Məhkəmə qərarları › İş №2(060)-94/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-94/2022

01.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-94/2022 01.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İlkin İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və dəymiş ziyan tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı əqdin mövcud olmadığının müəyyən edilməsi, iltizamların etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 55000 manat məbləğində borcun, 10000 manat məbləğində mənəvi ziyana görə təzminatın, 141 manat hüquqi yardıma görə ödənilən vəsaitin və 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, iş üzrə tərəflər arasında 23000 manat məbləğində borcun verilməsi barədə əqdin mövcud olmadığının müəyyən edilməsi, iş üzrə tərəflər arasında 33000 manat məbləğində borcun verilməsi barədə əqdin mövcud olmadığının müəyyən edilməsi, 05 dekabr 2017-ci il tarixli iltizamın qismən, yəni onun İddiaçı 31000 manat pul götürülməsi hissəsində etibarsız hesab edilməsi, 22000 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməsi, bu məqsədlə ondan 30 manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddiaçı Cavabdeh məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, iş üzrə tərəflər arasında 23.000 manat məbləğində borcun verilməsi barədə əqdin mövcud olmadığının müəyyən edilməsi, iş üzrə tərəflər arasında 33.000 manat məbləğində borcun verilməsi barədə əqdin mövcud olmadığının müəyyən edilməsi, 23.000 manat məbləğində pulun alınması barədə 20 sentyabr 2017-ci il tarixli “iltizamın"' etibarsız hesab edilməsi, 33.000 manat məbləğində pulun alınması barədə 05 dekabr 2017-ci il tarixli “iltizamın” etibarsız hesab edilməsi, 22.000 manat məbləğində pulun İddiaçı tutularaq X8 ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməsi, bu məqsədlə ondan 30 manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ildə o, özünə məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən mənzilini 20000 manata sataraq özündə olan pulu da üstünə əlavə edərək Sumqayıt şəhərində ev almaq istəmişdir. Bundan xəbər tutan cavabdeh ona müraciət edərək bildirmişdir ki, ona təcili pul lazımdır, əgər ona kömək edərsə, o, ilin sonuna kimi həmin pulu ona qaytaracaqdır. O, cavabdehə inanaraq ona 20.09.2017-ci ildə 23000 (iyirmi üç min) manat məbləğində pul vermiş və o da həmin alaraq bu barədə yazılı qəbz vermişdir. Təxminən 3 ay sonra cavabdeh bir daha ona müraciət edərək bildirmişdir ki, cavabdeh ondan aldığı pulu qaytara bilmir, ona görə də yaşadıqları mənzili satmaq istəyir, həmin mənzili 60 min manata satışa qoyub, lakin ona 56 min manata satmağa razıdır, əgər ona 33000 manat verərsə, o, 25.12.2017-ci ilə kimi aldığı bütün pulları qaytarmasa, həmin evi onun adına keçirəcəkdir. O, cavabdehin bu sözlərinə inanaraq 33000 manat pul vermiş və cavabdeh də bu barədə yazılı iltizam vermişdir. Lakin cavabdeh vəd verdiyi vaxtda pulu ona qaytarmamış və bildirmişdir ki, həmin ev qaynatası Rəfiyev Kamilin adınadır, o da xəstədir, notariusa gedə bilmir, sağalan kimi bu məsələni yoluna qoyacaqdır. Lakin cavabdehin qaynatası vəfat etdikdən sonra o, yenə də bununla bağlı cavabdehə müraciət etmiş, o isə bildirmişdir ki, mənzil əvvəlcə onun həyat yoldaşı İmran Rəfiyevin adına keçməlidir, yalnız bundan sonra İmran onunla alqı-satqı edə bilər. O, yenə də gözləmiş, lakin 6 aydan sonra da cavabdeh mənzili onun adına keçirməmiş, yalnız dəfələrlə etdiyi müraciətdən sonra 2021-ci ilin fevral ayının 1-də ona 1000 (bir min) manat pul vermiş və ondan xahiş etmişdir ki, şikayət etməsin, həmin mənzil onundur, onun adına da keçiriləcəkdir. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh yalnız ona deyil, bir çox şəxslərə də borcludur və cavabdehin niyyəti onu aldatmaq olmuşdur. Cavabdehin ona hal-hazırda 55000 (əlli beş min) manat məbləğində borcu qalmışdır və həmin pulu ondan tələb edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsində qeyd edilən dəlillər tamamilə yalandır. Cavabdeh İddiaçı nə 23.000 manat, nə də ki, 33.000 manat borc almamışdır və onlar arasında belə bir əqd bağlanmamışdır. İşin həqiqi halları ondan ibarətdir ki, 2016-cı ildə Sevda Rəfıyeva övladı X9 gözündə olan xəstəliyin müalicəsi üçün pul lazım olması barədə qonşusu İddiaçı bildirmiş, o da tanışının faizə pul verdiyini demişdir. İddiaçı hissə-hissə 1.200 manat və 800 manat olmaqla ümumilikdə 2.000 manat pul almışdır. İddiaçı ilk əvvəl həmin pulun 10 faizlə verildiyini, bir neçə aydan sonra isə 20 faizlə verildiyini bildirmişdir. Sevda Rəfıyeva əvvəl bir neçə ay aylıq 200 manat faiz ödəmiş, sonra aylıq 400 manat olduğundan ödəniş edə bilməmişdir. 1 il sonra İddiaçı artıq borcun faizlə birlikdə 30.000 manatdan çox təşkil etdiyini bildirmişdir. Polisdə tanışlarının olduğunu, onların vasitəsilə Cavabdeh həbs etdirəcəyi, həyat yoldaşına, qaynatasına bu barədə bildirəcəyi, qonşular arasında onun barəsində xoşagəlməz sözlər yayacağı ilə hədələmişdir. Bundan qorxan X18 Xəlilovanın hədəsi ilə 2017-ci ilin dekabr ayında 2.000 manat borc aldığı halda 33.000 borc alması barədə yazılı iltizam yazmaq məcburiyyətində qalmışdır. Çünki İddiaçı belə bir iltizam yazacağı halda faizi yavaş-yavaş ödəyə biləcəyi və onu narahat etməyəcəyini bildirmişdir. X19 iltizamı yazıb imzaladıqdan sonra İddiaçı ondan bütün borcu qaytarmasını tələb etməyi davam etdirmişdir. Cavabdeh İddiaçı onu aldatdığını başa düşmüş və 2018-ci ilin mart ayında bu barədə öz valideynlərinə məlumat vermişdir. X2 məsələdən xəbərdar olduqdan sonra, İddiaçı ilə 24.000 manat pulu ödəyəcəyi təqdirdə Cavabdeh ona heç bir borcunun qalmaması barədə razılaşmışdır. Nizami Nəcəfov 24.000 manat məbləğində pulu İddiaçı ödəmişdir və o da Cavabdeh bir daha narahat etməyəcəyi barədə ona söz vermişdir. İddiaçı 24.000 manatı alması barədə qeyd aparmış və 2021-ci ilin may ayına kimi Cavabdeh narahat etməmişdir. Artıq bu məsələnin üzərindən uzun müddət keçdiyini görən Nizami Nəcəfov daha lazım olmayacağını düşündüyü üçün bir nüsxəsi də özündə qalan 24.000 manatın ödənilməsi barədə qeyd kağızını atmışdır. Bununla belə Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-də aparılmış araşdırma zamanı verdiyi izahatında İddiaçı 24.000 manat məbləğində pulu aldığını etiraf etmişdir. Bu araşdırmanın nəticəsində qəbul edilmiş 28 may 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətini ərizəyə əlavə edir. Sözügedən qərar araşdırılarkən məhkəmə nəzərə almalıdır ki, polisdə verdiyi izahatında İddiaçı tamam başqa bir məbləğdə, guya 39.000 manat məbləğində borc verdiyini bildirmişdir. Onun bu ziddiyyətli izahatları məhkəməyə yalan məlumat verərək əsassız varlanmağa çalışmasının bir göstəricisidir. Lakin, İddiaçı verdiyi sözə əməl etməmiş hazırki əsassız iddiasını irəli sürmüşdür. İddiaçı ilk iddiasında bildirir ki, guya 20 sentyabr 2017-ci il tarixdə ilin sonunadək qaytarmaq şərtilə Cavabdeh 23.000 manat məbləğində borc vermiş və o da həmin pulu alaraq bu barədə yazılı qəbz vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki iş üzrə 20 sentyabr 2017-ci il tarixdə Cavabdeh borc verilməsini sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür. Lakin İddiaçı bu tələbini sübuta yetirə bilmir. Müzakirə edilən hissədə ilk iddia sübuta yetməməsi əsası ilə rədd edilməlidir. Həmçinin tərəflər arasında 23.000 manat borc verilməsi barədə müqavilə bağlanmadığı üçün belə bir əqdin mövcud olmadığı müəyyən edilməlidir. Mövcud olmayan əqd üzrə isə pul tələbinin təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.6-cı maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. İlk iddianın “33.000 manat pulun tutulması” hissəsi də əsassızdır. Belə ki, İddiaçı bildirir ki, guya 23.000 manat borc verdikdən 3 ay sonra aldığı pulu qaytara bilməyən Cavabdeh daha 33.000 manat borc vermişdir. 23.000 manat borcunu qaytara bilməyən bir şəxsə həmin məbləğdən daha artıq olan 33.000 manat borc verilməsi heç bir halda inandırıcı və məntiqli sayıla bilməz. Bundan əlavə, 23.000 manat İddiaçı bildirdiyinə görə 20 sentyabr 2017-ci il tarixdə verilmişdir. Bundan 3 ay sonra 2017-ci ilin dekabr ayının 20-dən sonraya təsadüf edir. Halbuki 33.000 manat borcun alınması barədə Sevda Rəfıyevanın yazdığı iltizam 05 dekabr 2017-ci il tarixdə yazılmışdır. Bu iltizamın 05 dekabr 2017-ci il tarixdə yazıldığı nəzərə alınarsa, belə çıxır ki, 33.000 manat məbləğində borcun verilməsi barədə müqavilə iltizamın tarixindən əvvəl mövcud olmalı idi. Bu isə ən çoxu 2 ay yarım edir. Göründüyü kimi, İddiaçı bildirdiyi tarixlər ziddiyyətli və anlaşılmazdır. Digər bir mühüm hal ondan ibarətdir ki, İddiaçı istinad etdiyi iltizam mahiyyəti etibarilə "mövcud borcun etirafı haqqında” birtərəfli iradə ifadəsidir. Bu əlyazma müqavilə olmasa da, mahiyyəti etibarilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsi ilə müəyyən edilən “mövcud borcun etirafı haqqında” mücərrəd müqaviləyə uyğun gəlir. İddiaçı Zaidə X4 33.000 manat pul borcu olmasa da onu hədələyərək iltizamı imzalamağına nail olmuş, daha sonra isə hüquqdan sui-istifadə edərək hazırki iddia ilə Cavabdeh məhkəmə qaydasında pul almağa çalışır. Lakin İddiaçı bu iltizam imzalanmazdan əvvəl 33.000 manat borcun verilməsi barədə müqavilənin mövcud olduğunu sübuta yetirməlidir. Lakin 33.000 manat məbləğində borc mövcud olmamışdır. İltizamda borcun nə vaxt götürüldüyü qeyd edilməmişdir. İddiaçı isə ərizəsində 23.000 manat borc verildikdən 3 ay sonra 33.000 manat verildiyini qeyd etmişdir ki, bu 20 dekabr 2017-ci il tarixdən sonraya təsadüf edir. İltizamın tarixi isə 05 dekabr 2017ci ildir. Göründüyü kimi, 05 dekabr 2017-ci il tarixli “İltizam” uydurmadır. Həmin tarixdə Cavabdeh borc almış olduğu 2.000 manatı etiraf edə bilərdi. Qalan 31.000 manat hissə İddiaçı hədə-qorxuları nəticəsində və ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yazıldığı üçün etibarsızdır. Mövcud olmayan borc etiraf edilə bilməz, etiraf üçün əvvəlcə mövcudluq tələb olunur. Tərəflər arasında 33.000 manat borc verilməsi barədə müqavilə bağlanmadığı üçün belə bir əqdin mövcud olmadığı müəyyən edilməlidir. Mülki Məcəllənin 339.4-cü maddəsinə görə xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakım real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığma səbəb olur. İlk iddianın “vurulmuş mənəvi ziyanın ödənilməsi” hissəsi də əsassız hesab edilməlidir. Belə ki, İddiaçı ona dəymiş mənəvi zərəri, bu zərərin dəyməsində cavabdehin təqsirinin nədən ibarət olduğunu iddia ərizəsində göstərməmişdir. Belə olan halda, mənəvi ziyanın əvəzinin ödənilməsi barədə iddiaçının tələbi əsassız olduğu üçün rədd edilməlidir. İlk iddianın qalan hissəsi əsas tələbin təmin edilməsindən asılı olduğundan və ondan törəmə tələb olduğundan, əsas tələblər əsassız hesab edildiyindən, həmin tələblər də əsassız hesab edilməlidir. Digər tərəfdən, qarşılıqlı iddianın “22.000 manat məbləğində pulun ödənilməsi” hissəsi onunla əsaslandırılır ki, Sevda Rəfıyeva 2.000 manat borc aldığı halda, İddiaçı hədə-qorxuya məruz qalması nəticəsində 24.000 manat məbləğində pul ödənilmişdir. Beləliklə, İddiaçı əsassız varlanmışdır. Odur ki, ödənilən məbləğdən 2000 manat çıxılmaqla, qalan 22.000 manat məbləğində pul İddiaçı tutularaq qarşılıqlı iddiaçı Cavabdeh ödənilməlidir. Qeyd edilənlərə əsasən qarşılıqlı iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 ilkin iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin iddiaçıdan 56000 manat məbləğində pulu alması işdə olan sənədlərlə sübuta yetirilir. Eyni zamanda bu məsələ ilə bağlı şahid də vardır. Lakin cavabdeh vəd verdiyi vaxtda pulu iddiaçıya qaytarmamış, həmçinin evi də adına keçirməmişdir. Yalnız dəfələrlə edilən müraciətdən sonra 2021-ci ilin fevral ayının 1-də iddiaçıya 1000 (bir min) manat pul verilmişdir. Qarşı tərəfin qarşılıqlı iddia ərizəsi əsassızdır. Çünki burada hansı əqddən söhbət getdiyi məlum deyildir. Əgər qəbz barədə danışılırsa, qəbzin mövcud olduğu halda inkar edilməsi mümkünsüzdür. Qarşılıqlı iddia ərizəsində Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində alınmış izahatlara istinad edilmişdir. Həmin izahatlar alınan zaman İddiaçı qəbzdən əlavə cavabdehə verilən pulların məbləği soruşulmuş və bildirilmişdir ki, qəbz əsasında verilən pulları məhkəməyə müraciət edərək tələb edə bilər. Zaidə xanım da qəbzdən əlavə pul məbləğinin verildiyini bildirmişdir. Bu gün qarşı tərəf həmin izahata istinad edərək belə bir rəy yaratmağa çalışır ki, guya qəbzdə mövcud olsa da, elə bir hadisə baş verməmişdir. Cavabdeh həmin qəbzi imzalamağa məcbur edilməmişdir, əgər elə bir şey baş versəydi Polisə müraciət edərək şikayət edə bilərdi. Burada əsas məqsəd həmin borc öhdəliyindən boyun qaçırmaqdır. İddia müddətinin tətbiq olunması barədə ərizə ilə əlaqədar bildirir ki, qaldırılmış vəsatətin heç bir hüquqi əsası yoxdur. Çünki iltizamda da qeyd olunmuşdur ki, 2017-ci ilin dekabr ayına kimi qaytarılacağı bildirilmişdir. İkinci dəfə 33 min manat veriləndə evin Zaidə xanımın adına keçirilməsi məqsədilə verilmişdir. Zaidə xanım 33 min manat pulu verdikdən sonra Sevda xanım yoxa çıxmış və evin satıldığı aydın olmuşdur. Yəni burada hər hansı iddia müddətindən söhbət gedə bilməz. Cavabdeh tərəfindən edilmiş 1000 manat ödənişlə bağlı hər hansı kağız və ya iltizam yoxdur. Lakin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda qeyd edilən 1000 manat ödənişi İddiaçı bu borca aid etmiş, bu borcdan silmişdir. Bunları nəzərə alaraq, ilkin iddiaçının nümayəndəsi ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 23.12.2021-ci il tarixli iclasında iştirak edən ilkin İddiaçı iddia tələbi ilə bağlı bildirdi ki, o, ilk olaraq cavabdehə 39 min manat məbləğində pul vermişdir. Bunu evin satışı üçün vermişdir. 39 min manat borcdan 24 min manatını tez gətirib atası qaytarmışdır. 15 min manat məbləğində borc qalmışdır, o əlavə olaraq cavabdehə 8 min manat vermiş, bundan sonra hazırki iş üzrə tələb olunan 23000 manatlıq iltizam yazılmışdır. Polis İdarəsində izahat vermişdir, orada birinci tanışlıq lazım idi, izahatı buna görə yazmışdır. Polis idarəsində araşdırılan iş onun işi olmamışdır, qardaşı qızı Allahverdiyeva Ruhiyə ilə Cavabdeh arasında olan qızıl məsələsi ilə bağlı olmuşdur. Polis İdarəsində əvvəlki qəbzlə bağlı izahat verməməsinin səbəbi budur. Orada ona əsas izahatını məhkəmə iclasında verəcəyini bildirmişlər. O həmin qəbzi cavabdehin atasına vermişdir. Onlar isə hazırda 39 min manat borcun qəbzini itirdiklərini bildirirlər. Həmin qəbzdə isə qeyd olunmuşdu ki, “İddiaçı 39 min manat məbləğində pulu evi vermək məqsədilə alıram”. Hazırda Cavabdeh ona 55 min manat borcu vardır. Məhkəmənin 23.12.2021-ci il tarixli iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 23 min və 33 min manat məbləğində pulun verilməsi müqavilə əsasında olmamışdır, hər birində iltizama qol çəkildiyi bildirilir. Borc pul məbləği iltizam əsasında deyil, müqavilə əsasında tələb olunmalıdır. Qarşı tərəf bildirir ki, onlar arasında şifahi borc müqaviləsi olmuşdur. Həmin gün də iltizam verilmişdir. Qarşı tərəfin dediyinə görə Sevda xanım təsdiq edib ki, borc pul məbləğini götürüb və birini dekabrda, digərini isə 10 gün müddətində qaytaracaq. 1000 manat ödəniş etdiklərini bildirirlər, lakin onlar bunu qəbul etmir. Onlar hər hansı ödəniş etməmişdir, onu iddia müddətinin ötürülməməsi məqsədilə görüntü yaratmaq üçün deyirlər. Əgər ödəniş olunubsa sübut edilməlidir. 39 min manatın iltizamını özləri etiraf edir, həqiqətən belə bir iltizamın olduğunu təsdiq edirlər. Lakin bu iltizamın 23 min manatdan qalıq olduğunu bildirirlər. Onun tərəfi həmin iltizamı 2018-ci ildə cırmışdır. Qeyd edilənlərə əsasən nümayəndə ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Şahid qismində dindirilən X5 bildirmişdir ki, Zaidənin 4-cü mikrorayonda salonu var. O vaxtdan onunla tanış olmuşdurlar, heç bir qohumluq əlaqələri mövcud deyil. Zaidəni 2007-ci ildən bəri tanıyır. Əvvəl anası saç ustası kimi onun salonuna getmişdir, daha sonra bacısı və o getmişdir. Bildiyinə görə Zaidə xanım evini sataraq bacısının 14-cü məhəllədəki evinə köçmüşdür. Bacısının adı Tamelladır. Cavabdeh Tamella xanımın qonşusu idi. Beləliklə, onlar tanış olmuşdurlar. Cavabdeh Zaidə xanımı aldadaraq bildirmişdir ki, evi 1-ci mərtəbədədir, balkona çıxışı var, onun mənzilini alsa, gözəllik salonu edərək istifadə edə bilər. Zaidə Sevdaya inanaraq yazılı iltizamla ona 39 min manat məbləğində pul vermişdir. Həmin pulu Sevdanın atası götürmüşdür. Daha sonra Nizami 24 min manat məbləğində pulu 16 nömrəli məktəbin yanında Zaidəyə qaytarmışdır. Zaidə xanım onu çağırmışdır. Qalan 15 min manat üçün iltizam yazılmışdır. Daha sonra cavabdehə 8 min manat məbləğində pul verilmiş, birlikdə 23 min manat məbləğin verilməsinə dair iltizam yazılmışdır. Qarşı tərəf pulu qaytarmaq məqsədilə ya maşını, ya da evi satacaqlarını bildirmişdir. Bütün bu məsələlərdə zamin qismində Sevda xanımın atası Nizami müəllim çıxış etmişdir. 2017-ci ilin dekabr ayında yenidən 33 min manat məbləğində pul alınmışdır. Alınan məbləğdən sadəcə bu ilin fevral ayında 1000 manat Zaidənin evində qaytarılmışdır. Həmin ödəniş edilərkən o da orada olmuşdur. Sonra heç bir ödəniş edilməmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə edilmiş 20.09.2017-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Rufulla qızı İddiaçı yoldaşına maşın almaq məqsədi ilə qaytarmaq şərti ilə 23.000 manat məbləğində pul alması barədə qeyd etmişdir və onu imzalamışdır. İş materiallarına əlavə edilmiş 05.12.2017-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Rufulla qızı İddiaçı maşın aldığına görə dekabrın 25-də qaytarmaq şərti ilə 33.000 manat məbləğində pul alması barədə qeyd etmiş və onu imzalamışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin 28 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, X1 müraciəti əsasında aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizasının 22.02.2022-ci il tarixli, 4/133 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 24-cü vərəqində Cavabdeh adından olan 05.12.2017-ci il tarixli və 25-ci vərəqdə olan 20.09.2017-ci il tarixli iltizamlardakı yazılar və həmin iltizamların sonunda “İmza: Cavabdeh” yazılarının qarşısındakı imzalar ilə mülki işin 129-135-ci vərəqələrində olan Cavabdeh eksperimental xətt və imza nümunələri-eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 24-cü vərəqində Cavabdeh adından olan 05.12.2017-ci il tarixli və 25-ci vərəqində olan 20.09.2017-ci il tarixli iltizamlardakı yazılarda-əlyazmanın qeyri-adi psixofizioloji və hər hansı qeyri-adi şəraitdə (fiziki və psixi təsir altında) icra olunmasını xarakterizə edən əlamətlər müəyyən olunmamışdır. Məhkəmə tərəfləri və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ilkin İddiaçı Cavabdeh 20.09.2017-ci ildə 23000 manat, təxminən 3 ay sonra daha 33000 manat pul verdiyini, həmin puldan Cavabdeh tərəfindən yalnız 1000 manat ödənildiyini, qalan borcun isə qaytarılmadığını iddia etmiş və bunları təsdiq etmək üçün məhkəməyə Cavabdeh tərəfindən imzalanmış iki ədəd iltizam təqdim etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh isə həmin iltizamı imzalasa da, iltizamda qeyd edilənlərin həqiqətə uyğun olmadığını, uydurma olduğunu, məcbur edildiyi üçün həmin iltizamı imzaladığını, bundan başqa İddiaçı yalnız 2000 manat məbləğində borc aldığını, atası tərəfindən həmin borc üçün faizlər hesablandığından 24000 manat məbləğində pul qaytarıldığını, sözügedən iltizamlar üzrə hər hansı ödəniş etmədiyini bildirmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı iş üzrə tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn və müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi borc münasibətlərindən irəli gəldiyindən ilkin İddiaçı Cavabdeh qarşı pul tələbinə üç illik iddia müddəti şamil edilməlidir. Belə ki, mübahisə predmeti olan iltizamlardan görünür ki, 20.09.2017-ci il tarixli iltizamda borcun hansı tarixdə qaytarılmalı olduğu qeyd edilməsə də, tarixinə görə ondan sonra – 05.12.2017-ci il tarixdə verilən iltizamda borcun 25.12.2017-ci il tarixdə qaytarılmaq şərtilə verildiyi qeyd edilmişdir. Bundan başqa ilkin İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh hər iki iltizam üzrə aldığı borcu ən geci 2017-ci ilin sonunadək qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin iddia müddəti ilə əlaqədar münasibətləri tənzimləyən normalarına görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (maddə 377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (maddə 377.3). Beləliklə hər iki iltizam üzrə icra müddəti ən geci 31.12.2017-ci il tarixdə bitmiş, müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin axımı 01.01.2018-ci il tarixdə başlamış və 01.01.2021-ci il tarixdə bitmişdir. İlkin iddiaçı isə 04.06.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (380.1). Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (380.2). İlkin iddiaçı qarşılıqlı iddiaçı tərəfindən borc üzrə 2021-ci ilin fevral ayında 1000 manat ödənildiyini bildirmişdir. Lakin qarşılıqlı iddiaçı belə bir ödəniş etmədiyini bildirmişdir. İlkin iddiaçı isə məhkəməyə qarşılıqlı iddiaçı tərəfindən ödəniş edildiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İlkin iddiaçının nümayəndəsi məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin 28 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında tərəflərin izahatında qeyd edilən 1000 manat ödənişin bu borca aid olduğunu, ilkin iddiaçı tərəfindən bu borca silindiyini bildirmişdir. Halbuki, sözügedən qərarın məzmunundan görünür ki, R.Allahverdiyeva və İddiaçı izahatlarında 1000 manat ödənişin X3 ilə Cavabdeh arasında olan 800 qram qızılların alqısatqısı ilə bağlı yaranmış məsələ ilə əlaqədar olduğunu bildirmişlər. Məhkəmə şahid X7 həm borc verilərkən, həm iltizamlar yazılarkən, həm həmin borc üzrə edilən bütün ödənişlər zamanı tərəflərin yanında olması, tərəflərin borc münasibətləri ilə bağlı bütün xırdalıqları dəqiq bilməsi barədə ifadələrini inandırıcı və əsaslı şübhədən kənar mötəbər sübut hesab etmir. Bundan başqa Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin 28 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, ilkin İddiaçı Cavabdeh 39000 manat borc verdiyini, həmin məbləğdən 24000 manatın ödənildiyini, qalan 15000 manat borcun isə ödənilmədiyini bildirmişdir. Həmin araşdırma zamanı dindirilən qarşılıqlı iddiaçı Cavabdeh isə ilkin iddiaçıdan 2000 manat pulu borca götürdüyünü, sonradan borcun faizi ilə birgə artaraq 39000 manat olduğunu, atası tərəfindən həmin borcla əlaqədar İddiaçı 24000 manat ödənildiyini bildirmişdir. Göründüyü kimi həm ilkin iddiaçı, həm də qarşılıqlı iddiaçı izahatlarında 24000 manat borcun qaytarıldığını etiraf etmişlər. Lakin onların hər ikisi bu ödənişin 39000 manat məbləğində olan borcla bağlı olduğunu bildirmişdir. İlkin iddiaçı məhkəmə iclasında verdiyi izahatında da qarşılıqlı iddiaçı tərəfindən edilən 24000 manat ödənişin bu iltizamlardan əvvəl tərtib edilmiş, başqa bir iltizamla, 39000 manat borcun alınması barədə iltizamla bağlı olduğunu bir daha təsdiqləmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh tərəfindən ilkin iddia tələbi üzrə iddia müddətinin kəsilməsinə səbəb olan hərəkət edilməmişdir. İlkin iddiaçı isə məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi və sair tələbləri barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “iltizamın etibarsız hesab edilməsi və sair tələbləri barədə” qarşılıqlı iddiasına dair 2(060)-5406/2021 saylı mülki iş vardır. Hesab edir ki, ilk iddia üzrə İddiaçı iddianın verilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, ilk İddiaçı 23.000 manat məbləğində pulu 20.09.2017-ci il də həmin ilin sonunadək qaytarmaq şərtilə verdiyini bildirir. İlin sonundan 3 il hesablansa, bu 2020-ci ilin sonuncu gününə təsadüf edir. İddia ərizəsi isə 2021-ci ilin ortalarında verilmişdir. Bu tələb üzrə 3 illik iddia müddəti ötürülmüşdür. İlk İddiaçı 33.000 manat məbləğində borcu 05.12.2017-ci il tarixdə 25.12.2017-ci il tarixdə qaytarmaq şərtilə verdiyini bildirir. İstinad etdiyi iltizamdan da bu görünür. Müqavilə şərtinin yerinə yetirilməsi ilə bağlı 3 illik iddia müddəti 25.12.2020-ci il də bitmişdir. İddiaçı isə iddia tələbini 2021-ci ilin ortalarında irəli sürmüşdür. Bu tələb də 3 illik iddia müddəti ötürülmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul və dəymiş ziyan tələbinə dair ilkin iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Məhkəmə hesab edir ki, borc tələbi üzrə iddia müddəti ötürüldüyündən borcun vaxtında qaytarılmaması ilə əlaqədar ilkin iddiaçı tərəfindən tələb edilən mənəvi ziyan hissəsində də ilkin iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı qarşı əqdin mövcud olmadığının müəyyən edilməsi və digər tələblərinə dair qarşılıqlı iddiası da təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddənin mənasına görə, əqdin uydurma əqd hesab edilməsi üçün aşağıdakı şərtlərin hamısının eyni vaxtda mövcud olması zəruridir: birincisi, əqdi bağlayanlar ona uyğun hüquqi nəticələr, yəni əqd üzrə hüquq və vəzifələr yaratmaq niyyəti olmadan həmin əqdi bağlamış olurlar. Başqa sözlə, əqdin tərəfləri həmin əqd üzrə hüquq və vəzifələrin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar; ikincisi, uydurma əqd sırf başqalarını aldatmaq məqsədilə bağlanmış olur. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı barədə iddialara baxılarkən məhkəmə ilk növbədə tərəflərin əsl niyyətinin hansısa hüquqi nəticə əldə etməyə yönəlib-yönəlmədiyini aydınlaşdırmalı, müqavilədəki iradə ifadələrinin həqiqi məzmununu müəyyən etməli, bu zaman tərəflərin müqavilədən öncəki və sonrakı davranışları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə tərəflər arasında bağlanmış iltizamların uydurma olmaqla etibarsız olduğunu sübut etmək yükü qarşılıqlı iddiaçı Cavabdeh üzərinə düşür. Məhkəmə isə hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, qarşılıqlı iddia tələbinin əsası kimi istinad edilən hallardan biri 20.09.2017-ci il tarixli və 05.12.2017-ci il tarixli iltizamlarda “imza” qrafasındakı imza və yazıların Cavabdeh tərəfindən imzalanmaması ilə bağlı olmuşdur. Halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22.02.2022-ci il traixli, 4/113 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 24-cü vərəqində Cavabdeh adından olan 05.12.2017-ci il tarixli və 25-ci vərəqində olan 20.09.2017-ci il tarixli iltizamlardakı yazılar və həmin iltizamların sonunda “İmza; Cavabdeh” yazılarının qarşısındakı imzalar ilə mülki işin 129-135-ci vərəqələrində olan Cavabdeh eksperimental xətt və imza nümunələrinin - EYNİ ŞƏXS tərəfindən icra olunduğu müəyyən edilmişdir. Bundan başqa qarşılıqlı iddia tələbinin əsası kimi istinad edilən hallardan digəri Cavabdeh İddiaçı hədələrindən qorxaraq 2.000 manat borc aldığı halda 33.000 manat borc alması barədə yazılı iltizam yazmaq məcburiyyətində qalması ilə bağlıdır. Lakin yuxarıda adı çəkilən ekspert rəyi ilə ekspertizaya təqdim edilmiş, mülki işin 24cü vərəqində Cavabdeh adından olan 05.12.2017-ci il tarixli və 25-ci vərəqində olan 20.09.2017-ci il tarixli iltizamlardakı yazılarda - əlyazmanın qeyri-adi psixofizioloji və hər hansı qeyri-adi şəraitdə (fiziki və psixi təsir altında) icra olunmasını xarakterizə edən əlamətlər müəyyən olunmamışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunun məzmunundan göründüyü kimi, etibarsızlıqla əlaqədar mübahisə maraqlı şəxs tərəfindən ən çoxu bir il müddətində mübahisələndirilə bilər. Məhkəmə hesab edir ki, MM-nin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Lakin qarşılıqlı iddiaçı Cavabdeh hüquqlarının pozulduğunu bildiyi andan bir il müddətində belə mübahisə açmamış, 4 ildən çox keçdikdən sonra qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməklə qanunla müəyyən edilmiş müraciət müddətini də ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən Cavabdeh İddiaçı qarşı əqdin mövcud olmadığının müəyyən edilməsi, iltizamların etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilmədiyindən ödənilmiş dövlət rüsumları və digər məhkəmə xərcləri tərəflərin özünə aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza xərci ilkin iddiaçı ilə qarşılıqlı iddiaçı arasında bərabər bölünməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 140 manat təşkil etmişdir. Bu səbəbdən ekspertiza xərcinin 70 manatı ilkin iddiaçıya, 70 manatı isə qarşılıqlı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul və dəymiş ziyan tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı əqdin mövcud olmadığının müəyyən edilməsi, iltizamların etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddia tələbləri təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci olaraq İddiaçı 70 (yetmiş) manat və Cavabdeh 70 (yetmiş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar