Məhkəmə qərarları › İş №2(060)-8801/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8801/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8801/2021 22.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 13.06.2020-ci il tarixli müqaviləsinə əsasən, LG markalı kondisioner üçün 2227 (iki min iki yüz iyirmi yeddi) manat 60 (altmış) qəpik ödənilməmiş hissə, 510 (beş yüz on) manat 90 (doxsan) qəpik dəbbə, ümumilikdə 2738 (iki min yeddi yüz otuz səkkiz) manat 50 (əlli) qəpik borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdeh, "xxxx" MMC ilə 13.06.2020-ci il tarixli müqaviləsinə əsasən LG markalı kondisioner almış və nəticədə 2738 (iki min yeddi yüz iyirmi səkkiz) manat 50 (əlli) qəpik borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.06.2020ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2358 (iki min üç yüz əlli səkkiz) manat 60 (altmış) qəpik (18 ay x 131 manat+0.6 manat ilkin ödəniş) LG markalı kondisioner üçün ümumilikdə 2738 (iki min yeddi yüz otuz səkkiz) manat 50 (əlli) qəpik olmaqla, ondan 2227 (iki min iki yüz iyirmi yeddi) manat 60 (altmış) qəpik ödənilməmiş hissə, 510 (beş yüz on) manat 90 (doxsan) qəpik dəbbə, cavabdehin cəmi ödədiyi məbləğ 131 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, 13.06.2020-ci il tarixli müqaviləsinə əsasən, LG markalı kondisioner üçün 2227 (iki min iki yüz iyirmi yeddi) manat 60 (altmış) qəpik ödənilməmiş hissə, 510 (beş yüz on) manat 90 (doxsan) qəpik dəbbə, ümumilikdə 2738 (iki min yeddi yüz otuz səkkiz) manat 50 (əlli) qəpik borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, iddiaçı təşkilatdan LG markalı kondisioner almışdır. Hazırda kondisioner xarabdır, işlək vəziyyətdə deyildir. Bu barədə iddiaçı təşkilata məlumat verilsə də, onlar tərəfindən heç bir tədbir görülməmişdir. Hazırda kondisioner yenisi ilə əvəz olunarsa, o ödənişlərini edəcəkdir. Hazırda iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İşə əlavə edilmiş 13.06.2020-ci il tarixli № 20349801 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 13.06.2020-ci il tarixdə 20349801 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 2358,6 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 20.09.2021-ci il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 13.06.2020-ci il tarixli müqavilə üzrə cəmiyyətə olan borcu əsas borcu üzrə 2227,6 manat, dəbbə borcu üzrə 510,9 manat, ümumilikdə 2738,5 manat ödənilməmiş hissə təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 17.08.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 1b/6, mənzil 30-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı cavabdeh X5 vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında 13.06.2020-ci il tarixindəki müqavilə üzrə icra edilməmiş borc olaraq əsas borc üzrə 2227,6 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, məhkəmə Cavabdeh 2227 (iki min iki yüz iyirmi yeddi) manat 60 (altmış) qəpik əsas borc, 50 (əlli) manat dəbbə pulu olmaqla, ümumilikdə 2277 (iki min iki yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2227 (iki min iki yüz iyirmi yeddi) manat 60 (altmış) qəpik əsas borc, 50 (əlli) manat dəbbə pulu olmaqla, ümumilikdə 2277 (iki min iki yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar