Məhkəmə qərarları › İş №2(060)-980/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-980/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-980/2025 05.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X1 xx.xx.2024-cü ildə iddiaçıdan 3500 manat və xx.xx.2024-cü ildə 3300 manat olmaqla, ümumilikdə 6800 manat pul götürmüş və həmin puldan ödəniş etməmişdir. Pulu götürərkən özünə məxsus olan bəzi sənədləri - şəxsiyyət vəsiqəsini və hərbi biletinin surətini girov qoymuşdur. İddiaçı cavabdehə pretenziya məktubu göndərmiş, lakin yenə də cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Buna görə də məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət edir. Göstərilənlərə əsasən Cavabdeh 6800 manat məbləğində borcun və dövlət rüsumu kimi ödədiyi 89 manat pulun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh izahat verərək iddia tələbinin təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Belə ki, iltizamı yazdığını qəbul edir, lakin orda qeyd olunan məbləği məcburiyyət qarşısında qalaraq qeyd etdiyini bildirmişdir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları

6. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli borc müqaviləsindən (iltizam) görünür ki, Cavabdeh İddiaçı 3500 manat məbləğində borc aldığını etiraf edərək, həmin pulu 1 ay müddətində qaytaracağını öhdəsinə götürmüşdür.

7. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli borc müqaviləsindən (iltizam) görünür ki, Cavabdeh İddiaçı 3300 manat məbləğində borc aldığını etiraf edərək, həmin pulu 15 gündən sonra qaytaracağını öhdəsinə götürmüşdür. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iş materiallarında olan əlyazma borc müqaviləsindən göründüyü kimi tərəflər arasında borc münasibətləri mövcud olmuş, Cavabdeh İddiaçı 6800 manat məbləğində borc almışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

9. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

10. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

11. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

12. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

15. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

16. Eyni Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

17. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş və Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixdə 3500 manat, xx.xx.2024-cü il tarixdə isə 3300 manat məbləğdə borc pul almışdır. Lakin cavabdeh borcundan hər hansı bir məbləği iddiaçıya qaytarmamışdır.

18. İşin qeyd olunan halı cavabdeh tərəfindən imzalanmış sadə formalı qəbzlər ilə təsdiqin tapır. Həmçinin əksi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı iddia tələbinə dair etiraz ünvanlanmamış, lakin məhkəmə iclasında həmin qəbzlərin məcburi şəkildə yazıldığını bildirmişdir.

19. Məhkəmə qeyd edir ki, cavabdeh iltizamların məcburi şəkildə yazılması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, məhkəmə bu məsələni əsaslı hesab edə bilməz.

20. Belə ki, AR MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmalı, Cavabdeh 6800 (altı min səkkiz yüz) manat məbləğində pul, habelə 88 (səksən səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir.

23. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 6800 (altı min səkkiz yüz) manat məbləğində pul, habelə 88 (səksən səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar