Məhkəmə qərarları › İş №2(060)-8558/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8558/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8558/2021 01.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 197.58 (yüz doxsan yeddi dollar əlli səkkiz sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 06.05.2016-cı il borcu 121.17 (yüz iyirmi bir dollar on yeddi sent) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 58.80 (əlli səkkiz dollar səksən sent) ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 266.45 (iki yüz altmış altı dollar qırx beş sent) ABŞ dolları cərimə borcunun, cəmi isə 644 (altı yüz qırx dörd) ABŞ dolları borcun və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia tələbini müdafiə edərək göstərdi ki, 06 may 2015-ci il tarixli İKM 01 saylı istehlak kredit müqaviləsinə əsasən, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin “Sumqayıt” filialı tərəfindən Cavabdeh1 12 (on iki) ay müddətinə illik 30 (otuz) % ödəmək şərti ilə 1923 (bir min doqquz yüz iyirmi üç) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 06.05.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər borclu Cavabdeh2 ilə 06.05.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 197,58 (bir yüz doxsan yeddi dollar əlli səkkiz sent) ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 06.05.2016-cı il tarixinə faiz borcu 121,17 (bir yüz iyirmi bir dollar on yeddi sent) ABŞ dolları müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 58,80 (əlli səkkiz dollar səksən sent) ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 266,45 (iki yüz altmış altı dollar qırx beş sent) ABŞ dolları, cəmi isə 644 (altı yüz qırx dörd dollar) ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 197.58 (yüz doxsan yeddi dollar əlli səkkiz sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 06.05.2016-cı il borcu 121.17 (yüz iyirmi bir dollar on yeddi sent) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 58.80 (əlli səkkiz dollar səksən sent) ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 266.45 (iki yüz altmış altı dollar qırx beş sent) ABŞ dolları cərimə borcunun, cəmi isə 644 (altı yüz qırx dörd) ABŞ dolları borcun və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, o, mağazadan 12 ay müddətinə LG markalı televizor almışdır. O, borc məbləğini tam ödəmişdir. Belə ki, o, aldığı məhsula görə aylıq ödənişləri mağazaya ödəniş etmişdir. Mağazanın əməkdaşı isə onun ödənişlərini mənimsəmişdir. Hazırda həmin şəxsin barəsində məhkəmə hökmü var. Hazırda onun iddiaçı təşkilata heç bir borcu yoxdur və buna görə də iddia tələbini əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında 06 may 2015-ci il tarixdə bağlanmış İKM 01 saylı istehlak kredit müqaviləsindən görünür ki, sonuncuya 12 ay müddətinə illik 30% olmaqla 971 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən borcverən 971 ABŞ dolları məbləğində pulu 12 ay müddətinə illik 30 % ödəmək şərti ilə borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 06 may 2015-ci il tarixdə bağlanmış 01 saylı Zaminlik müqaviləsindən görünür ki, 06.05.2015-ci il tarixli kredit müqaviləsinə əsasən öhdəliyin icrasının əsas təminatı kimi cavabdeh (zamin) Cavabdeh2 ilə İddiaçı ASC-nin “Sumqayıt” filialı arasında 06 may 2015-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə görə zamin kreditor qarşısında borcalan tərəfindən 06 may 2015-ci il 01 saylı kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə cavabdehlik daşıyır. İş materiallarında olan LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF tərəfindən verilmiş 22.09.2021ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 arasında bağlanmış 06.05.2015-ci il tarixli 2-1- **********02000T00603 saylı kredit müqaviləsi üzrə 17.09.2021-ci il tarixinə 197 (bir yüz doxsan yeddi) ABŞ dolları 58 (əlli səkkiz) sent əsas borcun, 121 (bir yüz iyirmi bir) ABŞ dolları 17 (on yeddi) sent, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 58 (əlli səkkiz) ABŞ dolları 80 (səksən) sent borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 266 (iki yüz altmış altı) ABŞ dolları 45 (qırx beş) sent cərimə borcunun, cəmi isə 644 (altı yüz qırx dörd) ABŞ dolları məbləğində borc təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 22.05.2018-ci il tarixli arayışın surətindən müəyyən edilir ki, Quliyev X4 rayonu, Novxanı kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 04.09.2018-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh2 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, M.F.Axundov küçəsi, ev 2-də qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında 06.05.2015-ci ildə bağlanmış kredit müqaviləsinə əsasən 12 ay müddətinə, illik faiz dərəcəsi 30% olmaqla 971 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilənin şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Nəticədə cavabdehlərin iddiaçıya 197,58 ABŞ dolları əsas borc, 121,17 ABŞ dolları məbləğində faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 58,80 ABŞ dolları və 266,45 ABŞ dolları cərimə borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa,zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 06.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 06.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərmək borcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Məhkəmə göstərilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, iddia faiz borcu, cərimə borc məbləği hissəsində tələb təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, 06.05.2015-ci il tarixli müqavilə üzrə borc tələbinin borclu ilə birlikdə zaminə qarşı yönəlməsi əsassızdır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının bitmə müddəti 12 ay, yəni 06.05.2016-cı ilə kimi olmuşdur. İddiaçı Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələblərinə əsasən iddia tələbini zaminə qarşı 06.05.2018-ci tarixədək irəli sürdükdə haqlı olardı. İş materiallarından görünür ki, iddiaçı 01.10.2021-ci ildə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ASC zaminə qarşı iddia tələbini qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra irəli sürdüyünə görə iddia İsmayılov Tofiq Rüfət oğluna aid olan hissədə təmin edilməməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-c il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 06.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə 197 (bir yüz doxsan yeddi) ABŞ dolları 58 (əlli səkkiz) sent əsas borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 06.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə 197 (bir yüz doxsan yeddi) ABŞ dolları 58 (əlli səkkiz) sent əsas borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar