Məhkəmə qərarları › İş №2(060)-925/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-925/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-925/2021 21.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı « borc tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 10.950 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu olamqla, cəmi 10.980 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, Cavabdeh 16 iyul 2019-cu ildə kredit müqaviləsinə əsasən 15.600 manat borca pul vermişdir. Kredit müqaviləsi 16 iyul 2019-cu ildə Bakı şəhəri 51 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmişdir. Cavabdeh müqavilənin 2-ci bəndinə görə aldığı borcu 16.07.2020-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürsə də, aldığı puldan 1000 manatını qaytarmışdır. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə məhkəmədə baxıldığı ərəfədə cavabdeh tərəfindən ona 4650 manat ödəniş edilmişdir. Hal-hazırda cavabdehin ona 10.950 manat ödənilməmiş borcu qalmışdır. O, cavabdehə dəfələrlə borcun ödənilməsi barədə müraciət etsə də, cavabdeh borcu ödəməkdən əsassız olaraq boyun qaçırır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16.07.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 15.600 manat məbləğində pulu borc vermiş, cavabdeh krediti 16.07.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıdan götürdüyü borcun bir qismini iddiaçıya qaytarmış və hal-hazırda cavabdehin iddiaçıya 10.950 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10.950 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 10.980 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 10.950 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 10.980 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar