Məhkəmə qərarları › İş №2(061)-1325/2024

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1325/2024

21.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1325/2024 21.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək birgə nikahdan 06 sentyabr 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay 230 (iki yüz otuz) manat məbləğində müəyyən edilməsi və cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə təqdim etmiş olduğu ərizəsindən görünür ki, yolu uzaq olduğu üçün növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Məhkəmə iclasını onun iştirakı olmadan keçirib iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsinə əsasən iştirakı olmadan iddia tələbinə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə nikahlarını Ağdam rayon İcra hakimiyyəti Başçısının Nəmirli kənd İnzibati Ərazi Dairəsində rəsmiləşdirməklə ailə qurmuşlar. Rəsmi nikahlarından X5 adlı bir uşaqları olmuşdur. Xarakterləri uyğun gəlmədiyindən Ağdam Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli 2(013)-535/2018 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi üçün qət edilmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyindən övladlarını saxlamaqda çətinlikləri yaranmışdır. Belə ki, özü heç yerdə işləmirvə uşaq böyüdüyündən onun saxlanılmasına çəkilən xərclər də artır. Övladları göz xəstəliyindən əziyyət çəkir. Müalicə və dərman peraparatlarının alınmasında maddi cəhətdən əziyyət çəkir. Bu da bir ana kimi ona çox pis təsir bağışlayır. Cavabdeh isə fərdi əmək fəaliyyəti ilə məşğul olur, yetərincə xeyli miqdarda məvacib əldə etməsinə baxmayaraq övladlarının saxlanılması üçün ona yardım etməkdən imtina edir. Odur ki, birgə nikahdan 06 sentyabr 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay 230 (iki yüz otuz) manat məbləğində müəyyən edilməsi və cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. İş materiallarına əlavə edilmiş SMS bildirişdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İşdə olan AZ-T 285254 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 06 sentyabr 2013-cü ildə X5 adlı uşaqları anadan olmuşdur. İşdə olan Ağdam Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli, 2(013)-535/2018 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən X4 ilə Cavabdeh arasında xx.xx.2013-cü ildə Ağdam rayon İcra hakimiyyəti Başçısının Nəmirli kənd İnzibati Ərazi Dairəsində 06 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2013-ca ildə anadan olmuş Dəniz adlı uşaq yetkinlik yaşına çatana qədər anası X1 himayəsində saxlanılması, xx.xx.2017-ci ildən başlayaraq Cavabdeh xx.xx.2013-ca ildə anadan olmuş Dəniz adlı uşaq yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutulması və qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra olunması qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, bu arayış İddiaçı tərəfindən təsvir edildiyi kimi alimentin artırılması tələbi ilə bağlı mübahisə üzrə Cavabdeh Yayha oğlunun oğlunun xx.xx.2024-cü il tarixdə saat 15-00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən ünvanına məktub və SMS bildiriş göndərilməklə məlumat verilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiyasında iştirak etmiş və ilkin mediasiya keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, tərəflər aralarında olan mübahisələrə görə ayrılmış, ər-arvad münasibətləri alınmamış, nikahları məhkəmə qaydasında pozulmuşdur. Onların birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5 adlı uşaqları iddiaçının yanında qalmışdır. Məhkəmədə elan olunmuş Ağdam Rayon Məhkəməsinin 14 may 2018-cü il tarixli, 2(013)-535/2018 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən X4 ilə Cavabdeh arasında Ağdam rayon İcra Hakimiyyəti Başçısının Nəmirli kənd İƏD-də 06 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü Dəniz adlı uşağın anası X1 himayəsində saxlanılması, xx.xx.2017-ci ildən başlayaraq Cavabdeh xx.xx.2013-cü ildə anadan olmuş Dəniz adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb X3 verilməsi qət edilmişdir. İddiaçı cavabdehin kifayət qədər gəliri olmasını təqdiq mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq hər ay 170 manat sabit pul məbləği həddində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, azyaşlı uşaq ananın yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşağına ödənilən alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə o dərəcədə az deyildır. Bundan başqa, Ağdam Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli, 2(013)- 535/2018 saylı qətnaməsi ilə bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat müəyyən edilmişdir. Aradan xeyli müddət keçmiş iddiaçı məhkəmədə alimentin artırılması barədə iddia qaldırmışdır. Uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay 170 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi məqsədə müvafiqdir. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsi azyaşlı uşağın mənafeyinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası MPM-in 76.2-ci maddəsinə görə sübutlar şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları ilə də müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. «Dövlət rüsümü haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iddia ilə bağlı iddia qiyməti 1000 manatdan 10000 manatadək məbləğdə olduğundan 40 (qırx) manat 40 (qırx) qəpik dövlət rüsumu hesablanır. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olununlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsində göstərilmişdir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, Cavabdeh bir il ərzində tutulacaq alimentin miqdarı 1000 manatdan yuxarı, yəni illik ümumilikdə 2040 manat olduğuna görə, sonuncudan dövlət rüsumu olaraq 40 (qırx) manat 40 (qırx) qəpik alınaraq dövlət nəfinə və İddiaçı Mediasiya sesiyyasında ödədiyi 60 (altmış) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Beləliklə, iş materiallarını, iddia ərizəsini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 06 sentyabr 2013-cü il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləği həddində müəyyən edilməli və Cavabdeh alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM-in 216-220, 235 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 06 sentyabr 2013-cü il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləği həddində müəyyən edilsin, Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumu olaraq 40 (qırx iki) manat 40 (qırx) qəpik alınaraq dövlət nəfinə və İddiaçı Mediasiya sesiyyasında ödədiyi 60 (altmış) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar