Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-9567/2021 03.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı Cavabdeh qarşı "əmlakın mülkiyyətə verilməsi və ya pul tələbinə dair" iddiası üzrə Beyləqan rayon Məhkəməsinin icraatında olan 2(004)-1564/2021 saylı mülki işin aidiyyəti üzrə baxılmasından ötrü Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsinə dair 04 noyabr 2021-ci il tarixli qərardadını və mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "əmlakın mülkiyyətə verilməsi və ya pul tələbinə dair" iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh məxsus 599,28 kv.m həyətyanı torpaq sahəsində öz hesabına inşa etdiyi və ona məxsus olan 2 mərtəbəli 9 otaqlı evi, yardımçı tikliləri, mətbəx və sanitar qovşağı ilə birlikdə onun mülkiyyətinə verilməsi və ya həmin tiklilərin dəyəri olan 36.800 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərardadı ilə qeyd edilən mübahisə üzrə mülki işin aidiyyəti üzrə baxılmasından ötrü Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edilən qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə istinadən qəbul etmişdir. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, qeyd edilən mübahisəyə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı deyildir. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçının əsas tələbi daşınmaz əmlakın mülkiyyətinə verilməsi ilə bağlıdır. Pul tələbi isə ikinci tələb qismində çıxış edir. Bu baxımdan məhkəmə hesab edir ki, ərazi aidiyyəti cavabdehin rəsmi qeydə alındığı ünvana görə deyil, əsas tələbə münasibətdə müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qoyulmuş tələb MPM-in 35-ci maddəsinin tələbi baxımından deyil, MPM-nin 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyət qaydalarına uyğun baxılmalıdır. Odur ki, məhkəmə Beyləqan Rayon Məhkəməsinin qeyd edilən qərardadında MPM-nin 35-ci maddəsinə istinad etməsi ilə bağlı xüsusatla razılaşmır və hesab edir ki, MPM-nin 35-ci maddəsinin tələbləri hazırki halda tətbiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı "əmlakın mülkiyyətə verilməsi və ya pul tələbinə dair" iddiası üzrə Beyləqan Rayon Məhkəməsi ilə Sumqayıt Şəhər Məhkəməsi arasında yaranan fikir ayrılığına münasibət bildirilməsindən ötrü, mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-9567/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-9567/2021
03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver