Məhkəmə qərarları › İş №2(062)-1026/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1026/2023

14.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1026/2023 14.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Əliyev Fərid Nadir oğlu İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Cavabdeh Şəməd oğluna qarşı əmlakın qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Cavabdeh Şəməd oğluna qarşı əmlakın qaytarılması tələbinə dair iddia ərizəsini ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2021-ci il tarixli 2021/ÖM- 364 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh Şəməd oğlu tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 2 (iki) baş təkə və 20 (iyirmi) baş keçinin natura şəklində agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq agentliyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydə alınmışdır və adına ********** nömrəli VÖEN vardır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Özünüməşğulluğa kömək göstərilməsinə dair” müqavilənin tərəflərin vəzifələrindən bəhs edən 3.2.1-ci bəndində qeyd olunmuşdur ki, özünüməşğulluğa cəlb edilmiş şəxs əmlakı biznes-planda göstərilən məqsədlə, təyinatına uyğun istifadə etməlidir. Göründüyü kimi cavabdehin müqavilə üzrə heyvanlar alması onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üzrədir. Hansı ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmış, cavabdehin iştirakı ilə təlimlər keçirilmiş və onların nəticələri qiymətləndirilməklə həmin plana uyğun cavabdehə müqavilə üzrə heyvanlar təqdim edilmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 24.1-ci maddəsində göstərilmişdir ki, işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir: 24.1.1. özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi; 24.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; 24.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; 24.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi; 24.1.5. özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd olunmuşdur ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Diqqətə çatdırmağı zəruri hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsidir. Çünki, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti Mülki Prosessual Məcəllənin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. Həmin normada təsbit edilmişdir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanları yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından təhlil edərək belə nəticəyə gəlirəm ki, hazırki iddia tələbi üzrə yaranmış mübahisə kommersiya məhkəmələrində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. (Mülki Prosessual Məcəllənin 152.2 və 152.3-cü maddələri) Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 151, 152, 263, 264 və 267 -ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Cavabdeh Şəməd oğluna qarşı əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar