Məhkəmə qərarları › İş №2(060)-9900/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-9900/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-9900/2021 08.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı əmanətin və faizlərin qaytarılması barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 (bundan sonra - iddiaçı) Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 3500 manat pulun və əmanətlərə görə faizlərin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. İddia ərizəsinin məzmunu ilə müəyyən edilir ki, iddiaçı ilə "xxxx" ASC-nin Sumqayıt filialı arasında 07 noyabr 2019-cu ildə, 07 UNİ 2019/0300 saylı universal bank əmanəti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank iddiaçıdan 3500 manat məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin məbləğdə pulu "xxxx" ASC-nin Sumqayıt filialına ödəyib. Bakı Apellyasiya Məhkəməsinin 14.05.2020-ci il tarixli, 2-3(103)-132/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilərək iflas proseduruna başlanmış, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Ləğv prosessində olan "xxxx" ASC özünün 25 may 2021-ci il tarixli məktubu ilə iddiaçının adını 30.06.2020-ci il tarixdə, 0105 nömrə ilə kreditorların reyestrinə daxil etmiş və reyestr təsdiq üçün məhkəməyə təqdim olunmuşdur. Lakin, əmanət kimi qəbul edilmiş 3500 manat və əmanət məbləğinə hesablanmış faizlər iddiaçıya ödənilməmişdir. Belə ki, “Banklar haqqında” Azərbbaycan Respublikasının qanununa əsasən müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur (72.1.1. ), banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır (72.1.2.), bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür (72.1.3.). “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. İddia ərizəsində də göstərilidiyi kimi "xxxx" ASC müflis elan edilərək iflas proseduruna başlanmış, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Eyni zamanda iddiaçının adı 30.06.2020-ci il tarixdə, 0105 nömrə ilə kreditorların reyestrinə daxil edilmişdir. Bu səbəbdən iddiaçı əmanətin geri qaytarılması ilə bağlı ayrıca icraat qaydasında iddia qaldırmaq əvəzinə, bankın ləğv proseduru çərçivəsində öz tələblərini irəli sürməli idi. İddiaçı öz tələbini banka qarşı deyil, Əmanətlərin Sığortalanması Fonduna qarşı yönəltsə də, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi ləğvediciyə qarşı yönəlsə də, bankın öhdəlikləri ilə əlaqədardır. Belə olan halda iddiaçı öz tələbini bankın ləğv proseduru çərçivəsində irəli sürməli idi. Bu səbəbdən hazırkı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilə və baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı X1 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı cavabdehdən 3500 manat pulun və əmanətlərə görə faizlərin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırkı tələblə bankın iflas proseduru çərçivəsində çıxış edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar