Məhkəmə qərarları › İş №2(060)-8582/2021

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-8582/2021

19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8582/2021 19.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.920 manat pulun, mənəvi ziyan olaraq 10.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdehdən 14.895 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16.02.2021-ci il tarixdə onun azyaşlı uşağı xəstələnmiş, atası da ona və yoldaşına qaynanasıgilə getmələri barədə məsləhət bilmişdir. 16.02.2021-ci tarixdə təxminən günorta saatlarında o, yoldaşı və uşağı ilə evdən çıxmışdır. Atası 19.02.2021-ci il tarixdə səhər saat 11 radələrində evlərini tərk edib Lerik rayonuna getmişdir. Açarın bir nüsxəsi də atasında olmuşdur. İş yeri evlərinə yaxın olduğu üçün o, həm evə baş çəkmək, həm də uşağın əşyalarını götürmək üçün yaşadığı ünvana gəlmişdir. Qapı əvvəlki kimi rahat açılmamışdır. O, içəri girəndə bütün otaqların qapılarının açıq olduğunu görmüşdür. Heç nəyə əl vurmadan DİN-nin 102 xidmətinə zəng edib mənzilindən oğurluq olması barədə məlumat vermişdir. Hadisə yerinə dərhal polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Cavabdeh ona məxsus qızıl-zinət əşyalarını oğurlamışdır. Cavabdeh bu hərəkətləri ilə ona ziyan vurmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-266/2021 saylı, 07.07.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh AR CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 03 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Həmin hökmdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli qərarı CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli hökmü üzrə çəkilməmiş 05 ay 20 gün azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. - Həmin hökmdən görünür ki, Cavabdeh İddiaçı ümumilikdə 14.895 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən cavabdeh iddiaçıya 14.895 manat dəyərində ziyan vurmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və Cavabdeh buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 14.895 manat həddində olması iş materialları ilə təsdiq olunur. Məhkəmə məhkəmə xərcləri ilə bağlı hesab edir ki, iddia təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 14.895 manat məbləğində ziyan və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət edi: İddia təmin edilsin. Cavabdeh oğlundan 14.895 manat məbləğində ziyan və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar