Məhkəmə qərarları › İş №2(060)-923/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-923/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-923/2022 24.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Ağayeva (Tağıyeva) Nuranə Ehtibar qızına qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Ağayeva (Tağıyeva) Nuranə Ehtibar qızına qarşı pul tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.11.2019-cu il tarixli müqavilə üzrə X1 8 markalı telefon üçün 255 manat borc və 30 manat dövlət rüsumunun cavabdeh Ağayeva (Tağıyeva) Nuranə Ehtibar qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Ağayeva (Tağıyeva) Nuranə Ehtibar qızı arasında bağlanmış 20.11.2019-cu il tarixli müqaviləyə əsasən X1 8 markalı telefon almış, nəticədə 255 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 564 manat olan X1 8 markalı telefonə görə 255 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 309 manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin 5000 (beş min) manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, iddia ərizəsi 14 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 16 dekabr 2021-ci il tarixdə məhkəmə cavabdeh Ağayeva (Tağıyeva) Nuranə Ehtibar qızına prosesual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin cavabdeh həmin ünvanda yaşamadığı üçün məhkəmə bildirişini cavabdehə təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Məhkəmə hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 01 dekabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh Ağayeva (Tağıyeva) Nuranə Ehtibar qızı 20.11.2019-cu il tarixli müqaviləyə əsasən 12 ay müddətində hər ay 47 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 564 manat, X1 8 markalı telefonə görə 309 manat ödəniş etmiş və 255 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Ağayeva (Tağıyeva) Nuranə Ehtibar qızı ilə "xxxx" MMC arasında bağlanmış 20.11.2019-cu il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən cavabdeh Ağayeva (Tağıyeva) Nuranə Ehtibar qızı "xxxx" MMC-dən X1 8 markalı telefon almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktına əsasən cavabdeh Ağayeva (Tağıyeva) Nuranə Ehtibar qızı "xxxx" MMC-dən 20.11.2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş X1 8 markalı telefonu tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 12 ay müddətində hər ay 47 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC 25.11.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən cavabdeh Ağayeva (Tağıyeva) Nuranə Ehtibar qızından 20.11.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından müəyyən edilir ki, cavabdeh Ağayeva (Tağıyeva) Nuranə Ehtibar qızı 20.11.2019-cu il tarixli müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh Ağayeva (Tağıyeva) Nuranə Ehtibar qızından 255 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pul tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-1-284-6, 216-220-ci və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Ağayeva (Tağıyeva) Nuranə Ehtibar qızından 255 (iki yüz əlli beş) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu məbləğində pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar