Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-282/2025 02.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Saiq Rəfayıl oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “dəymiş ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında 02 iyun 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16 il müddətində zəbt etdiyi torpaq sahəsinə görə ona vurduğu 273.000 manat maddi ziyanın və dövlət rüsumuna görə ödədiyi 563 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Tərtər rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 60 saylı sərəncamına əsasən İddiaçı istifadəsinə Tərtər rayonu Moxrataq kəndi ərazisindən 20 il müddətinə 47.25 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 10,32 ha hissəsini cavabdeh 2007-ci il tarixdən zəbt edərək istifadə etmişdir. Bu əməlinə görə cavabdeh Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə məhkum edilmiş, eləcə də Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin həmin 10,32 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Cavabdeh ötən illər ərzində sözügedən torpaq sahəsini istifadə etməklə iddiaçıya maddi ziyan vurmuşdur. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X5 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, onun istifadəsində olan torpaq sahəsi ilə iddiaçının torpaq sahəsinin qonşuluğu yoxdur. O, iddiaçıya məxsus heç bir torpaq sahəsini zəbt etməmiş, nə də ki, iddiaçıya heç bir ziyan vurmamışdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşdə olan Tərtər Rayon Məhkəməsinin 2(061)-04/2022- saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Tərtər rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 60 saylı sərəncamına əsasən 20 il müddətinə hazırkı İddiaçı istifadəsinə verilmiş, Tərtər rayonu Moxrataq kəndi ərazisində yerləşən 47.25 ha torpaq sahəsinin 10,32 ha hissəsinin 2007-ci il tarixdən hazırkı cavabdeh X5 tərəfindən zəbt edildiyi müəyyən edilmiş və cavabdehin həmin 10,32 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. İşdə olan aqronom Arif Behbudov tərəfindən verilmiş rəydən görünür ki, 2018ci ildə 10,32 ha ərazidən ümumilikdə 22 ton buğda, 2019-cu ildə 10,32 ha ərazidən ümumilikdə 18 ton arpa, 2020-ci ildə 10,32 ha ərazidən ümumilikdə 1259 ədəd yonca, 2021-ci ildə 10,32 ha ərazidən ümümilikdə 21 ton buğda, 2022-ci ildə isə 10,32 ha ərazidən ümumilikdə 1217 ədəd yonca kiği götürülməsi ehtimal olunur. İşdə olan Tərtər Rayon Məhkəməsinin 2(061)-282/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, iş üzrə kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilsə də ekspertizanın keçirilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 184.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunu yoxlanılmasına dair” Azərbaycan Respublikası konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinəəsasən hakimlər işə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Porosesual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipinə əməl etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumiyyətlə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda, o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki mühakimə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübut toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır, 2. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işüzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qaydada olaraq “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edəni üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartlarını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. (Avşar Türkiyəyə qarşı” işüzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı№25657/94 § 282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İşin məhkəmə hazırlıq iclasında baxılması ilə bağlı iddiaçıya (tərəflərə) göndərilmiş xx.xx.2024-cü il tarixli məhkəmə bildirişində sübutların birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməli olması izah olunsa da, iddiaçı cavabdehin ona məhz 273.000 manat məbləğində maddi ziyan vurmasına dair nə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, nə də ki, məhkəmə baxışı zamanı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsinin iddianın müdafiəsi barədə məhkəmə iclasında verdiyi izahatı cavabdehin məhkəmə iclasındakı izahatı ilə birmənalı şəkildə təkzib olunmuşdur. Məhkəmə qeyd etməyi lazım bilir ki, iddiaçı cavabdehə qarşı əvvəl də eyni tələblə iddia qaldırmış, həmin işə baxılarkən iddiaçının nümayəndəsinə iddianı əsaslandıra biləcək “qiymətləndirmə rəyi”nin təqdim edilməsinin zəruriliyi izah olunmuş, iddiaçının nümayəndəsi hazırda belə bir rəyi məhkəməyə təqdim edə bilmədiyini bildirərək iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə ərizə verdiyi üçün məhkəmənin 2(061)-1330/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. Buna baxmayaraq iddiaçı yenə də “qiymətləndirmə rəyi” vermədən eyni şəkildə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq, cavabdehin məhkəmə iclasında verdiyi izahata və iş mteriallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda adıçəkilən maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı cavabdehə qarşı olan iddiasını məhkəmə iclasında sübüta yetirə bilməmişdir. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıın özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddiaçı cavabdeh X4 qarşı “dəymiş ziyana görə pul tələbi”nə dair iddiası təmin edilməsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov.
Məhkəmə qərarları › İş №2(061)-282/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-282/2025
02.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver