Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-956/2025 18.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 12000 manat və dövlət rüsumuna görə ödədiyi 180 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 06 oktyabr 2023-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Çayka” sanatoriyasında görüşmüşdürlər. Həmin vaxt Cavabdeh yaxın qohumu Cəmalə, qaynı Anarın yoldaşı X4, Şəmsin qohumu X1 yanında ondan 150 qram çəkidə müxtəlif əyarlı qızılları almış və şifahi razılaşmalarına əsasən ilkin ödəniş kimi 1500 manat ödəməklə, növbəli ay 500 manat, qalan 13 ay ərzində isə hər ay 1000 manat ödəməklə borcu bağlamağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh 2023-cü ilin noyabr avında 500 manat, dekabr ayında isə 1000 manat pulu ona ödədikdən sonra qalan 12000 manat pulu ona vermədi. Dəfələrlə Cavabdeh həmin pulları tələb etsə də, o, hər dəfə müxtəlif bəhanələr gətirmiş və ona olan 12000 manat borcu ödəmək istəmir. Onu aldatması faktına görə Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdeh Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində ondan qızılları almasını və 12000 manat ona olan borcunu etiraf etmişdir. Qeyd olunan qızılları rəfiqəsi Təranədən almış və yaxın qohumlarından borc alıb onun pulunu vermişdir. Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində ərizəsi əsasında toplanmış 11K-1/2853 saylı material üzrə aralarında olan mübahisənin mülki xarakterli olması səbəbindən 12 noyabr 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və mübahisə ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Buna görə də məcbur qalıb məhkəməyə müraciət edir və hesab edir ki, məhkəmə ona kömək edib Cavabdeh 12000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edəcəkdir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh 2023-cü ilin oktyabr ayında iddiaçıdan qızıl almaq niyyəti ilə qohumları Cəmilə, Ceyhunə və Aynurə ilə birgə Aynurəyə məxsus evdə görüşmüşdürlər. Aralarındakı razılaşmaya əsasən ilkin ödəniş kimi 1500 manat ödəməklə, növbəti ay 500 manat, qalan 13 ay ərzində isə hər ay 1000 manat ödəməklə borcu bağlamağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh 2023-cü ilin noyabr ayında 500 manat, dekabr ayında isə 1000 manat ödəmiş və qalan 12000 manat pulu qaytarmamışdır. Bu məsələ ilə bağlı Sabunçu rayon Polis İdarəsinə müraciət olunmuş və cinayət işinin başlanması rədd edilmişdir. Lakin cavabdeh izahatında qızılları aldığını və cəmi 3000 manat ödədiyini etiraf etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirdi ki, cavabdeh Polis İdarəsində verdiyi izahatda tələb olunan məbləği etiraf etməmişdir. 3000 manat məbləğində qızıl götürülmüşdür. İddiaçı da etiraf edir ki, 3000 manat pul vəsaiti qaytarılmışdır. İddia tələbində qeyd olunan məbləğlə bağlı sübut yoxdur. Şahid ifadələri isə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Şahidlərdən Cehunə adlı şəxsin cavabdehlə münasibətləri qənaətbəxş olmamışdır.
Şahid ifadələri:
6. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində bildirdi ki, Şəms onun anasının bibisinin gəlinidir. İddiaçı isə qaynının arvadıdır. Qızıl satışı ilə məşğul idi. İddiaçı onlarda olanda Şəms gəlib qızılları götürmüşdür. Çox sayda qızıl götürmüşdür. Bunun səbəbini ondan soruşanda qızılları girov qoyub ev alacağını bildirmişdir. Evi haradan aldığını bilmir. Qızıllar 150 qram idi. İlkin olaraq 1500 manat ödəmiş, qalan məbləği isə hissə-hissə ödəməyi üzərinə götürmüşdür.
7. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 ifadəsində bildirdi ki, iddiaçı qızıl satışı ilə məşğuldur. Ona köməklik etmək məqsədi ilə satdığı qızılların şəklini paylaşmışdır. Şəms qızılların şəklini görmüş və iddiaçının nömrəsini istəmişdir. O da vermişdir. Sonra Sabunçu rayonu, Bilgəh qəsəbəsində eltisigilin evində, yəni Aynurəgilin evində Şəms qızılları iddiaçıdan götürmüşdür. Qızılların qiyməti 15000 manat məbləğində idi. İlkin ödəniş olaraq 1500 manat vermiş, qalan məbləği hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Sonradan 1500 manat da vermiş, lakin qalan borcu ödəməmişdir. Qızılları girov qoyub ev almaq istəmişdir. Alınıb-alınmaması ilə bağlı məlumatı yoxdur. Qızıl 150 qram olmuşdur.
Tədqiq olunan sübutlar:
8. Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən qəbul olunmuş 12 noyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanılmış material uzrə cinayət işinin başlanmasının rədd edilməsi və bu barədə maraqlı tərəflərə məlumat verilməsi qərara alınmışdır. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
12. İş materialları ilə müəyyən olunur ki, tərfələr arasında qızılın alqı-satqısı ilə bağlı şifahi razılaşma (müqavilə) olmuş, cavabdeh tərəfindən iddiaçıdan 15000 (on beş min) manat məbləğində qızıl əşyaları alınmışdır. Həmin əşyaların dəyəri olaraq iddiaçıya 3000 (üç min) manat məbləğində pul vəsaiti ödənilmişdir.
13. Hazırda iddiaçı cavabdehdən 12000 manat borcun alınaraq ona ödənilməsini məhkəmədən xahiş edir.
14. Cavabdeh iddiaçıdan qeyd olunan məbləğdə qızıl əşyaları alması onun Sabunçu rayon Polis İdarəsində verilmiş izahatı ilə də öz təsdiqini tapır.
15. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilinin cavabdehin polis bölməsində 3000 manat məbləğində qızıl götürməsi ilə bağlı izahat verməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, məhkəməyə təqdim edilmiş videodiskdə qeydə alınmış səsyazmaları da iddiaçının yalnız 3000 manat məbələğində qızıl əşyaları almasını təkzib edir. Bundan başqa Sabunçu rayon Polis İdarəsində veridyi izahatda cavabdeh iddiaçıya 12000 manat məbləğində borcunun qaldığını etiraf etmişdir.
16. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
17. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə verilən mallar daşınar əşyalar olduğundan və eyni zamanda qanunvericiliyə əsasən həmin əşyalar daşınar əşyaların rəsmi reyestrində qeydə alınmalı olan əşyalar olmadığından tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə zidd olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən 29-cu fəslində qeyd edilən əşyaların alqı-satqısı ilə bağlı şifahi müqavilənin bağlanmasını istisna edən hər hansı bir şərt nəzərdə tutulmamışdır. İddiaçının izahatından görünür ki, onlar arasında qızıl əşyaların nisyə alqı-satqısı ilə bağlı şifahi razılaşma (müqavilə) olmuşdur.
18. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
19. Hazırki halda cavabdeh borc məbləğinə etiraz etsə də, etirazının dəlillərini sübut edə bilməmişdir. İddiaçı isə tələbinin əsası kimi istinad etdiyi halları sübut etmişdir.
20. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 12000 (on iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
Nəticə:
21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 126 (yüz iyirmi altı) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vəfa Şirəliyeva