Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1080/2025 10.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maneənin aradan qaldırılması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq ölçmə işlərinə cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X7 onun qayınatası olmuşdur. Qayınatası xx.xx.2012-ci ildə vəfat etmişdir. Mərhum qayınatasına X9 Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 saylı qərarı ilə Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisindən 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qayınatasının ölümündən sonra ondan qalmış miras əmlaka onun adına Tovuz regional Asan Xidmət Mərkəzi Notariat Ofisində vərəsəlik işi açılmışdır. Bununla bağlı ölçmə işlərinin aparılması üçün gələn daşınmaz əmlakın dövlət reyestri xidmətinin nümayəndələrinə cavabdehlər müdaxilə edərək maneə yaratmışlar. Bu səbəbdən həmin orqan tərəfindən əmlakın qeydə alınmasından imtina edilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, ölçmə işlərinə maneçilik Cavabdeh2 tərəfindən edilmişdir. Digər cavabdeh olan qaynı hər hansı maneə törətməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, mərhum atasından qalmış miras əmlakın iddiaçının adına vərəsəlik qaydasında sənədləşdirilməsinə razı deyil. Əmlakdan bütün qardaş və bacılarının payının müəyyən edilməsini istəyir. Məhz bu səbəbdən daşınmaz əmlaka ölçmə işlərinin aparılması üçün gəlmiş daşınmaz əmlakın dövlət reyestrinin mütəxəssislərinə şərait yaratmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və göstərdi ki, onun tərəfindən daşınmaz əmlakın dövlət reyestrinin mütəxəssislərinə hər hansı maneə törədilməmişdir. Onun nə üçün cavabdeh kimi qeyd olunmasını anlamır. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz regional «Asan Xidmət» Mərkəzi Notariat Ofisinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, mərhum X1 miras qalmış əmlaka dair gəlini İddiaçı müraciəti ilə 8V-920 saylı vərəsəlik işi açılmışdır. Açılmış vərəsəlik işi ilə əlaqədar mərhum X1 miras qalmış daşınmaz əmlak barədə sorğunu təqdim edən şəxsə çıxarış və ya arayış verilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən torpaq sahəsi üzərində mərhum X3 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizənin icrası inventarlaşdırma işləri aparılarkən mübahisə olduğu üçün mümkün olmamışdır. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.2012-ci ildə vəfat etmişdir. Bu barədə ölüm akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. JN 085F KOD50311018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə X5 və X4 Tovuz rayonu, Düz Cırdaxan kəndindən 0,25 ha torpaq sahəsi verilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətə yaradılan maneənin aradan qaldırılması ilə bağlıdır və qanunvericiliyin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İlk növbədə məhkəmə iddianın qaldırılması ilə bağlı iddiaçının subyektv hüququnun olub-olmamasına dair diqqətə çatdırır ki, miras əmlak qanun üzrə iddiaçı tərəfindən qəbul edilmişdir və Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1255-ci maddəsində qeyd olunmuşdur ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Odur ki, iddianın qaldırılması barədə Leyli Quluyeva subyektiv hüquqa malikdir. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddia tələbinin mərkəz hüquq norması Mülki Məcəllənin 157.4-cü maddəsidir. Həmin normada təsbit edilmişdir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materialları ilə müəyyən edilir ki, iddiaçının mərhum qayınatası X6 Tovuz rayonu, Düz Cırdaxan kəndindən 0,25 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində iddiaçı və onun mərhum əri fərdi yaşayış evi inşa etmişlər. Hazırda da iddiaçı orada yaşayır. Mərhum qayınatasından miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı iddiaçı notariat ofisinə müraciət etmişdir. Açılmış vərəsəlik işi ilə əlaqədar notariat ofisi mərhum X2 miras qalmış əmlaklara dair çıxarış və ya arayış təqdim edilməsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsindən xahiş etmiş, bu səbəbdən İddiaçı Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən torpaq sahəsi üzərində mərhum X3 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin orqan inventarlaşdırma işləri aparılarkən mübahisə olduğu üçün ərizənin icrasından imtina etmişdir. Buna səbəb Cavabdeh2 mübahisəli əmlaka ölçmə işləri üçün gələn daşınmaz əmlakın dövlət reyestri xidmətinin mütəxəssislərinə ölçmə işlərini aparmağa imkan verməməsi olmuşdur. Mülki Məcəllənin 164.1-ci maddəsində deyilir ki, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı adına sənədləşməsini tələb etdiyi əmlak üzrə titul sahibliyə malikdir. Lakin Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində o mərhum qayınatasından qalmış əmlakı adına rəsmiləşdirə bilmir. Ona görə də, Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestri xidmətinin nümayəndələrinə etdiyi qanunsuz müdaxilələrinə son qoyulmalıdır. İddia tələbinin qalan hissəsi isə əsassız olduğundan təmin edilə bilməz. Çünki digər Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestri xidmətinin mütəxəssislərinə ölçmə işlərini aparmağa hər hansı maneə törətməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 tərəfindən Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair sənədlərin qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən həmin sənədlərin tərtib edilməsi zamanı daşınmaz əmlakın dövlət reyestri xidmətinin nümayəndələrinə edilən qanunsuz müdaxilələrə son qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1080/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1080/2025
10.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver