müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə fiziki şəxs “X1” arasında imzalanan faktorinq müqaviləsi və ona əlavə olunan sazişə əsasən Fiziki şəxs “X1”-nin cavabdehə qarşı olan 1400 manat məbləğindəki tələb hüququ iddiaçıya keçmişdir. Eyni zamanda tələb hüququnun iddiaçıya keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh sonuncu dəfə 09.09.2021-ci ildə ödəniş etmişdir. Cavabdehin bu günə 251.81 manat əsas borcu, 37.77 manat cərimə borcu yaranmışdır. Odur ki, İddiaçı QSC məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Fiziki şəxs “X1” ilə cavabdeh arasında bağlanmış 25.11.2019-cu il tarixli, PVS000012 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1500 manat dəyərində nisyə aldığı malın 100 manatını ilkin ödəniş olaraq ödəmiş, qalıq 1400 manatını müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 nömrəli əlavəyə əsasən cavabdeh ilk ay 78 manat, sonuncu ay isə 74 manat ödəniş etməli idi. - 25.11.2019-cu il tarixli təhvil-təslim aktına əsasən cavabdeh alqı-satqı qiyməti 1500 manat olan əşyanı Fiziki şəxs “X1”-dən qüsursuz vəziyyətdə təhvil almışdır. - İşdə olan 21.10.2019-cu il tarixli R-223/19 saylı faktorinq müqaviləsi və ona əlavə olunan sazişə əsasən fiziki şəxs “X1” tələbetmə hüquqlarını iddiaçıya güzəşt etmişdir. - 20.09.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən cavabdehin əsas borc üzrə 251.81 manat, cərimə borcu üzrə 37.77 manat olmaqla, cəmi 289.58 manat məbləğində borcu qalmışdır. - Cavabdehə məxsus hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən son ödəniş 09.09.2021-ci il tarixdə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, fiziki şəxs “X1” ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və o həmin müqavilədə nəzərdə tutulmuş əşyanı cavabdehə vermişdir. Cavabdeh müqaviləyə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə 251.81 manat borcu qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Fiziki şəxs “X1” ilə Cavabdeh arasında bağlanmış 25.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 25.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin 2.4.4-cü bəndindən görünür ki, alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürür. Müqavilədən görünür ki, tərəflər müqavilə ilə dəbbə pulunu müəyyənləşdirmişlər və tələb olunan məbləğ nəzərdə tutulan penya həcminə uyğundur. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 251.81 manat əsas borc, 37.77 manat cərimə borcu, 20 manat məbləğində ödənilmiş dövlət rusumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar