Məhkəmə qərarları › İş №2(062)-1004/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1004/2023

10.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1004/2023 10.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 930 manat məbləğdə pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, toyuq-cücə alqı-satqısı ilə məşğul olur. Cavabdeh ondan dəfələrlə toyuq alıb sonradan pulunu vermişdir. Sonuncu dəfə ondan aldığı toyuqların pulunu verib, yenidən 930 manat dəyərində toyuq almış və dəyərini ödəyəcəyini bildirmişdir. Lakin sonradan aldığı toyuqların dəyəri olan 930 manat pulu verməkdən imtina etmişdir. Bu barədə polis şöbəsinə müraciət etmiş və cavabdeh orada izahatında borcunun olmasını etiraf etmişdir. Cavabdeh pulu ödəyəcəyinə söz versə də, yenə də bundan boyun qaçırmışdır. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, cavabdeh ilə daimi olaraq alqı-satqı üzrə danışıqlar onların arasında olmuşdur. Cavabdehin hazırda cücələri onun oğlundan alması barədə izahatı yalandır. Çünki cavabdeh ilə alqı-satqı üzrə razılaşmış, sadəcə olaraq özü həmin vaxt evdə olmadığı üçün cavabdehə telefonla evə getməsini və cücələri götürməsini bildirmişdir. Bu zaman cavabdeh ona evdə kimin olmasını soruşduqda oğlunun olduğunu və cücələri ona satmasından məlumatlı olduğunu bildirmişdir. Cavabdeh isə evə gedərək onun oğluna verdiyi göstəriş əsasında cücələri oğlunun razılığı ilə evdən götürmüşdür. Bundan başqa satdığı cücələrdə hər hansı xəstəlik olmamışdır. Cavabdeh hazırda pulu cücələrin xəstə olması səbəbi ilə vermir. Belə bir hal isə baş olmamışdır. Cavabdeh pulu verməmək üçün bəhanə edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, cücələri iddiaçıdan deyil də, onun oğlundan almışdır. Lakin alqı-satqı üzrə danışıqları iddiaçının özü ilə aparmış, qiymət barədə onunla razılaşmışdır. Cücələri götürməyə gedən zaman isə iddiaçı evdə olmadığı üçün onun oğlundan təhvil almışdır. Ona görə hesab edir ki, oğlu ona qarşı iddia qaldırmalıdır. İddiaçıdan əvvəllər 151 ədəd biri 5.50 manat cücə almış və ümumi dəyəri 830 manat etmişdir. Həmin puldan iddiaçıya hər hansı məbləğ verməmişdir. Sonradan isə iddiaçıdan yenidən 140 ədəd biri 5.70 manatdan cücə almış ümumi dəyəri 798 manat etmiş və həmin pulun 700 manatını iddiaçıya ödəmişdir. Lakin sonuncu aldığı cücələr xəstə olduğu üçün hazırda iddiaçıya verməli olduğu 928 manat pulu vermir. Çünki özü də iddiaçıdan aldığı cücələri üzərinə müəyyən məbləğ qoyaraq başqa şəxslərə satır. Satdıqları insanlar cücələr tələf olduğu üçün ona pul vermir. Özü maddi ziyana düşmüşdür. Bu barədə iddiaçıya da bildirmişdir. Lakin iddiaçı ona cücələrin tələf olması üzrə hər hansı təqsirinin olmadığını bildirərək yenə də pulunu tələb etmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, müraciətinin mülki xarakterli olması əsası ilə ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 425.1-ci maddəsində qeyd olunmuşdur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, tərəflər arasında şifahi olaraq nisyə alqı-satqı üzrə münasibətlər yaranmışdır. Belə ki, iddiaçı toyuq-cücə alveri ilə məşğuldur. Cavabdeh ondan mütəmadi olaraq nisyə olaraq cücə almış və dəyərini sonradan ödəmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh iddiaçıdan biri 5.50 manat olmaqla 151 ədəd cücə almış və ümumi dəyəri 830,50 manat etmişdir. Həmin puldan cavabdeh iddiaçıya hər hansı məbləğ ödəməmişdir. Sonradan cavabdeh yenə də iddiaçıdan birinin dəyəri 5.70 manat olmaqla 140 ədəd cücə almış ümumi dəyəri 798 manat etmişdir. Həmin pulun 700 manatını iddiaçıya ödəmişdir. Hazırda isə cavabdehin iddiaçıya nisyə olaraq aldığı cücələrin dəyərindən 928,50 (830,50+98=928,50) manat borcu qalmışdır. Göstərilənlər işin mübahisə edilməyən halıdır. Çünki cavabdeh tərəfindən iddia tələbi göstərilən formada qəbul edilmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin İddiaçı tərəfindən deyil də, onun oğlu tərəfindən qaldırılması olması dəlili ilə bağlı məhkəmə göstərir ki, alqı-satqı üzrə bütün danışıqlar tərəflər arasında baş verdiyindən, iddiaçının göstərişi üzrə cücələrin evdən cavabdehə onun oğlu tərəfindən təhvil verilməsi iddiaçının oğlunun əsl iddiaçı olmasına gəlməyə əsas vermir. Odur ki, göstərilən dəlil əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən tələbi təmin edilməli, Cavabdeh 928,50 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 928,50 (doqquz yüz iyirmi səkkiz manat əlli qəpik) manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı oğluna verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar