Məhkəmə qərarları › İş №2(060)-977/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-977/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-977/2025 06.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 123937 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyim 413,93 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, yaxın bir şəxsin vasitəsi ilə tanıdığı Cavabdeh 2022-ci ilin oktyabr ayında pula ehtiyacının olduğunu bildirərək ondan 130000 manat məbləğində borca pul istədi. Cavabdeh ilə 19 oktyabr 2022-ci il tarixdə Siyəzən rayon dövlət notariat ofisində kredit müqaviləsi bağlamış və Cavabdeh 130000 manat məbləğində pul borc vermiş və Cavabdeh həmin pul məbləğini 19 oktyabr 2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Borca pulu ona görə vermişdir ki, onun Xaçmaz şəhərində kommersiya obyektinin olduğunu bilmiş və hesab etmişdir ki, Cavabdeh iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan müddət ərzində tam şəkildə qaytaracaqdır. Lakin, cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək iddiaçıya olan borcunu qaytarmamışdır. Cavabdeh iddiaçıya olan borcunu qaytarmadığından iddiaçl Cavabdeh ilə 25 oktyabr 2023-cü il tarixdə Siyəzən rayon dövlət notariat ofisində müqaviləyə düzəlişə dair müqavilə bağlamış və əvvəlki müqaviləyə dəyişiklik edilməklə borcun qaytarılması müddətinin 19 oktyabr 2024-cü il tarixədək uzadılması ilə bağlı razılığa gəlmişlər. Cavabdeh iddiaçıya olan borcundan çıxılmaq şərtilə 2023-cü ilin oktyabr ayı ərzində 3947 manat dəyərində malları 30 faiz endirimlə yəni, 2763 manata İddiaçı vermiş və həmçinin cavabdeh ona məxsus bank kartına 2024-cü ilin may-avqust ayları ərzində 3300 manat ödəniş etmişdir. Qeyd olunanlardan başqa cavabdeh iddiaçıya olan borcundan heç bir ödəniş etməmişdir. Müqavilənin müddətinin bitməsinə baxmayaraq, cavabdehin mənə ödənilməmiş 123937 manat borcu qalmışdır (130000 - (3300+2763) = 123937). İddiaçı dəfələrlə cavabdehdən pulu geri tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh ona borclu olduğu 123937 manat pul alınaraq iddiaçıya verilməlidir. Ona görə də pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil da iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, o, teleqram vasitəsi ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdi. Bundan əvvəl də iddiaçıdan 100000 manat pul aldığını, pulu biznes üçün istifadə etdiyini, iddiaçının pulunu onun payına düşən hissə də daxil olmaqla, yəni 100000 manata görə hər ay 8000 manat olmaqla artıqlaması ilə ödədiyini bildirmişdir. İkinci dəfə isə 130000 manat pul götürmüş və bu pula görə hər ay 10400 manat pul ödəməli idi. Sonra vəziyyəti pisləşdiyi üçün bir müddət ödəyəndən sonra ödəyə bilməmişdir. Borcun bir qisminin əvəzinə müxtəlif mallar vermişdir, qalan borcu isə iddiaçıdan dəfələrlə xahiş etmişdir ki, ona möhlət versinlər. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh idiaçıdan 130000 manat borc almışdır və xx.xx.2023-cü il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. - Notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli müqaviləyə düzəlişə dair müqavilədən görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə dəyişiklik edilərək Cavabdeh idiaçıdan aldığı borcu xx.xx.2024-cü il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. - İddiaçı Cavabdeh ******* nömrəli, xx.xx.2023-cü il tarixli qaimə fakturası ilə 266,40 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli qaimə fakturası ilə 164,90 manat; ******* nömrəli xx.xx.2023-cü il tarixli qaimə fakturası ilə 285,10 manat; ******* nömrəli, xx.xx.2023-cü il il tarixli qaimə fakturası ilə 236,90 manat; ******* nömrəli, xx.xx.2023-cü il il tarixli qaimə fakturası ilə 1014 manat; ******* nömrəli xx.xx.2023-cü il tarixli qaimə fakturası ilə 185,70 manat dəyərində malları almışdır. - Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli qəbzlə 1300 manat; xx.xx.2024-cü il tarixli qəbzlə 200 manat; xx.xx.2024-cü il tarixli qəbzlə 1000 manat; xx.xx.2024-cü il tarixli qəbzlə 500 manat; xx.xx.2024-cü il tarixli qəbzlə 300 manat məbləğində pul iddiaçıya ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçıdan 130000 manat pul almışdır. Siyəzən rayon 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə cavabdeh xx.xx.2023-cü il tarixədək pulu geri qaytarmağı öhdəsinə götürmüşdür. Siyəzən rayon 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixli müqaviləyə düzəlişə dair müqavilə bağlanmış və cavabdeh xx.xx.2024-cü il tarixədək borcu geri qaytarmağı öhdəsinə götürmüşdür. Bundan əlavə iddiaçı cavabdehdən borc qarşılığında 2763 manat dəyərində mal almış eləcə də cavabdeh iddiaçının kart hesabına müxtəlif vaxt aralığı ilə 3300 manat ödəniş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 123937 manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 100000 manatdan ******* manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 390 manat + 10000 manatdan yuxarı iddia qiymətinin 0,1 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 123937 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 413,93 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 123937 manat borc və 413,93 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar