Məhkəmə qərarları › İş №2(060)-964/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-964/2022

09.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-964/2022 09.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21.02.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X2” haqqında müqavilə imzalanmışdır. 28.04.2020-ci il tarixli 232-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. 25.09.2020-ci il tarixində əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə 587-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 07.08.2020-ci il və 01.09.2020-ci il tarixində Oba-Saray 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 07.08.2020-ci il və 01.09.2020-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən 1349 (min üç yüz qırx doqquz) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borcdan 547 (beş yüz qırx yeddi) manat güzəşt edilmiş, 15 (on beş) manat isə şirkətdən alacağı vəsaitlə qarşılanmış və yekun olaraq cavabdehin cəmiyyət qarşısında 787 (yeddi yüz səksən yeddi) manat borcu yaranmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 787 (yeddi yüz səksən yeddi) manat və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat pulun tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsi və qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh həmin ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 21.02.2020-ci il tarixli 094-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh həmin tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə Cəmiyyətin Satış Departamentinin Satış 2 Şöbəsinə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında 21.02.2020-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. İşdə olan 28.04.2020-ci il tarixil 232-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinə Administrator vəzifəsinə keçirilmişdir. İş materialarına əlavə olunmuş Cavabdeh ilə X4 MMC arasında bağlanmış 21.02.2020-ci il tarixli X2 haqqında müqavilələrə əsasən Cavabdeh tam maddi məsul vəzifəyə işə qəbul olunmuşdur. Həmin müqavilənin 1-ci bəndinə əsasən maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Müqavilənin 1.1-ci bəndinə əsasən maddi məsul şəxs ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır. İşdə olan 25.09.2020-ci il tarixli, 587-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsinə 25.09.2020-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması ilə) xitam verilmişdir. İş materiallarında olan 01.09.2020-ci il tarixdə təsdiq edilmiş “Aktivlər üzrə İnventarizasiya Nəticələrinə” dair Oba-Saray 5 mağazasında 07.08.2020-ci il və 01.09.2020-ci il tarixli inventarizasiya siyahısı ilə aparılmış yoxlamanın nəticələri barədə aktdan görünür ki, 07.08.2020-ci il tarixdən 01.09.2020-ci il tarixədək 25 günü əhatə edən yoxlama dövrü üçün 1349 (min üç yüz qırx doqquz) manat çatışmazlıq müəyyən edilmişdir. Akt maddi-məsul şəxs kimi Cavabdeh tərəfindən imzalanmışdır. İşə əlavə edilmiş "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 12.04.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, həmin məktubla İ. Kərimliyə bildirmişdir ki, "Oba Market” MMC-də işlədiyi dövrdə fəaliyyəti yoxlanılmış və əskikgəlmə aşkarlanmışdır. Vəzifə təlimatına, eləcə də, "xxxx" MMC ilə bağlamış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən işçi ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır. Hazırda faktiki qalıq borcu 787 AZN təşkil edir. 3 gün müddətində qeyd olunan borcun ödənilməsini təmin etməyi xahiş olunmuşdur. Əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş 02.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlı inventarizasiyası yoxlaması keçirilmiş, inventarizasiya nəticəsində 1349 manat çatışmazlıq müəyyən edilmiş, həmin ziyanın 547 manat hissəsi şirkət tərəfindən güzəşt edilmiş, 15 manat isə şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Beləliklə, Cavabdeh 02.06.2021-ci il tarixə İddiaçı MMC-yə olan borcu 787 manat təşkil edir. İş materiallarına əlavə olunmuş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 04.11.2021-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı MMC-nin nümayəndəsi tərəfindən ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-də tam maddi məsul şəxs kimi işə qəbul olunmuşdur. Onun tam maddi məsul şəxs olduğu dövrdə təftiş yoxlaması həyata keçirilmiş, nəticədə çatışmazlıq müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə müvafiq güzəşt olunaraq dəymiş ziyanın əvəzində ondan 787 manat pul tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş materialları, Cavabdeh özü tərəfindən imzalanmış sənədlərlə, o cümlədən 07.08.2020-ci il və 01.09.2020-ci il tarixli aktla Cavabdeh İddiaçı MMC-yə 1349 manat məbləğində ziyan vurduğu öz təsdiqini tapdığından, həmin məbləğin 547 manatı güzəşt olunduğundan və 15 manatı şirkətdən alacağı vəsaitlə qarşılandığından Cavabdeh iddiaçıya vurduğu ziyana görə 787 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad edən halları sübut edə bildiyindən iddia tələbi təmin edilməli, Cavabdeh 787 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilən 50 manat mediasiya xərci də cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə 787 (yeddi yüz səksən yeddi) manat borc və ödənilmiş 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar