Məhkəmə qərarları › İş №2(060)-904/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-904/2021

08.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-904/2021 08.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının hissəvi tutulmadan sabit pul məbləğinə dəyişdirilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşı çatanadək saxlanılması üçün Sumqayıt şəhər Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(060)-2118/2019 saylı qətnaməsi ilə rnüəyyən edilmiş 21.01.2019-cu il tarixdən başlayaraq hər ay cavabdehin qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması hissəsindən” sabit pul məbləğinə dəyişdirilərək Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə 28 mart 2013-cü ildə rəsmi nikaha girmişlər. Rəsmi nikahlarından 18 dekabr 2013-cü il təvəllüdlü X6 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(060)- 2118/2019 saylı qətnaməsi ilə rəsmi nikahlarına xitam verilmiş, boşanmadan sonra birgə nikahdan anadan olmuş 18 dekabr 2013-cü il təvəllüdlü X3 anasının, Rzayeva Günel Tahir qızının yanında qalması və rəsmi nikahlarından anadan olmuş 18 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 21.01.2019-cu il tarixdən başlayaraq hər ay cavabdehin qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması təyin edilmişdir. Cavabdeh heç bir vaxt rəsmi olaraq işləməyib, qeyri-rəsmi gəlir əldə etsə də gəlirini hər zaman ailəsindən gizlədib. Cavabdeh rəsmi olaraq işləməsə də məhkəmə sonda onun qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasını müəyyən etmişdir. Bu da nəticədə qətnamənin icrasını mümkünsüz etmişdir, Məhkəmə icraçısı cavabdehin rəsmi gəlirinin olmaması səbəbindən alimentin ödənilməsini təmin edə bilmir. Bu səbəbdən də o, 1 ildən artıqdır ki aliment ala bilmir. Cavabdeh qızına heç bir yardım göstərmir, qayğısına qalmır, qazancını özünə sərf edir. Hal-hazırda uşağı ilə birlikdə anasının himayəsində yaşayır. Bildirir ki, uşağının azyaşlı olması ilə əlaqədar olaraq işləmir və uşaqlarının maddi tələbatını anası ödəyir. Uşağın tələbatı günü-gündən artır. Uşağının yeyib-içmək xərclərini ödüyə bilmir. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 170 manat müəyyən edilmişdir. Hesab edir ki, 18 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 18 iyul 2019- il tarixli, 2(060)-2118/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş “21.01.2019-cu il tarixdən başlayaraq hər ay cavabdehin qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması hissəsindən” sabit pul məbləğinə dəyişdirilərək Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq, 18 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşı çatanadək saxlanılması üçün Sumqayıt şəhər Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(060)-2118/2019 saylı qətnaməsi ilə rnüəyyən edilmiş 21.01.2019-cu il tarixdən başlayaraq hər ay cavabdehin qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması hissəsindən” sabit pul məbləğinə dəyişdirilərək Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin № 2(060)-2118/2019 saylı, 18.07.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh ilə Rzayeva (Namazova) Günel Tahir qızı arasında 28.03.2013-cü il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış 468 nömrəli akt qeydli nikahın pozulması, Boşanmadan sonra birgə nikahdan anadan olmuş 18.12.2013-cü il təvəllüdlü X3 ananın-iddiaçı Rzayeva Günel Tahir qızının yanında qalması və Cavabdeh iddiaçı Rzayeva Günel Tahir qızının xeyrinə 18.12.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 21.01.2019-cu il tarixdən başlayaraq hər ay cavabdehin qazancının və ya başq gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İ № 335816 saylı, 25.09.2019-cu il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə Rzayeva Günel Tahir qızı arasında olan nikah 25.09.2019-cu il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində pozulmuşdur. İş materiallarında olan, AZ-İİİ № 241955 saylı 16.01.2014-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X3 18.12.2013-cü il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 76 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 15.10.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Kəpəz rayonu, İ.Orucov küçəsi, ev 5-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 15.10.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 69/34, mənzil 11-də qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2021-ci il üçün “X4” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 18.12.2013-cü il təvəllüdlü X2 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılması barədə iddiaçının tələbi təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2118/2019 saylı iş üzrə çıxartdığı 18 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 18.12.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2118/2019 saylı 18 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 18.12.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar