Məhkəmə qərarları › İş №2(062)-1001/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1001/2023

16.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1001/2023 16.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 594 manat məbləğdə pulun, 100 manat yol pulu üçün ödədiyi pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında heç bir ədavət olmamışdır. Onu ortaq tanışları olan Ceyhun Quliyev vasitəsi ilə tanımışdır. Tanışı Ceyhun ona bildirmişdir ki, cavabdehə də kənd təsərrüfatı dərman vasitələri lazımdır. Odur ki, cavabdehə nisyə dərman satılmasını xahiş etmişdir. Bu səbəbdən cavabdeh ilə razılaşmış və 594 manat dəyərində kənd təsərrüfatı məhsullarını ziyanvericilərdən qorumaq üçün lazımi dərmanları xx.xx.2018-ci il tarixdə ona nisyə olaraq vermişdir. Cavabdeh isə həmin ilin oktyabr ayında pulu qaytaracağını bildirmişdir. Lakin həmin tarixdə cavabdeh ona bildirmişdir ki, imkanı yoxdur və işləmək üçün Rusiya Federasiyasına gedəcəkdir. Oradan isə işləyib onun pulunu qaytaracaqdır. Buna baxmayaraq cavabdeh vədinə əməl etməmiş və ona heç bir ödəniş etməmişdir. Cavabdehə nisyə mal satmağı barədə şahidləri vardır, həmçinin bu barədə özündə borc dəftərində qeydiyyat aparmışdır. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh onunla eyni kənddən deyildir. Bununla belə cavabdehin qayınatası onunla bir kənddən olduğu, habelə ortaq tanışları çıxdığına görə ona nisyə olaraq dərman preparatları satmışdır. Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Ona hər hansı bir ödəniş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, iddiaçı ilə eyni kənddə yaşayır. Cavabdehin özünü deyil də, onlarla bir kənddə yaşayan qayınatasını tanıyır. Özü də müxtəlif vaxtlarda iddiaçıdan kənd təsərrüfatı məhsullarını ziyanvericilərdən qorumaq üçün müəyyən dərman vasitələrini nisyə olaraq alır, sonra isə dəyərini ödəyir. Cavabdehi ilk dəfə iddiaçının yanında ayını xatırlamasa da 2018-ci ildə iddiaçının evində görmüşdür. Həmin vaxt cavabdeh də iddiaçıdan nisyə olaraq kənd təsərrüfatı məhsullarını ziyanvericilərdən qorumaq üçün dərman vasitələri almağa gəlmişdir. Cavabdehi tanımadığı üçün iddiaçıdan kim olduğunu soruşduqda, iddiaçı ona cavabdehin həmkəndliləri Malikin kürəkəni olduğunu bildirmişdir. Cavabdeh iddiaçıdan nisyə olaraq 500-600 manat dəyərində dərman preparatları almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, iddiaçı ilə eyni kənddə yaşayır. Cavabdehin özünü deyil də, onlarla bir kənddə yaşayan qayınatasını tanıyır. Cavabdehi əvvəllər tanımamış və hər hansı münasibəti olmamışdır. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olduğundan mütəmadi olaraq kənd təsərrüfatı məhsullarını ziyanvericilərdən qorumaq üçün müəyyən dərman vasitələrini nisyə olaraq alır. Cavabdehi də iddiaçının evində ilk dəfə 2018-ci ildə görmüşdür. Cavabdehi tanımadığı üçün iddiaçıdan kim olduğunu soruşduqda, iddiaçı ona cavabdehin həmkəndliləri Malikin kürəkəni olduğunu bildirmişdir. Cavabdeh iddiaçıdan nisyə olaraq 500-600 manat dəyərində dərman preparatları almışdır. Bu zaman yanlarında həmkəndliləri Hidayət də olmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sadə formada tərtib edilmiş nisyə olaraq satılmış məhsulların dəyərini əks etdirən borc dəftərindən çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixdə iddiaçıdan ümumi dəyəri 594 manat olan dərman preparatları almışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını, şahidlərin ifadələrini dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 425.1-ci maddəsində qeyd olunmuşdur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında şifahi olaraq nisyə alqı-satqı üzrə münasibətlər yaranmışdır. Belə ki, iddiaçı kənd təsərrüfatı məhsullarının becərilməsi üzrə onların ziyanvericilərdən qorunması üçün dərman preparatlarının satışı ilə məşğuldur. Cavabdeh isə ondan xx.xx.2018-ci il tarixdə nisyə olaraq dərman preparatları almışdır. Nisyə alımış preparatların qiyməti 594 manat təşkil etmişdir. Bu barədə iddiaçı özündə nisyə olaraq satılmış məhsulların dəyəri və borclular barədə sadə formada tərtib etdiyi dəftərdə qeydiyyat aparmışdır. Həmçinin şahidlər verdikləri ifadələrində tərəflər arasında olan münasibətləri təsdiq etmişlər. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmişdir. Çünki şahidlər tərəflər arasında yaranmış münasibətlərin şəxsən canlı şahidi olmuş, hadisəni müfəssəl şəkildə diktə etmiş, ifadələrində hər hansı çatışmazlığa və tənqidi yanaşılmağa əsas verəcək hallara istinad etməmişlər. Həmçinin onların ifadələri bir-biri ilə ziddiyyət təşkil etməmişdir. Odur ki, şahid ifadələri mümkünlün baxımından sübut kimi qəbul ediləndir. Bir məqamı da məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbinə dair hər hansı bir etiraz məhkəməyə bildirilməmişdir. Həm hazırlıq, həm də məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh iddia tələbinə münasibətdə susqunluq nümayiş etdirmişdir. Hansı ki, cavabdehə ünvanlanmış bildirişlərdə onun mülki prosessual qanunvericiliklə sahib olduqları hüquq və vəzifələr açıq-aşkar şəkildə onun diqqətinə çatdırılmışdır. Nəzərə almaq lazımdır ki, işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 47.2-ci maddəsi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şahid ifadələri sübut kimi qəbul edilməli və cavabdehin iddiaçıya həqiqətən də borclu olması nəticəsinə gəlinməlidir. Odur ki, cavabdehdən 594 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. İddia tələbinin 100 manat yol xərcinin tutulması hissəsini məhkəmə əsassız hesab edir. Çünki bu barədə iddiaçı tərəfindən sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 594 (beş yüz doxsan dörd) manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı oğluna verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar