Məhkəmə qərarları › İş №2(060)-9348/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9348/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9348/2021 15.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 29.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 19.5% faiz dərəcəsi ilə 36 ay müddətində 6400 manat məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış, 2021ci il oktyabrın 22-dək Cavabdeh banka 29.09.2020-ci il tarixli kredit müqaviləsi üzrə 5349,78 manat əsas borc, 413,56 manat faiz borcu və 221,6 manat cərimə borcu olmaqla cəmi 5984,94 manat borcu vardır. Cavabdeh 29.09.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 221,6 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 110,80 manat məbləğində tələb olunur. Göstərilənlərə əsasən məhkəmədən Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 29.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5349,78 manat əsas borc, 413,56 manat faiz borcu və 110,80 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5874,14 manat borcun və 78,74 manat ödənilmiş dövlət rüsumunun tutulması və "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 29.09.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin xahiş etdi hissəsində kredit müqaviləsinin tarixinin yanlışlıqla 29.09.2019-cu il kimi göstərildiyini və hazırki iş üzrə kredit müqaviləsinin tarixinin 29.09.2020-ci il kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, sonuncu ödəmənin 26 iyun 2021-ci il tarixində olduğunu, 50% cərimə məbləğinin güzəşt olunduğunu bildirib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin göndərilən ünvana poçt xidmət etmədiyi üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 22.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 29.09.2020-ci il tarixli kredit müqaviləsi üzrə 5349,78 manat əsas borc, 413,56 manat faiz borcu və 221,6 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5984,94 manat məbləğində borcu vardır. İş materiallarında olan 29.09.2020-ci il tarixli kredit müqaviləsi və ona edilmiş 1 saylı əlavədən görünür ki, tərəflər arasında müqavilə əsasında 36 ay müddətinə, 19.5% məbləği əsasında 6400 manat məbləğində kredit verilmiş, 29.10.2020-ci il tarixdən hər ay 236.22, sonuncu ay 236.19 manat ödənilməsi barədə Cavabdeh üzərinə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 01.10.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcunun 5 gün müddətində İddiaçı ASC-yə ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Kredit müqaviləsinin şərtlərindən, iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından və iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə İddiaçı ASC-yə 29 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 5349,78 manat əsas borc, 413,56 manat faiz borcu və 110,80 manat cərimə olmaqla, ümumilikdə cəmi 5874,14 manat yaranmışdır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 50 manat məbləğində cərimə borcunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 29.09.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5349,78 manat əsas, 413,56 manat faiz, 50 manat dəyərində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5813,34 manat borc və 78,74 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 29.09.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5349,78 manat əsas, 413,56 manat faiz, 50 manat dəyərində cərimə borcu olmaqla, ümumilikdə 5813,34 (beş min səkkiz yüz on üç manat otuz dörd qəpik) manat borc və 78,74 (yetmiş səkkiz manat yetmiş dörd qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar