Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8987/2021 14.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 3000 manat, o cümlədən 2019-cu ilin mart ayından hal-hazırki dövrə kimi idiaçını aldadaraq faizlə borca salaraq mənəvi ziyan yetirdiyi üçün 2000 manat olmaqla, cəmi 5000 manat pulun 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər 2018-ci ilin yay aylarında iddiaçının 5000 manat pulunu şəxsi məqsədləri üçün, lakin oğlunu hərbiyə işə düzəltmək adı altında almışlar. Daha sonra prokurorluğa müraciətindən sonra şikayətçi olmamaq üçün 06 mart 2019-cu il tarixdə 2000 manat verdikdən sonra qalan 3000 manat pulu qaytarmaqdan imtina etmişdir. İddiaçının əlində həmin şəxsin öz əli ilə yazmış olduğu ərizə vardır. İddiaçının ailəsinin maddi durumu olduqca ağırdır. Cavabdeh iddiaçının əlil uşağının və əlil həyat yoldaşının son müalicə pulunu borc adı ilə götürüb aradan çıxmaqla onu aldadaraq faktiki olaraq pulunu mənimsəmişdir. Cavabdehlər göstərilən tarixdən nəinki pulu gətirməmiş, üstəlik qaçıb gizlənərək iddiaçının telefonlarına cavab verməmiş və müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi, həmçinin bildirdi ki, Cavabdeh1 hərbi hissədə işləyirdi və iddiaçı da ona inanıb oğlunu hərbi işə düzəltmək üçün 5000 manat məbləğində pul vermişdir. Həmin borcdan 2000 manat qaytarılmş, 3000 manat isə qaytarılmamışdır. Cacabdeh Cavabdeh2 isə Cavabdeh1 qardaşıdır. O qardaşının iddiaçı qarşısında öhdəliyini öz üzərinə götürmüş və bununla bağlı yazılı iltizam imzalamışdır. Bundan sonra isə həmin puldan 300 manatı iddiaçıya qaytarmış, 2700 manatı isə qaytarmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, 5000 manat borcdan 2000 manatı qaytarılıb. Pandemiya ilə bağlı olaraq işləmədiyi üçün borcun ayda 50-60 manat olmaqla hissə-hissə ödənilməsi barədə iddiaçıya müraciət etmişdir. Lakin iddiaçı bununla razılaşmamışdır. Onun iddiaçıya 2700 manat məbləğində borcu vardır. Lakin, həmin borcu birdəfəyə qaytarmaq imkanı yoxdur. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, qardaşı olan Cavabdeh1 tutulan zaman iddiaçının yoldaşı ilə razılaşmışlar ki, qardaşı həbsdən çıxandan sonra iddiaçıya olan borcunu ödəyəcəklər. Borc ilə bağl iltizam həqiqətən onun tərəfindən yazılmış və imzalanmışdır. O, bunu ona görə etmişdir ki, iddiaçı onun qardaşından şikayətçi olmasın. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1962-ci ildə Lerik rayonu, Vizəzeli kəndində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh2 xx.xx.1987-ci ildə, Cavabdeh1 isə xx.xx.1985-ci ildə anadan olmuşdur. O, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, N saylı hərbi hissədə qeydiyyatdadır. İş materiallarına Cavabdeh2 tərəfindən yazılmış iltizam əlavə edilmişdir. Həmin iltizamda qeyd edilmişdir ki, “Mən Cavabdeh2 öz yazımla təsdiq edirəm ki, İddiaçı 3000 (üç min) manat verməliyəm”. Bakı Hərbi Məhkəməsinin 08.04.2021-ci il tarixli, 1-1-(093)-79/19 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2., 32.4, 312.2 və 333.3-cü maddələri ilə təqsirli bilinərək, ona 2500 manat cərimə cəzası təyin edilmişdir. Sumqayıt şəhər Polis idarəsi 4-cü Polis bölməsinin təhqiqatçısı X2 cinayət işinin başlanmasının rədd edilməsi barədə 25.01.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 4-cü Polis bölməsində verdiyti izahatında iddiaçıdan 5000 manat pul aldığını, həmin puldan əvvəlcə 2000 manat, sonra isə 300 manat qaytardığını və 2700 manat borcu olduğunu bildirmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi üçün iddiaçıya tələb olunan məbləğdə maddi ziyanın cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (82.4.). Bakı Hərbi Məhkəməsinin 03.04.2019-cu il tarixli, 1-1-(093)-79/19 saylı hökmündə göstərilmişdir ki, 2018-ci ilin may ayının ortalarından 2018-ci ilin iyul ayının əvəllərinə kimi olan müddətdə müxtəlif vaxtlarda X3 Quliyevin işə düzəlməsi üçün komandirinə verəcəyi, hərbi həkim komissiyasında tibbi müayinədən keçməkdən azad edəcəyi, hərbi geyim alacağı və sair bəhanələrlə aldadaraq, İddiaçı və onun əri X1 yaşadıqları ünvanda və Sumqayıt şəhəri ərazisində müxtəlif yerlərdə hissə-hissə olmaqla, pulun bir hissəsini İlqar Bayramovu onlara guya məsələni həll edən komandir kimi təqdim edib birlikdə alaraq, ümumilikdə İddiaçı 5000 manat məbləğində pulunu ələ keçirib təkrarən dələduzluq etmişlər. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə Cavabdeh1 iddiaçının zərərçəkmiş şəxs kimi tanındığı cinəyət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2., 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinmişdir. Eyni zamanda cavabdeh məhkəmə iclasında verdiyi izahatında da iddiaçıya 2700 manat borcu olduğunu etiraf etmişdir. Eyni zamanda iş materiallarında olan yazılı qəbzdə Cavabdeh2 iddiaçıya borcu olduğunu etiraf etdiyi üçün həmin qəbzə borcun etirafı haqqında müqavilə kimi qiymət verilməlidir. Mülki Məcəlləyə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Göründüyü kimi Cavabdeh1 iddiaçıdan 5000 manat pul alması, həmin məbləğdən 2300 manat qaytarması və iddiaçıya 2700 manat borcunun qalması iş üzrə tədqiq edilmiş yazılı sübutlarla və tərəflərin izahatları ilə müəyyən edilir. Eyni zamanda Cavabdeh2 yazılı iltizamda iddiaçıya 3000 manat borcu olduğunu etiraf etmişdir. Bu səbəbdən iddia tələbi 2700 manat pulun cavabdehlərdən tutulması hissəsində təmin edilməlidir. İddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Mənəvi zərərin ödənilməsi haqqında qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.6 və 183-cü maddələrinə əsasən cinayət işləri üzrə mənəvi zərərin ödənilməsi barədə iddia zərərçəkmiş şəxsin xahişi ilə prokuror tərəfindən də verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başa çatanadək yalnız yazılı şəkildə verilməlidir. Həmin Məcəllənin 186-cı maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia, o cümlədən mənəvi zərərin ödənilməsi barədə mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdir. Lakin nəzərə almaq lazımdır ki, prokurorun mənəvi zərərin ödənilməsi barədə iddiasından imtina etməsi zərərçəkmişi həmin iddianı müdafiə etmək hüququndan məhrum etmir. İddiaçı cavabdehlərdən ona vurulmuş mənəvi zərərlə bağlı 2000 manat pul tələb etsə də, mənəvi sarsıntı və iztiraba məruz qalması barədə məhkəməyə heç bir sübut tələb etməmiş və həmin tələbini əsaslandıra bilməmişdir. Bu səbəbdən iddia mənəvi zərərin ödənilməsi hissəsində təmin edilə bilməz. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2700 (iki min yeddi yüz) manat məbləğində pul və 15 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-8987/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8987/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver