Məhkəmə qərarları › İş №2(061)-1335/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1335/2025

08.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1335/2025 08.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 12.000, mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, göstərdi ki, Tərtər Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il 6 ( altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Cavabdeh şübhəli şəxs kimi 23 yanvar 2025-ci il tarixdən - 25 yanvar 2025-ci il tarixə qədər saxlnıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzası növündə cəzanın 2 (iki) gününə bərabər tutulmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılması hökm edilmişdir. Cavabdeh İ.Ş.Həsənova 2024cü ilin iyun ayında 5000 manat, 2024-cü ilin oktyabr ayında 7000 manat, ümumilikdə 12000 manat pulu onun evindən oğurlamışdır. Həmin cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Ona görə ona dəymiş maddi və mənəvi zərər cavabdeh tərəfindən ödənilməlidir. Sonda 12000 manat maddi zərərin və 500 manat mənəvi zərərin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, İddiaçı dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli 1(061)-30/2025 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il 6 ( altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Cavabdeh şübhəli şəxs kimi 23 yanvar 2025-ci il tarixdən - 25 yanvar 2025-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzası növündə cəzanın 2 (iki) gününə bərabər tutulmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh üzərinə Tərtər rayonunun hüdudlarını tərk etməmək, Tərtər rayonunda yerləşən yaşayış yerini hər gün saat 23:00dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılması, iş üzrə Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan bir ədəd qayçı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan bir ədəd dəftər hökm qanuni qüvvəsini aldıqdan sonra İddiaçı qaytarılması, iş üzrə zərərçəkmiş şəxs İddiaçı Temur oğluna mülki qaydada iddia qaldırmaq hüquqları izah olunması, hökmün icrası Tərtər rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.2.3-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 65.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə» dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına əsasən məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. «Varnava və digərləri Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 sentyabr 2009-cu il tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən olunmuş və qeyd edilmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 2024-cü ilin iyun ayında İddiaçı evindən 5000 manat, 2024-cü ilin oktyabr ayında 7000 manat, ümumilikdə 12000 manat pulunu gizli talamaqla oğurluq etmişdir. Qeyd olunan xüsusat Tərtər Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli 1(061)-30/2025 nömrəli hökmü ilə öz təsdiqini tapdığına görə iddiaçı qeyd olunan xüsusatları sübut etmək vəzifəsindən azaddır və həmin halların yenidən sübut edilməsinə zərurət yoxdur. Bunun əksinə həmin zərərin ödənildiyini sübuta yetirmək Cavabdeh vəzifəsi olsa da, Cavabdeh qeyd olunan zərərin ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə İddiaçı vurulmuş mənəvi zərərin məbləğini müəyyən edərkən belə qənaətə gəlir ki, İddiaçı evindən Cavabdeh 12000 manat pulu oğurlaması nəticəsində həmin şəxs səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara məruz qalmış, ibtidai istintaq və məhkəmə prosesləri zamanı uzun müddət sarsıntı keçirməsi nəticəsində sağlamlığına ciddi ziyan dəymişdir. Zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalması onun dəfələrlə müalicələr almasında özünü büruzə vermişdir. Vurulmuş mənəvi zərərin əvəzi qismində elə bir məbləğdə pul vəsaiti tutulmalıdır ki, həmin məbləğ cavabdehi hədsiz ağır maddi mərhumiyyətlərə məruz qoymasın, iddiaçını isə hədsiz varlandırmasın. Məhkəmə, iddiaçının keçirdiyi mənəvi sarsıntıları, cavabdehin təqsirini və əmlak vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 300 manat məbləğində pul tutulması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını, habelə sübutetmə institunun əsas prinsiplərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi qismində 12.000 manat, vurulmuş mənəvi zərərin əvəzi qismində 300 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 12.000 (on iki min) manat və vurulmuş mənəvi zərərin əvəzi qismində 300 (üç yüz) manat, cəmi 12.300 (on iki min üç yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Maya Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar