Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-887/2022 10.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə 10 iyun 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və X1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3000 manat məbləğində əsas borc və 2004,7 manat faiz borcu olmaqla, cəmi 5004,70 manat borcun və 70,45 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 18 noyabr 2020-ci il tarixli, 200804-953659/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 22% dərəcəsi ilə 3000 (üç min (.00)) manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdeh - Cavabdeh2 arasında 18 noyabr 2020-ci il tarixli, 200804-953659/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 18 noyabr 2020-ci il tarixli, 200804-953659/1 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfındən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 06 dekabr 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3000 manat məbləğində əsas borcu və 2004.7 manat faiz borcu olmaqla, ümumilikdə 5004.7 (Beş min dörd (.7)) manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, ekspert rəyi ilə razı deyil. Hesab edir ki, ekspert tərəfindən faiz borcu düzgün hesablanmamış, faiz borcunun məbləği həddən artıq azaldılmışdır. Həmçinin faizlərin hesablanması qaydası rəydə göstərilməmişdir. Bundan əlavə qeyd edir ki, cavabdeh müqavilə bağlayarkən öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə faizlərin hesablanması şərtləri ilə razılaşır və müqaviləyə qol çəkir. Eyni zamanda bankın sistemi məhkəmə qərarı çıxarılana qədər faizləri hesablayır, yalnız məhkəmə qərarı çıxarıldıqdan sonra faizlərin hesablanması dayandırılır. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişlərə əsasən) bildiriş göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-cı maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 18 noyabr 2020-ci il tarixli, 200804-953659/1 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən illik 22 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. 18 noyabr 2020-ci il tarixli, 200804-953659/1 nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 kreditor qarşısında borclu Cavabdeh1 18 noyabr 2020-ci il tarixli, 200804- 953659/1 nömrəli istehlak krediti müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İşdə olan 06.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 06.12.2021-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə 3000 manat məbləğində əsas borcu, 2004,7 manat faiz borcu olmaqla, ümumilikdə 5004,7 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 353 gün təşkil edir. İşdə olan 29.03.2021-ci il tarixli, 200/200/0192/2021 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 yazılı bildiriş ünvanlanmışdır. İş materiallarında olan 18.11.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 3000 manat pulu İddiaçı ASC-dən qəbul etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04.05.2022-ci il tarixli 9/3088 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 18 noyabr 2020-ci il tarixli, 200804-953659/1 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh1 10.12.2021-ci il tarixə İddiaçı ASC-nə olan borcu 3.700,33 AZN məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 3000 manat, faiz borcu üzrə 700.33 manat. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 18 noyabr 2020ci il tarixli, 200804-953659/1 nömrəli istehlak krediti müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsində cavabdehlərdən 2004,7 manat faiz borcunun tutulmasını xahiş etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04.05.2022-ci il tarixli 9/3088 saylı rəyi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehlərin 700.33 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə hesab edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. İddiaçının nümayəndəsi sözügedən ekspert rəyi ilə razı olmadığını, ekspertin faiz borcunu necə hesablamasını rəydə qeyd etmədiyini bildirsə də, məhkəməyə ekspertin hesablamasının tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olmaması, o cümlədən ekspertin faiz borcunu hesablayarkən hansı səhvə yol verməsinə dair hər hansı sübut təqdim etməmiş, o cümlədən izahatında əsaslandırmamışdır. Məhkəmə xüsusi biliyə malik olmadan onu da qeyd edir ki, Cavabdeh1 18 noyabr 2020-ci il tarixli, 200804-953659/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən verilmiş ödəniş cədvəlinə (iş vər. 12) əsasən sözügedən müqavilə üzrə cavabdehin ümumilikdə 549,33 manat faiz borcu ödəməli olması da iddiaçı tərəfindən cavabdehlərdən tutulması xahiş edilən 2004,7 manat faiz borcunun həddən artıq şişirdilmiş və ağlabatan olmadığını göstərir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 10.12.2021-ci il tarixə yaranmış 3000 manat əsas borc və 700.33 manat faiz borcunun əsas borclu və zamin olan cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 74% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 70,45 manat dövlət rusumunun 52 manatı cavabdehlərdən tutulmalı, 18,45 manatı isə iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci təmin edilmiş tələbin məbləğinə (təxminən 74% həcmində) münasib olaraq həmin hissədə cavabdehlərə, qalan hissədə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 50 manat təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 50 manat ekspertiza xərcinin 37 manatı cavabdehlərə, 13 manatı isə iddiaçıya aid olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3000 (üç min) manat məbləğində əsas borc və 700,33 (yeddi yüz manat otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 3700,33 (üç min yeddi yüz manat otuz üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 52 (əlli iki) manat hissəsi tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq İddiaçı ASCdən 13 (on üç) manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə 37 (otuz yeddi) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-887/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-887/2022
10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver