Məhkəmə qərarları › İş №2(060)-995/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-995/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-995/2022 24.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə İMEİ kodu **********91064 olan “Xiaomi Redmi 9” markalı telefon, “Panasonic” markalı qulaqlıq, “Redmi 9” markalı qoruyucu üzlük, “Marvin” markalı çarpayı, “Loft” markalı çalışma masası, “URETAN” markalı döşək və “Samsung” markalı paltaryuyan üçün ümumilikdə 1514 manat ödənilməmiş hissə və 35,14 manat dövlət rüsumu olmaqla, cəmi 911 manat pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 29.09.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı satqı qiyməti 418,5 manat olan İMEİ kodu **********91064 olan «Xiaomi Redmi 9» markalı telefon, «Panasonic» markalı qulaqlıq və «Redmi 9» markalı qoruyucu üzlük üçün 3 ay müddətinə, ilkin ödəniş 12 manat olmaqla və aylıq 135,5 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 407 manat borcu yaranmışdır. Cavabdehə 121,5 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 18.09.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı satqı qiyməti 1640 manat olan «Marvin» markalı çarpayı, «Loft» markalı çalışma masası və “URETAN” markalı döşəyi 24 ay müddətinə, ilkin ödəniş 8 manat olmaq la və aylıq 68 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 952 manat borcu yaranmışdır. Cavabdehə 306 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 18.09.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1705 manat olan “Samsung” markalı paltaryuyanı 11 ay müddətinə, ilkin ödənişsiz və aylıq 155 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 155 manat borcu yaranmışdır. Cavabdehə 46,5 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. Cavabdehin hər üç müqavilə üzrə cəmi ödədiyi məbləğ 2249,5 manat təşkil edir. Cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilsə də, o, həmin borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 17 dekabr 2021-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1980-ci ildə, Siyəzən rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 29.09.2020-ci il tarixli, 21213962 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ kodu **********91064 olan «Xiaomi Redmi 9» markalı telefon, «Panasonic» markalı qulaqlıq və «Redmi 9» markalı qoruyucu üzlük satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 18.09.2019-cu il tarixli, 00922509 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə «Marvin» markalı çarpayı, «Loft» markalı çalışma masası və “URETAN” markalı döşəyi satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 18.09.2019-cu il tarixli, 00920999 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə “Samsung” markalı paltaryuyanı satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 29.09.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 3 ay müddətində hər ay 135,5 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 18.09.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində hər ay 68 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 18.09.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 11 ay müddətində hər ay 155 manat iddiaçıya ödəməlidir. İş materiallarına əlavə edilmiş 02.12.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 418,5 manat olan İMEİ kodu **********91064 olan «Xiaomi Redmi 9» markalı telefon, «Panasonic» markalı qulaqlıq və «Redmi 9» markalı qoruyucu üzlük üçün hazırda ümumilikdə 407 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 11,5 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 1640 manat olan «Marvin» markalı çarpayı, «Loft» markalı çalışma masası və “URETAN” markalı döşək üçün hazırda ümumilikdə 952 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 688 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 1705 manat olan “Samsung” markalı paltaryuyan üçün hazırda ümumilikdə 156 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 1550 manat təşkil edir. İş materiallarında olan 29.09.2019-cu il, 18.09.2019-cu il və 18.09.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən İMEİ kodu **********91064 olan «Xiaomi Redmi 9» markalı telefonu, «Panasonic» markalı qulaqlığı, «Redmi 9» markalı qoruyucu üzlüyü, «Marvin» markalı çarpayını, «Loft» markalı çalışma masasını, “URETAN” markalı döşəyi və “Samsung” markalı paltaryuyanı iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan 25.11.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 35,14 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 1514 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 1514 manatı tələb etməkdə haqlı olmuşdur. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35,14 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İMEİ kodu **********91064 olan “Xiaomi Redmi 9” markalı telefon, “Panasonic” markalı qulaqlıq, “Redmi 9” markalı qoruyucu üzlük, “Marvin” markalı çarpayı, “Loft” markalı çalışma masası, “URETAN” markalı döşək və “Samsung” markalı paltaryuyan üçün 1514 (min beş yüz on dörd) manat ödənilməmiş hissə və 35 (otuz beş) manat 14 (on dörd) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar