Məhkəmə qərarları › İş №2(060)-9163/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9163/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9163/2021 03.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə İMEİ kodları **********79154 olan “Samsung J3”, **********37139 olan “X2 7”, **********33487 olan “Samsung Galaxy A10”, **********70260 olan “Samsung J2”, **********87857 olan “Samsung Galaxy J4” markalı telefonlar və “HOFFMANN” markalı mini soba üçün ümumilikdə 1738 manat ödənilməmiş hissə və 36 manat dövlət rüsumu olmaqla, cəmi 1775,38 manat pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 10.05.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı satqı qiyməti 600 manat olan «Samsung J3» markalı telefon üçün 24 ay müddətinə, ilkin ödənişsiz və aylıq 25 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 720 manat borcu yaranmışdır. Cavabdehə 37,5 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 02.09.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı satqı qiyməti 400 manat olan «X2 7» markalı telefonu 21 ay müddətinə, ilkin ödənişsiz və aylıq 36 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 720 manat borcu yaranmışdır. Cavabdehə 216 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 17.09.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 335 manat olan «Samsung Galaxy A10” markalı telefonu 12 ay müddətinə, ilkin ödəniş 35 manat olmaqla və aylıq 25 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 300 manat borcu yaranmışdır. Cavabdehə 90 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 18.09.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 400 manat olan «Samsung J2» markalı telefonu 20 ay müddətinə, ilkin ödənişsiz və aylıq 20 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 176 manat borcu yaranmışdır. Cavabdehə 48 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 16.02.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 396 manat olan «Samsung Galxy J4» markalı televizoru 18 ay müddətinə, ilkin ödənişsiz və aylıq 22 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 252 manat borcu yaranmışdır. Cavabdehə 72,6 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 26.03.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 198 manat olan «Hoffmann» markalı mini sobanı 18 ay müddətinə, ilkin ödənişsiz və aylıq 11 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 153 manat borcu yaranmışdır. Cavabdehə 42,9 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. Cavabdehin hər 6 müqavilə üzrə cəmi ödədiyi məbləğ 995,3 manat təşkil edir. Cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilsə də, o, həmin borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 22.10.2021-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iş materiallarında olan ünvanına göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1987-ci ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 10.05.2018-ci il tarixli, k00137484 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə «Samsung J3» markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 02.09.2019-cu il tarixli, 00885042 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə «X2 7» markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 17.09.2019-cu il tarixli, 00920247 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə «Samsung Galaxy A10» markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 18.09.2018-ci il tarixli 00300568 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə «Samsung J2» markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 16.02.2019-cu il tarixli 00518524 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə «Samsung Galaxy J4» markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 26.03.2019-cu il tarixli 00584039 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə «Hoffmann» markalı mini sobanı satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 10.05.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində hər ay 25 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 02.09.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 21 ay müddətində hər ay 36 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 17.09.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 25 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 18.09.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 20 ay müddətində hər ay 20 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 16.02.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 22 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 26.03.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 11a manat iddiaçıya ödəməlidir. İş materiallarına əlavə edilmiş 08 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 600 manat olan «Samsung J3» markalı telefon üçün hazırda ümumilikdə 137 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 463 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqısatqı qiyməti 756 manat olan “X1 7» markalı telefon üçün hazırda ümumilikdə 720 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 36 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 335 manat olan «Samsung Galaxy A10» markalı telefon üçün hazırda ümumilikdə 300 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 35 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 400 manat olan “Samsung J2» markalı telefon üçün hazırda ümumilikdə 176 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 224 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 396 manat olan «Samsung Galaxy J4» markalı telefon üçün hazırda ümumilikdə 252 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 144 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 198 manat olan “Hoffmann» markalı mini soba üçün hazırda ümumilikdə 153 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 45 manat təşkil edir. İş materiallarında olan 10.05.2018-ci il, 02.09.2019-cu il, 17.09.2019-cu il, 18.09.2018-ci il və 16.02.2019-cu il, 26.03.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən İMEİ kodları **********79154 olan “Samsung J3”, **********37139 olan “X2 7”, **********33487 olan “Samsung Galaxy A10”, **********70260 olan “Samsung J2”, **********87857 olan “Samsung Galaxy J4” markalı telefonlar və “HOFFMANN” markalı mini soba iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan 04.02.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 37,38 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 1738 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 1738 manatı tələb etməkdə haqlı olmuşdur. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 37,38 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1738 (min yeddi yüz otuz səkkiz) manat ödənilməmiş hissə və 37 (otuz yeddi) manat 38 (otuz səkkiz) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar