Məhkəmə qərarları › İş №2(060)-98/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-98/2023

07.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-98/2023 07.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı2, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 2 saylı evin 110 saylı mənzilində yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərfindən ona vurulmuş 500 manat ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 2 saylı evin 107 saylı mənzilinin mülkiyyətçisidir. İddiaçı1 mənzili yeni almış və mənzil üzərində hüquq xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı1 mənzili aldıqdan sonra atası İddiaçı2 həmin mənzili təmir etməyə başlamış və yekunlaşdırmışdır. Bundan sonra onlar fasilələrlə olsa belə mənzildə yaşamağa başlamışdırlar. Lakin, elə ilk günlərdən Rəhman Salehov bildirmişdir ki, mənzilin hamamının tavanından su axır. Rəhman Salehov üst qonşu, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 2 saylı evin 110 saylı mənzilində yaşayan şəxslərə, sonradan adlarını bildikləri - Cavabdeh1 və Cavabdeh2 yaxınlaşaraq sonuncuların hamam otağından evlərinə su axdığını və hamamdan istifadənin yararsız hala düşəcəyini bildirmişdir. Hər bir halda cavabdehlər tam da olmasa söz vermişdirlər ki, məsələni həll edəcəklər. Lakin, xx.xx.2022-ci il tarixdə gec saatlarda evdə olarkən yenidən hamam otağında suyun dayanmadan axdığını eşidən Rəhman Salehov yenidən üst mərtəbədə qalan cavabdehlərə məlumat vermək üçün onların qapılarını döymüşdür. Lakin bu dəfə qonşular Rəhman Salehova qarşı kobud davranmış, ona fiziki təsir göstərmiş olmalarına baxmayaraq 102 qaynar xəttinə müraciət edərək Rəhman Salehovdan şikayət etmişlər. Rəhman Salehov Sumqayıt şəhəri Polis idarəsi 1-ci Polis Bölməsinə dəvət edilərək ondan şikayətlə bağlı yazılı izahat almışlar. Hər bir halda evə axan çirkab sularının qarşısını almaq üçün Rəhman Salehov müvafiq MİS-nə müraciət etmiş və hətta cavabdehlərə bildirmişdir ki, çirkab suyun axıntısının qarşısının alınması üçün özü usta çağıraraq sızıntının aradan qaldırılması üçün təmir işləri gördürməyə razıdır. Çətinliklə də olsa MİS-nin əməkdaşlarının köməyi ilə cavabdehlərin mənzilində hamam otağında müəyyən təmir işləri görülmüşdür. Əfsuslar olsun ki, bu təmirdən sonra da su sızıntısı dayanmamışdır və hal-hazıradək davam edərək onların evinin təmirini pis vəziyyətə salır. Mənzilin blokunda yaşayan digər sakinlər də daha əvvəllər cavabdehlərə qarşı su sızıntısı ilə bağlı şikayətlərinin olmasını bildirmiş, lakin bu müraciətlərin, şikayətlərin hər hansı bir nəticəsi olmamışdır. Bu halı MİS-nin əməkdaşları da təsdiq edir. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, iş üzrə keçirilmiş ekspert rəyi ilə və həmin rəydə göstərilən ziyan məbləği ilə razıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili Vəkil İddiaçı2 göstərdiklərini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Su xətti bütün binaya məxsusdur və yaranan problem də binanın ana su xəttindən qaynaqlanır. Ona görə də hesab edir ki, bu hadisədə onun və anasının təqsiri yoxdur. Hesab edir ki, boruda yaranmış nasazlıq iddiaçıların evini təmir edərkən boruya yetirdiyi zərərdən qaynaqlanır. Buna baxmayaraq o, MKTİB-yə müraciət edərək nasazlığın aradan qaldırılmasını tələb etmişdir. Lakin, oradan ona vəsaitlərinin olmadığı bildirildiyindən o, özü xərc çəkərək usta gətirmiş və borunun onun mənzilinə aid hissəsindəki nasazlığı aradan qaldırmışdır. O, eyni zamanda əlavə ekspertiza keçirilməsi barədə vəsatətinin olmadığını bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 Cavabdeh2 göstərdiklərini müdafiə edərək, iddianı qəbul etmədiyini bildirdi. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən bina 2-də qonşuluqda yaşayan şəxslərin cavabdehlərdən başqa heç kimlə mübahisələri olmamışdır. Cavabdehlər həmin binada bir çox adama zərər vurmuşlar. Həmçinin onun evinə də su axıdıblar. İddiaçıların mənzilinə zərər vuran çirkab su cavabdehlərin mənzilindən axmışdır. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdi ki, İddiaçı1 həyat yoldaşı, İddiaçı2 həm əmisi, həm də qaynatasıdır. İddiaçı2 ona zəng vuraraq onu yaşadığı ünvana çağırmışdır. O, həmin ünvanda Cavabdeh2 əmisi İddiaçı2 yerə yıxaraq sinəsi üzərinə çıxmasını, cavabdehin anasının isə yerdə uzandığını, ağız və burnunun qan içində olduğunu görmüşdür. Məhkəmə, tərəflərin izahatını, vəkilin çıxışını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İş materiallarına əlavə edilmiş üç nəfərin iştirakı ilə tərtib edilmiş və imzalanmış xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 2, mənzil 107də yaşayan İddiaçı2 və onun üstündə yaşayan qonşu mütəmadi olaraq çirkab su axıdır. Su axmağı nəticəsində yaşayan sakinə maddi və mənəvi ziyan dəymiş, elektrik xətti qısaqapanma verib sıradan çıxmışdır. Xəbərdarlıqlara baxmayaraq qarşısı alınmır. Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 2, mənzil 110-da yaşayan Cavabdeh1 və Cavabdeh2 şikayət edən İddiaçı2 qarşı sərt rəftar etmişlər. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 2 saylı evin 107 saylı mənzilinin mülkiyyətçisi İddiaçı1dır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. - İş üzrə xx.xx.2023-cü il tarixli, 10/6977 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 50 manat təşkil etdiyi göstərilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 2 saylı evin 110 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh1dır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1 mülkiyyətində olan mənzilin hamamına tavandan su sızmışdır. Yuxarı mərtəbədə yerləşən (bilavasitə üstdə) mənzilin mülkiyyətçisi Cavabdeh1dır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/6977 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 107 saylı mənzilin cavabdehə məxsus 110 saylı mənzilin altında yerləşdiyini, 107 saylı mənzilin dəhliz və sanitar qovşaq tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarındakı aktın məlumatlarını nəzərə alaraq, Sumqayıt şəhəri, 10-ci mikrorayonda yerləşən 2 saylı evin 107 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 110 saylı mənzildən su axıdılığı və nəticədə 107 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 110 saylı mənzilin sanitar qovşağında təmir işləri aparıldığından, su və kanalizasiya xətlərin kafel-metlax təbəqəsinin altında qaldığından, elədə də baxış zamanı su sızması davam etmədiyindən, 107 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma halların baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 107 saylı mənzilə su sızması 110 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması, mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi və ya ümumi kanalizasiya xəttində nasazlıq yaranması səbəbindən baş verə bilər. Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 2 saylı evin 107 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 244 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, İddiaçı1 Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 2 saylı evin 107 saylı mənzilinin mülkiyyətçisi iddiaçılardan İddiaçı1 olduğundan İddiaçı2 pul tələbinə dair iddia irəli sürməyə subyektiv hüququ mövcud deyildir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 2 saylı evin 110 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh1dır. Odur ki, Cavabdeh2 iddiaya cavab verməli olmayan şəxsdir. Cavabdeh2 İddiaçı1 qarşısında hazırki tələb üzrə öhdəlik daşımadığından iddia ona münasibətdə əsassızdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən İddiaçı1 maddi ziyan vurulması və Cavabdeh1 buna gətirib çıxaran əməldə təqsiri habelə dəymiş zərərin məbləğinin 244 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı1 Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 2 saylı evin 107 saylı mənzilinin mülkiyyətçisi iddiaçılardan İddiaçı1 olduğundan İddiaçı2 pul tələbinə dair iddia irəli sürməyə subyektiv hüququ mövcud deyildir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 2 saylı evin 110 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh1dır. Odur ki, Cavabdeh2 iddiaya cavab verməli olmayan şəxsdir. Cavabdeh2 İddiaçı1 qarşısında hazırki tələb üzrə öhdəlik daşımadığından iddia ona münasibətdə əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 244 manat məbləğində dəymiş ziyan İddiaçı1 xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq İddiaçı1 25.6 manat, Cavabdeh1 24.4 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 244 manat məbləğində pul tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı1 25.6 manat, Cavabdeh1 24.4 manat tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ********************) Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar