Məhkəmə qərarları › İş №2(060)-8839/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8839/2021

03.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8839/2021 03.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məhkəmə qaydasında tutulan alimnetin miqdarını dəyişərək 11 fevral 2010-cu il təvəllüdlü X2 və 22 avqust 2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2009-cu ildə faktiki nikaha daxil olaraq ailə qurmuş, birgə faktiki nikahlarından 11 fevral 2010-cu il təvəllüdlü X4 və 22 avqust 2011-ci il təvəllüdlü X5 doğulmuşdur. Bir müddət sonra cavabdehlə münasibətləri pisləşdiyi üçün ailə münasibətləri faktiki olaraq kəsilmiş və onlar ayrılmışdırlar. O, cavabdehdən aliment tutulmasına dair Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 15 may 2017-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, cavabdehdən 14 aprel 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində pulun tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə qəbul edilən zaman yaşayış minimumu və digər şərtlər əsas götürülmüşdür. Uşaqlar böyüdükcə xərclər də artmaqdadır. O məbləğdə aliment hazırkı reallıqda uşaqlarını saxlanmasına heç cür kifayət deyildir. Hazırda Azərbaycan Respublikasında 2021-ci il üçün “Yaşayış minimumu haqqında” qanununa əsasən, uşaqlar üçün 2021-ci ildə yaşayış minimumu 175 manat təşkil edir. Yuxarıda qeyd etdikərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, 2019-cu ilin yanvar ayından cavabdeh uşaqları ilə maraqlanmır, onlarla görüşmür, alimenti vaxtı vaxtında ödəmir. Bu səbəbdən cavabdehin müəyyən məbləğdə aliment borcu yığılmışdır. Bunu aliment hesabında dair Kapital Bankdan əldə etdiyi çıxarış da təsdiq edir. Ona görə də uşaqlarının maddi –mənəvi tələbatlarını ödəməkdə çətinlik çəkir. Hesab edir ki, cavabdeh ona dəstək olmalıdır. Çünki cavabdehin maddi vəziyyəti yaxşıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (poçt göndərişinin verilməsi haqqında SS747068194AZ saylı xəbərnaməyə əsasən) Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. Tərəflərin birgə nikahından 11 fevral 2010-cu il təvəllüdlü X4 və 22 avqust 2011-ci il təvəllüdlü X5 anadan olmuşdur (iş materiallarında olan AZ İİİ 934948 nömrəli və AZİİİ 606984 AZE seriyalı 18290734 və 18290735 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 15 may 2017-ci il tarixli, 2(060)- 7146/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, 11 fevral 2010-cu il təvəllüdlü X2 və 22 avqust 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 14.04.2017-ci il tarixdən başlayaraq Cavabdehdən hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 15 may 2017-ci il tarixli, 2(060)-7146/2017 saylı qətnaməsi qəbul olunduğu vaxt tərəflərin birgə nikahından olan uşaqların müvafiq olaraq 6, 7 yaşı olmuşdur. Hazırda isə onların 10 və 11 yaşları var. Bu isə uşağın saxlanılması üçün zəruri olan xərclərin artmasına səbəb olmuşdur. Həmçinin həmin qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü və cavabdehin maddi vəziyyətində əhəmiyyətli dəyişiklik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 15 may 2017-ci il tarixli, 2(060)-7146/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər uşaq üçün hər ay 130 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə, 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırda iddiaçı alimentin 200 manatdan 350 manata dəyişdirilməsini, yəni ayda 150 manat artırılmasını xahiş etmişdir. Beləliklə iddianın qiyməti 1800 (150 manat x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 38 (30+8) manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, alimentin dəyişdirilməsi tələbinə görə X8 dövlət rusumunu ödəməkdən azad edildiyindən, 38 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 10.09.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı - 25 manat Cavabdeh tutularaq iddiaçı X6 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsin 15 may 2017-ci il tarixli, 2(060)-7146/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 11 fevral 2010-cu il təvəllüdlü X2 və 22 avqust 2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat aliment tutularaq iddiaçı X6 ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin yarısı - 25 (iyirmi beş) manat tutularaq iddiaçı X6 ödənilsin. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar