Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-924/2022 12.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 5900 manat borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə 22 mart 2018-ci il tarixdə 6000 manat borc pul vermişdir. Cavabdeh iyun ayında pulu qaytaracağına dair qəbz vermiş, buna baxmayaraq o, 24.11.2020-ci il tarixdə həmin puldan cəmi 100 manat qaytarmış, qalan 5900 manat pulu müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. Məhkəməyə təqdim etdiyi qəbzdən də görünür ki, cavabdeh borc pul alaraq həmin pulu qaytarmaq vəzifəsini üzərinə götürməyinə baxmayaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehin məhkəmə iclasından xəbəri olduğu təqdirdə qəsdən iştirak etməmişdir. Cavabdeh iddiaçının iş yoldaşıdır. İddiaçı cavabdehə borcunu hissə-hissə ödəməyi təklif etsə də, heç bir nəticə əldə etməmişdir. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məhkəmə bildirişi göndərilsə də cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Sumqayıt şəhər Polis İdarəsinin 19.10.2021-ci il tarixli məktubuna əsasən cavabdeh hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına cavabdeh tərəfindən yazılmış iki əlyazma əlavə olunmuşdur. Əlyazmalardan birində göstərilmişdir ki, “Mən Cavabdeh Almaza olan 6 min borcumun (altı min) manat iyun ayında qaytaracam”. Əlyazma imzalanmış və tarix 22.03.2018-ci il kimi göstərilmişdir. Cavabdeh tərəfindən yazılmış digər əlyazmada göstərilmişdir ki, “Mən Cavabdeh Almaza olan borcumdan 100 manat qaytardım”. Məhkəmə hesab edir ki, iş materiallarında olan əlyazmalarda cavabdeh iddiaçıya borcu olduğunu etiraf etdiyi üçün həmin əlyazma borcun etirafı haqqında müqavilə kimi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu olduğunu yazılı şəkildə etiraf etmişdir. Bu səbəbdən cavabdehin iddiaçıya həmin borcun qaytarmaq öhdəliyi yaranmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi iddiaçı cavabdehə 6000 manat pul vermiş, daha sonra cavabdeh həmin borcdan 100 manat qaytarmış, lakin qalan 5900 manat pulu öhdəliklərini yerinə yetirməyərək iddiaçıya qaytarmamışdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının dəlillərini təkzib edən hər hansı sübut təqdim etməmişdir. Buna görə də iddia təmin edilməli, 5900 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 5900 (beş min doqquz yüz) manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-924/2022
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-924/2022
12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver