Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-853/2023 28.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, İddiaçı vəkili Vəkil2, Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 50000 manat və ödənilmiş 240 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu Belçikada yaşayır. İddiaçı 2013-cü ildə oğlundan 2 ədəd avtomaşın göndərməsini xahiş etmişdir. Bundan sonra oğlu 2 ədəd - “Opel Zafira” və “Audi A6” markalı avtomaşın göndərmişdir. İddiaçı “Audi Zafira” markalı avtomaşını gömrük rüsumlarını ödədikdən sonra öz adına sənədləşdirmişdir. Lakin “Audi A6” markalı avtomaşının gömrük rüsumlarını ödəməyə imkanı olmamışdır. İddiaçı tanıdığı insanlardan maşını rəsmiləşdirmək üçün maddi kömək göstərmələrini xahiş etmiş və bildirmişdir ki, maşını sənədləşdirib satandan sonra pullarını qaytaracaqdır. Bunu eşidən çoxdan tanıdığı və yaxın münasibətlərdə olan Cavabdeh bildirmişdir ki, rüsum xərclərini ödəməkdə iddiaçıya kömək edə bilər. Onlar belə razılaşmışdır ki, rüsum xərclərini çəkəcək, maşını rəsmiləşdirib satandan sonra pulunu qaytaracaqdır. Bu məqsədlə Nazimlə birlikdə gömrüyə getmiş, Nazim bütün xərcləri ödəmiş, amma etibarlı olmaq üçün təklif etmişdir ki, maşını onun adına rəsmiləşdirmişdir. İddiaçı cavabdehin inamsızlığını görərək maşını Nazimin adına rəsmiləşdirmişdir. Bundan sonra iddiaçı bir neçə dəfə maşına müştəri tapsa da, Nazim hər dəfə maşının alqı-satqısı üçün notariat kontoruna gəlməkdən yayınmışdır. İddiaçı anlamışdır ki, maşın Nazimin xoşuna gəlib, maşını vermək istəmir,ona görə də hər dəfə bir bəhanə taparaq alqı-satqıya gəlmək istəmir. Sonra isə öyrənmişdir ki, hələ iddiaçı maşını satmaq üçün müştərilər axtaran vaxtı Nazim həmin maşını qızının toyunda bir hədiyyə kimi qızına bağışlamış və maşını da qızının adına rəsmiləşdirmişdir. Bundan sonra iddiaçı cavabdehdən maşının pulunu tələb etməyə başlamışdır. Nazim isə hər dəfə bir bəhanə gətirərək maşını və pulunu qaytarmaqdan imtina etmişdir. Ya maşına görə xərcinin çox çıxdığını və həmin xərc elə maşının dəyərinə bərabər olduğunu söyləmiş, ya da vaxtilə iddiaçının ondan borc alıb gecidkirdiyinə görə onların əvəzini çıxdığını və sairə bildirmişdir. Cavabdehlə aralarındakə münasibətlər əvvəllər çox yaxşı olduğuna, həm də ortaq dostları olduğuna görə illərlə hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Onun dostlarına və qohumlarına təklif etmişdir ki, bu işi sülh yolu ilə, polis, məhkəmə olmadan öz aralarında həll etməkdə köməklik etsinlər. Onlar da həqiqətən Nazimə bu barədə söyləmiş, irad bildirmişlər ki, Mirqəriblə razılaş,bu işi sülh yolu ilə həll elə,amma nəticəsi olmamışdır. Nəhayət məcbur olub 2020-ci ildə polisə bu barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Sumqayıt şəhər Pİ TŞ-də təhqiqat zamanı Cavabdeh həqiqətən də bu ərizədə göstərdiklərini təsdiq etmiş və bildirmişdir ki, maşının gömrük və dayanacaq xərclərinə çox pulu çıxıb, sonradan isə 2000 manat da maşının təmirinə pul xərcləmişdir,ümumilikdə 9000 manat xərci çıxmışdır, ona görə də iddiaçıya pul verməmişdir. Təhqiqatçı E.Quliyevin xx.xx.2020-ci il tarixli qərarı ilə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar qəbul edilmiş və göstərilmişdir ki, tələb mülki xarakterlidir və iddiaçı məhkəməyə müraciət etməlidir. İddiaçı cavabdehin əməllərində cinayət tərkibi görsə də, yenə də köhnə münasibətlər və ortaq dostlar xətrinə qərardan şikayət verməmişdir. İddiaçı yenə də gözləmişdir ki, bəlkə bundan sonra Nazim tərsliyindən əl çəkib insafa gələcək və pulunu verəcək. Lakin 2 il də gösləsə də xeyri olmamış, cavabdeh iddiaçıya çatası pulu qaytarmamışdır. Ona görə də məcbur olub məhkəməyə müraciət edir. Həmin vaxt iddiaçının gətirdiyi avtomaşının bazar dəyəri 30000 ABŞ dolları olmuşdur. Hazırda həmin dəyərin manat qarşılığı 50000 manat edir. Hətta bu illər ərzində pulunu qanunsuz olaraq saxladığı üçün ondan həmin pulun saxlanması üçün faizləri də( illik 5 faiz olmaqla) tələb edə bilər, amma onu da etmir, yalnız maşının dəyəri olan 50000 manatı tələb edir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək 2(060)-8244/2022 saylı mülki iş üzrə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiasına iddia müddəti tətbiq edilməklə həmin iddia rədd edilməsi, iddiadan imtina barədə qərar çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia Ərizəsinə qoşma olaraq yalnız 2 sənəd-təhqiqatçı E.Quliyevin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020- ci il tarixli Qərarın surətini və Dövlət rüsumu barədə qəbzi əlavə etmişdir. İddiaçı ilk növbədə həmin avtomobilin ona mülkiyyət hüququ əsasında məxsus olduğunu təsdiq edən mötəbər sübutlar əsasında müvafiq iddia sürmək üçün subyektiv hüquqa malik olduğunu izah etməli, əsaslandırmalı və sübuta yetirməlidir. İddiaçı həmin avtomobilin ona mülkiyyət hüququ əsasında məxsus olduğunu təsdiq edən mötəbər sübutlar əsasında müvafiq iddia sürmək üçün subyektiv hüquqa malik olduğunu sübuta yetirməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi oğlunun kim olmasını (oğlu barədə onun şəxsiyyətini təsdiq edən məlumatları və həmin şəxsin onun oğlu olmasını təsdiq edən sənədləri), xaricdən göndərildiyini qeyd etdiyi avtomobillərin kimin adına olmasını və kimin adından kimin adına göndərilməli olduğunu, həmin avtomobillərin məhz onun adına, özü də hansı sənədlər əsasında göndərilməsini, həmin avtomobillərin Azərbaycan Respublikasında kimin adına ilkin olaraq qeydiyyata alınmasını izah etməmiş və əsaslandırmamış və bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının iddia etdiyi məbləğdə olan bir avtomobil üçün 9 ildən çox (polis orqanının müvafiq qərarından isə 2 ildən çox) müddət gözlədikdən sonra müvafiq iddia ilə məkəməyə müraciət etməsi heç bir halda məntiqli və inandırıcı hesab edilə bilməz. Həmin avtomobilin razılaşdırılmış dəyəri tam olaraq ödənilmişdir. Göründüyü kimi, iddiaçı müvafiq iddianın verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsini etiraf etmişdir, lakin müddətin üzürlü səbəbdən ötürülməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və iddiaçının bu barədə dəlilləri yalnız heç bir əsası olmayan və heç bir bir sübutla təsdiq edilməyən, uydurma və tamamilə yalan xarakter daşıyan subyektiv mülahizələrdən ibarət olmuşdur. Hesab edir ki, qeyd edilən müddət heç bir üzürlü səbəb olmadan ötürüldüyünə və ötürülmüş müddətin üzürlü hesab edilməsi üçün heç bir mötəbər sübut təqdim edilmədiyinə görə bəhs edilən mülki iş üzrə iddiaçının cavabdehə qarşı “pul tələbinə dair” iddiasına iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, iddia ərizəsinə uyğun izahat verib iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 iddia tələbini qəbul etmədi. Bildirdi ki, “Audi A6” markalı avtomobilin iddiaçıya heç bir aidiyyəti yoxdur, Baş Dövlət Yol Polisi İdarəsindən sorğuya cavab olaraq gələn məktubda da avtomobilin iddiaçıya məxsus olması ilə bağlı heç bir məlumat öz əksini tapmamışdır. Gömrük vəsiqəsində Qasımov Bəhruzun adı yazılmışdır, belə ki, avtomobil Qasımov Bəhruzun olmuşdur. Avtomobil sonradan cavabdehin qızı X7 adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilmişdir. Avtomobilin alqı-satqı müqaviləsi əsasında cavabdehin qızının adına rəsmiləşdirilməsi onu təsdiq edir ki, cavabdeh avtomobilin dəyərini tam şəkildə ödəmişdir. İddiaçının vəkili tərəfindən təqdim edilən X3 İddiaçı verdiyi ƏN-İ №330810, 12 yanvar 2013-cü il tarixli etibarnamə isə ümumi xarakter daşıyır, belə ki, səlahiyyətlər xüsusi olaraq qeyd olunmalı olduğu halda, qeyd olunmamışdır. İddiaçının “Audi A6” markalı avtomobilə dair hüququnu təsdiq edən sübutu olmadığından, bundan əlavə, iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, İddiaçı bibisinin oğludur. Mirqəribin oğlu 2 ədəd avtomobili onun adına göndərmişdir. “Opel Zafira” markalı avtomobili özü gedib gətirmiş, digər “Audi A6” markalı avtomobili isə işləri ilə əlaqədar gətirə bilməmiş, etibarnamə verdiyi şəxs gətirmişdir. Mirqəribə mülki qaydada etibarnamə vermişdir ki, avtomobilləri sənədləşdirə bilsin. Baş Dövlət Yol Polisi İdarəsinə getməmiş, sonradan sistemdə avtomobillərin onun adından çıxarıldığını görmüşdür. Mirqərib avtomobilləri özünün gətirə bilməyəcəyini bildirərək, qohum olduqlarından, bundan əlavə xarici pasport və vizası olduğundan avtomobilləri gətirməyi Bəhruzdan xahiş etmişdir. İşi ilə əlaqədar gedə bilmədiyindən “Audi A6” markalı avtomobili gətirmək üçün sürücüyə etibarnamə vermişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh hərəkətlərində cinayət tərkibli əməl olmadığına görə həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-EG-*** qeydiyyat nişanlı, AUDİ-A6 minik markalı nəqliyyat vasitəsinin sahibi X8r. ƏN-İ № 330810, xx.xx.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, X1 Mirqərib Miryahya oğluna etibarnamə iə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi etibar etmişdir. ƏN-İ № 341087, xx.xx.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, X2 Nazim Əmir oğluna etibarnamə iə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi etibar etmişdir. DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarından görünür ki, **-EG-*** qeydiyyat nişanlı, AUDİ-A6 minik markalı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixində X3 adına qeydiyyata alınmış, xx.xx.2013-cü ildə qeydiyyatdan çıxmışdır. xx.xx.2013-cü il tarixində **-EG-*** qeydiyyat nişanlı, AUDİ-A6 minik markalı nəqliyyat vasitəsi AB949751 saylı alqı-satqı müqaviləsi əsasında X7 adına qeydiyyata alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İş materialları ilə müəyyən olunur ki, mübahisəli, “AUDİ A6” minik markalı, **-EG-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdə 470861 (ANGİ) nömrəli gömrük vəsiqəsi əsasında X3 adına qeydiyyata alınmış, xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X7 adına rəsmiləşdirilmişdir. Göründüyü kimi hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ İddiaçı aid olmadığı halda o, hazırki iddianı qaldırmışdır. İddiaçı Miryəhya oğlu sadəcə X3 ona verdiyi etibarnamə əsasında etibar edilən şəxsdir. Bununla da məhkəmə qeyd edir ki, hazırki iddia tələbi iddia qaldırmaq hüququ olmayan şəxs tərəfindən qaldırıldığından təmin edilə bilməz. İddiaçı Miryəhya oğlu hazırki mübahisəinin predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul oluna bilməz, bu isə o deməkdir ki, cavabdehə qarşı iddianı tələb hüququ olmayan şəxs irəli sürmüşdür. İddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, tərəflərin irəli sürdükləri digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir - Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. İddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə münasibətdə məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəyə əsaslanaraq iddia müddətinin tətbiq edilməsinin zəruri olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 50000 manatın və ödənilmiş 240 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh 50000 manatın və ödənilmiş 240 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-853/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-853/2023
28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver