Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-22/2025 31.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X1 qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 31 yanvar 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin şərtlərinin dəyişdirilərək; 2.1-ci bəndinin “müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və xx.xx.2024-cü ilədək qüvvədə qalır”; 2.2-ci bəndinin “müqavilənin qüvvədə olma müddətinin bitməsinə 10 gün qalmış ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin yazılı müraciəti olmadıqda müqavilə 01 il müddətinə uzadılmış hesab edilir”; 4.1-ci bəndinin “müqavilənin məzmununa uyğun olaraq əldə ediləcək gəlirlərdən “İcarəçi rərəf” “İcarə verən tərəfə” bir ildə əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmamaqla 3000 manat ödəyir” kimi redaksiyada müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaya qarşı yazılı etirazını elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə göndərərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı oğlu iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, aralarında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən mobil telefon rabitəsinə aid texnoloji avadanlığın quraşdırılması üçün Tərtər rayonu Hüsənli kəndində yerləşən 100 kv.m və transformatorun quraşdırılması üçün 10 kv.m qeyri-yaşayış sahəsini cavabdehə icarəyə vermişdir. Müqavilənin 2.1-ci bəndində müqavilənin xx.xx.2023-cü il tarixə kimi qüvvədə olması; 2.2-ci bəndində “müqavilənin qüvvədə olma müddətinin bitməsinə 10 gün qalmış ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin yazılı müraciəti olmadıqda müqavilənin eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab edilir”; 4.1-ci bəndində illik icarə haqqının 1600 Azərbaycan manatı müəyyən edilmişdir. Hesab edir ki, münasibətlərinin əvvəlki qaydada davam etdirilməsi obyektiv olaraq onun mənafelərinə uyğun deyildir və əvvəlki şərtlərlə münasibətləri davam edə bilməz. Belə ki, həmin müqavilənin bağlanmasından artıq 11 ildən artıq bir müddət keçmişdir. Müqavilənin şərtlərini müəyyənləşdirən hallar artıq dəyişmişdir. Müqavilədə nəzərdə tutulmadığı halda xx.xx.2015-ci il və xx.xx.2015-ci ildə devalivasiya nəticəsində Azərbaycan manatının dəyəri ABŞ dollarına münasibətdə 100 faiz aşağı düşmüş, bu səbəbdən bütün vergi və komunal ödəniş haqqları, eləcə də istehlak mallarının qiymətləri kəskin surətdə artmış, qiymətlərin artımı sonrakı illərdə də artmaqda davam etmiş, bu hal cari ildə də davam etmişdir. Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən 2023-cü ildə 2013-cü ilə nisbətən istehlak qiymətləri indeksi 190,8 faiz təşkil etmiş, qiymətlərin səviyyəsi 90,8 faiz artmışdır. Müqavilə bağlanarkən onlar tərəf olaraq milli valyutanın məzənnəsinin bu qədər aşağı düşəcəyini, bütün vergi və komunal ödəniş haqqlarının artmasını, eləcə də istehlak qiymətlərinin indeksinin 190,8 faiz təşkil edəcəyini, istehlak mallarının qiymətlərinin 90,8 faiz qalxacağını ağlabatan şəkildə əvvəlcədən görə bilməzdilər. Qeyd olunanlara əsasən hesab edir ki, milli valyutanın bu şəkildə uşuzlaşması, bütün vergi və komunal ödəniş haqqlarının, eləcə də istehlak mallarının qiymətlərinin 90,8 faiz qalxması “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” kimi qiymətləndirilməli və müqavilənin şərtlərinə yenidən baxılaraq icarə haqqı 3000 manat (1600 x 190,8 faiz : 100 =3052 manat) müəyyən edilməlidir. Lakin, o, hazırda illik icarə haqqının 2400 manat müəyyən edilməsinə də razıdır. Müqavilənin şərtlərinin dəyişdirilməsi barədə cavabdehə iki dəfə, yəni xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təkliflər (bildirişlər) göndərmişdir. Birinci təklifinə imtina alsa da, ikinci təklifinə cavab verilməmişdir. Ona görə də hazırkı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddiasının təmin edilməsini və aralarında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin şərtlərinin dəyişdirilərək; 2.1-ci bəndinin “müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və xx.xx.2024-cü ilədək qüvvədə qalır”; 2.2-ci bəndinin “müqavilənin qüvvədə olma müddətinin bitməsinə 10 gün qalmış ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin yazılı müraciəti olmadıqda müqavilə 01 il müddətinə uzadılmış hesab edilir”; 4.1-ci bəndinin “müqavilənin məzmununa uyğun olaraq əldə ediləcək gəlirlərdən “İcarəçi rərəf” “İcarə verən tərəfə” bir ildə əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmamaqla 2400 manat ödəyir” kimi redaksiyada müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşdə olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış “qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair” xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, İddiaçı mobil telefon rabitəsinə aid texnoloji avadanlığın quraşdırılması üçün 100 kv.m və transformatorun quraşdırılması üçün 10 kv.m qeyri-yaşayış sahəsini Cavabdeh MMC-yə icarəyə vermiş və həmin müqavilənin 2.1-ci bəndi “müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və xx.xx.2023-cü ilədək qüvvədə qalır”; 2.2-ci bəndi “müqavilənin qüvvədə olma müddətinin bitməsinə 10 gün qalmış ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin yazılı müraciəti olmadıqda müqavilə eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab edilir”; 4.1-ci bəndi “illik icarə haqqı 1600 (bir min altı yüz, vergilər daxil deyil) Azərbaycan manat təşkil edir” kimi redaksiyada müəyyən edilmişdir. İşdə olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli yazılı təkliflərdən (bildirişlərdən) görünür ki, o, aralarında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin qiymət artımı ilə bağlı şərtlərinin dəyişdirilməsini Cavabdeh MMC-yə təklif etmişdir. İşdə olan Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, aralarında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin şərtlərinin dəyişdirilməsindən imtina edilmişdir. İşdə olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-cü il tarixli ərizədən görünür ki, o, illik icarə haqqının 2400 manat müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəlləni 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının izahatından, araşdırılan iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizədən və işin digər materiallarından müəyyən olundu ki, aralarında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən hazırkı İddiaçı mobil telefon rabitəsinə aid texnoloji avadanlığın quraşdırılması üçün Tərtər rayonu Hüsənli kəndində yerləşən 100 kv.m və transformatorun quraşdırılması üçün 10 kv.m qeyri-yaşayış sahəsini hazırkı Cavabdeh MMC-yə icarəyə vermişdir. Tərəflər müqavilənin 2.1-ci bəndini “müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və xx.xx.2023-cü ilədək qüvvədə qalır”; 2.2-ci bəndini “müqavilənin qüvvədə olma müddətinin bitməsinə 10 gün qalmış ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin yazılı müraciəti olmadıqda müqavilə eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab edilir”; 4.1ci bəndini “illik icarə haqqı 1600 (bir min altı yüz, vergilər daxil deyil) Azərbaycan manat təşkil edir” kimi redaksiyada müəyyən etmişlər. İddiaçı sonradan xx.xx.2015-ci il və xx.xx.2015-ci ildə devalivasiya nəticəsində Azərbaycan manatının dəyərinin ABŞ dollarına münasibətdə 100 faiz aşağı düşməsi səbəbdən bütün vergi və komunal ödəniş haqqları, eləcə də istehlak mallarının qiymətləri kəskin surətdə artmasını, qiymətlərin artımının sonrakı illərdə də artmaqda davam etməsini, həmin halın cari ildə də davam etməsini əsas götürərək müqavilənin şərtlərinin dəyişdirilməsi barədə Cavabdeh MMC-yə iki dəfə, yəni xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təkliflər (bildirişlər) göndərmişdir. Birinci təklifə Cavabdeh MMC tərəfindən imtina məktubu ilə cavab verilsə də, ikinci təklifə cavab verilməmişdir. Ona görə də İddiaçı hazırkı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı məhkəmə iclasında iştirak etmiş, təqdim etdiyi sübutlara, iddia ərizəsində, eləcə də məhhkəmə iclasında verdiyi izahatında göstərdiyi dəlillərə əsasən yuxarıda sadalanan qaydada öz iddiasını əsaslandırmışdır. Yuxarıda qeyd edildiyi kimi cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaya qarşı yazılı etirazını məhkəməyə göndərərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin etirazı əsaslı deyildir. Məhkəmə iddiaçının dəlillərini əsaslı və ağlabatan hesab edirək həmin dəlillərlə razılaşır. Məhlkəmə hesab edir ki, həqiqətən sözügedən müqavilənin bağlanmasından ötən 11 il ərzində müqavilənin şərtlərini müəyyənləşdirən hallar əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, müqavilədə nəzərdə tutulmadığı halda xx.xx.2015-ci il və xx.xx.2015-ci ildə devalivasiya nəticəsində Azərbaycan manatının dəyəri ABŞ dollarına münasibətdə kəskin şəkildə aşağı düşmüş, bu səbəbdən bütün vergi və komunal ödəniş haqqları, eləcə də istehlak mallarının qiymətləri tənasübsüz şəkildə artmış, qiymətlərin artımı sonrakı illərdə də artmaqda davam etmiş, bu hal cari ildə də davam etmişdir. Müqavilə bağlanarkən tərəflər milli valyutanın məzənnəsinin bu şəkildə aşağı düşəcəyini, bütün vergi və komunal ödəniş haqqlarının artmasını, eləcə də istehlak mallarının qiymətlərinin bu şəkildə qalxacağını ağlabatan şəkildə əvvəlcədən görə bilməzdilər. Məhkəmə iddiaçının hazırda sərgilədiyi iradə ifadəsinə əsasən hesab edir ki, iddiaçı müqavilə bağlanarkən yuxarıda qeyd edilən əhəmiyyətli dəyişikliyi qabaqcadan görə bilsəydi xx.xx.2013-cü il tarixli müqaviləni bağlamazdı və ya fərqli şərtlərlə bağlayardı. Məhkəmə iddiaçının cavabdehlə icarə münasibətlərinin əvvəlki qaydada davam etdirilməsinin obyektiv olaraq onun mənafelərinə uyğun olmaması və əvvəlki şərtlərlə münasibətləri davam edə bilməməsi barədə dəlillərini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan hazırkı mübahisə, yəni hüquq münasibəti müqavilənin şərtlərinin dəyişdirilməsi ilə bağlıdır. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin bağlanması və dəyişdirilməsi ilə bağlı normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 422.2-ci maddəsinə görə əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Həmin Məcəllənin 422.4-cü maddəsinə görə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Həmin Məcəllənin 423.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.1-ci maddəsinə görə müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Həmin Məcəllənin 424.3-cü maddəsinə görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 424.4-cü maddəsinə görə əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına, işdə olan sübutlara, iddiaçının məhkəmə iclasında verdiyi izahatına məcmu halında qiymət verərək, yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia qanuni və əsaslıdır. İddiaçı məhkəmə iclasında yazılı ərizə verməklə illik icarə haqqının 3000 manat deyil, 2400 manat məbləğində müəyyən edilməsini xahiş etdiyi üçün iddia onun iradə ifadəsinə uyğun təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsiniyalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin şərtləri dəyişdirərək aşağıdakı redaksiyada müəyyən edilsin: - 2.1-ci bəndi “müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və xx.xx.2024-cü ilədək qüvvədə qalır”; - 2.2-ci bəndi “müqavilənin qüvvədə olma müddətinin bitməsinə 10 gün qalmış ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin yazılı müraciəti olmadıqda müqavilə 01 il müddətinə uzadılmış hesab edilir”; - 4.1-ci bəndinin “müqavilənin məzmununa uyğun olaraq əldə ediləcək gəlirlərdən “İcarəçi rərəf” “İcarə verən tərəfə” bir ildə əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmamaqla 2400 manat ödəyir”. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №2(061)-22/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-22/2025
31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver