Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-96/2025 16.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh idarə etdiyi “Renault Megane minik” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomaşınla "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələbini pozaraq, iddiaçının idarə etdiyi “Mercedes C240 minik” markalı ** KU *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq iddiaçıya maddi zərər vurmuşdur. Faktla əlaqədar olaraq araşdırma aparılmış, cavabeh şəxsin barəsində AR İXM-nin 327.1, 327.2, 469.3 cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Hadisə zamanı idarə etdiyi “Mercedes C240 minik” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomaşına 2175 manat məbləğində zərər dəymişdir. Həmin zərəri cavabdehdən təiəb etsə də, o, iddiaçıya hər hansı bir ödəniş etməmişdir. O, könüllü olaraq avtomaşını vurduğu zərəri ödəmək istəmir. İddiaçı dəfələrlə ondan pulunu tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Dəymiş maddi zərərə görə 2175 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Həmçinin dövlət rüsumu kimi ödədiyi 42 manat rüsum da cavabdehə aid olunmalıdır. Göstərilənlərə əsasən, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş 2175 manat məbləğində maddi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmçinin iddiaçı tərəfindən ödənilmiş 42 manat dövlət rüsumun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, hadisə yerində polis əməkdaşları olduğu üçün sığortanın olmadığını bildirməmişdir. Sığorta məsələsi bəlli olduqdan sonra iddiaçı pulunu tələb etdikdə o, ödəməyə maddi imkanı olmadığını, məhkəməyə müraciət etməsini bildirmişdir. Avtomobilə arxa hissədən zərər dəymişdir. Hesab edir ki, tələb edilən məbləğ çoxdur. 2011-ci il tarixdən avtomobil idarə edir. Əlavə olaraq qeyd edir ki, hadisə “Ceyran” Şadlıq Sarayanın yanında olmuşdur. Orada sağa dönmək üçün hər zaman işıqforun yaşıl işığı yanır. O, digər avtomobilin arxasından çıxan zaman iddiaçıya məxsus avtomobili görmüş, lakin avtomobilini saxlamağı qeyri-mümkün olmuşdur. Hadisə yerindən qaçmamış və 40 manat cərimə ödəmişdir. Fəhlə işləyir. Bəzi günlər iş olsa da, bəzi günlər olmur. Həmçinin bildirir ki, 3 uşağı var və 300 manat aliment ödəyir. Başqa gəlir mənbəyi yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İşin materiallarında olan Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib edilmiş № İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun və xx.xx.2024-cü il tarixli, № TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, ** RP *** dövlət qeydiyyat nişanlı, “Renault Megane minik” markalı avtonəqliyyat vasitəsini idarə etmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələri ilə təqsirli bilinmişdir.
9. İş materiallarında olan AD seriyalı 368366 saylı, xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** RP *** dövlət qeydiyyat nişanlı, “Renault Megane minik” markalı avtomobil X2 məxsusdur.
10. İş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 özünə məxsus olan ** RP *** dövlət qeydiyyat nişanlı, “Renault Megane minik” markalı avtonəqliyyat vasitəsinin xx.xx.2032-ci il tarixədək Cavabdeh istifadəsinə vermişdir.
11. İş materiallarında olan “Şahin-95” firması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “Mercedes Benz C240” minik markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 2175 manat məbləğində ziyan dəymişdir.
12. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/5744 saylı ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan “Şahin-95” firması tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 2003-cü il buraxılışlı “Mercedes- Benz” markalı, C240 model, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən dəyişilmə hissələrinin qiyməti 575 manat, təmir-bərpa işlərinin qiyməti 670 manat olmaqla, ümumilikdə 1245 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə idarə etdiyi ** RP *** dövlət qeydiyyat nişanlı, “Renault Megane minik” markalı avtomobil ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə iddiaçıya məxsus “Mercedes-Benz” markalı, C240 model, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Hazırda iddiaçı vurulmuş zərərin əvəzini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
19. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
20. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir.
22. Məhkəmə, həmçinin ziyanın məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktını cavabdeh mübahisələndirdiyindən məbləğin yenidən qiymətləndirilməsinə zərurət qalmışdır.
23. İşin materiallarında olan məhkəmənin qərardadı əsasında keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, 2003-cü il buraxılışlı “Mercedes- Benz” markalı, C240 model, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən dəyişilmə hissələrinin qiyməti 575 manat, təmir-bərpa işlərinin qiyməti 670 manat olmaqla, ümumilikdə 1245 manat müəyyən edilir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır.
24. Beləliklə, məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, həmçinin, ekspert rəyinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1245 (bir min iki yüz qırx beş) manat məbləğində pul və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
25. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
Nəticə hissəsi:
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1245 (bir min iki yüz qırx beş) manat məbləğində pul və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva