Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-867/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuşdur. Kürdəmir rayonu, Atakişilər kəndində qeydiyyatdadır və hal-hazırda ünvan 1 mənzil 16 ünvanında yaşayır. O, Cavabdeh təxminən 1 ildən çoxdur ki, tanıyır. Belə ki, o, cavabdehin işlətdiyi “SKYLİFE” çay evində xidmətçi işləmişdir. Təxminən 1 il bundan əvvəl Cavabdeh ondan 3500 manat məbləğində borc pul istəmiş və tezliklə qaytaracağını ona söz vermişdir. O da 3500 manat məbləğində pulu cavabdehə borc vermişdir. Lakin Cavabdeh verdiyi sözə əməl etməmiş və ondan aldığı borcu ona qaytarmamışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 14:00 radələrində o, Elburusun işlədiyi Sumqayıt şəhəri 21-ci məhəllədə yerləşən çay evinə gedərək borcu qaytarmasını xahiş etmişdir. Lakin cavabdeh pulu ona verməmiş və onu nalayiq söyüşlərlə təhqir etmişdir. Daha sonra cavabdeh üstünə hücum çəkmişdir. O da məcbur olub DİN-nin 102 xidmətinə zəng edərək onun barəsində şikayət etmişdir. Şikayəti əsasında araşdırma aparılmış və həmin vaxt cavabdeh ondan 3500 manat məbləğində borc pul aldığını etiraf etmişdir. Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə cinayət işinin başlanılması rədd olunmuşdur. Sumqayıt şəhər Pİ-nin 4-cü PB-dən ona izah olunmuşdur ki, mülki qaydada məhkəməyə müraciət etməlidir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, 3500 manat məbləğində pul cavabdehdən alınıb ona verilməlidir. Həmçinin tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehə aid olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasnın rədd edilməsi haqqında qərarının məzmunundan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında araşdırma aparılmış və araşdırma zamanı dindirilən Cavabdeh izahatında göstərmişdir ki, Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yerləşən SKYLİF çay evini icarəyə götürüb işlədir, İddiaçı həmin çayxanada xidmətçi işləyib, təxminən 7-8 ay bundan əvvəl o, İddiaçı 3500 manat məbləğində borc pul almış, lakin maddi vəziyyəti ilə bağlı həmin pulu qaytara bilmir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında borc müqaviləsi bağlanmasa da borc münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Göründüyü kimi tərəflər arasında mübahisə doğuran hal götürülmüş borcun qaytarılması ilə bağlıdır. İddiaçı iddia tələbinin əsası olaraq iddia ərizəsinə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmiş cavabdehin izahatına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 740, 385.1, 442, 448.1-ci maddələrində ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddia təmin edilməli, 3500 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-867/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-867/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver