Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8541/2021 17.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16.000 (on altı min) manat borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 21 oktyabr 2017-ci ildə o, cavabdehlə Sumqayıt şəhər, 6 saylı Notariat kontorunda kredit müqaviləsi bağlamışdır. Kredit müqaviləsinə əsasən, cavabdehə 16.000 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin pulu ona 21.06.2020-ci ilədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin puldan cavabdeh müqavilə bağlandıqdan bir ay sonra cəmi 500 manat pul ödəmişdir. Qalan borcu hal-hazırki vaxta kimi qaytarmamışdır. Dəfələrlə ona xəbərdarlıq etməyinə baxmayaraq, hələ də ondan pulunu ala bilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh məhkəməyə müraciət etdikdən sonra ona 300 manat və bu gün də 300 manat ödəmişdir. Cavabdeh tərəfindən hazırki vaxtadək cəmi 1100 manat ödəniş olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddianı qismən qəbul edir, o, iddiaçıdan 16.000 manat borc pul almışdır. Həmin məbləğdən ayrı-ayrı vaxtlarda 500 manat, 300 manat və 300 manat qaytarmışdır. Hazırda iddiaçıya olan borcu 14900 manat təşkil edir və həmin borcu ödəməkdən imtina etmir, hissə-hissə borcu qaytaracaqdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş 21.10.2017-ci il tarixli notariat qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı (borc verən) Cavabdeh (borc alan) 16000 (on altı min) manat məbləğində pul borc verir. “Borc alan” isə krediti 21.06.2020-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər aralarında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibəti yaranış, borclu üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Məhkəmə araşdırması zamanı borc məbləğindən ayrı-ayrı vaxtlarda cəmi 1100 manat ödəniş olduğu, qalan məbləğin qaytarılmadığı müəyyən edilməklə hər iki tərəf həmin halı mübahisəsiz olaraq təsdiq etdi. Məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsi ilə bağlı münasibətlər yarandığından mübahisə Mülki Məcəllənin 21-ci fəslində təsbit olunmuş «Öhdəliklərin icrası» və «Borc» müqaviləsi ilə bağlı müddəalar çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin şərh olunan hallarına hüquq normalarına istinadən qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 14900 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilməli, qalan 128 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 14900 (on dörd min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 (bir yüz iyirmi səkkiz) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-8541/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8541/2021
17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver