Məhkəmə qərarları › İş №2(062)-1106/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1106/2023

06.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1106/2023 06.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Ərizəçi İddiaçı və maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı «mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsi üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı «mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» barədə ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək maraqlı şəxs ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün kreditə dair hissədə təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə el adəti ilə evlənib ailə qurmuş və nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü Tamerlan adlı uşaqları doğulmuşdur. Lakin bir müddət sonra aralarında narazılıqlar yaranmış və mediasiyaya müraciət edərək xx.xx.2022-ci il tarixli saziş bağlamışlar. Həmin sazişdə Cavabdeh ilə aralarında kredit ödənişləri üzrə də razılaşma olmuşdur. Belə ki, barışıq sazişinin üçüncü bəndinə əsasən kredit müqaviləsi üzrə 6700 manat borcun Cavabdeh tərəfindən müqaviləyə uyğun qaydada ödənilməsinə qərar verilmişdir. Hazırda Cavabdeh sazişin şərtinə əməl etmədiyi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verdi və barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, hazırda maraqlı şəxs də sazişin təsdiq edilməsinə razıdır. Çünki uşaqla bağlı onun şərtinə razı olmuşdur. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh izahatında göstərdi ki, ərizəçi uşağı ona göstərmir. Ərizəçi uşaqla onun ünsiyyətinə maneçilik yaradır. Nəticədə valideynlik hüquqları pozulur. Ona görə də sazişin kreditə dair şərtinə əməl etmir. Hazırda ərizəçi ilə razılaşmışdır ki, uşağı ilə görüşüb onu evə də aparacaqdır. Ona görə də sazişin kredit məbləğinin onun tərəfindən ödənilməsinə dair hissədə təsdiq edilməsi barədə qətnamə çıxarılmasına etirazı yoxdur. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, saziş İddiaçı və Cavabdeh arasında bağlanmışdır. Müqavilənin kredit müqaviləsi üzrə ödənişlərə dair şərtindən görünür ki, İddiaçı adına bağlanmış kredit müqaviləsinə əsasən olan 6700 manat borcu Cavabdeh müqaviləyə uyğun qaydada ödəməyi öhdəsinə götürmüşdür. Nikah haqqında AZ 448411 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahlarını xx.xx.2021-ci il tarixdə rəsmi qeyd etdirmişlər. Nikahdan sonra arvada “Məhərrəmova” soyadı verilmişdir. Doğum haqqında AZ İV 756718 saylı şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə doğulmuş Tamerlan adlı uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarıını dinləyib, ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mediasiya prosesində bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunması üzrə yaranmış mübahisədir. İşin hallarına “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun və Mülki Prosessual Məcəllənin “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat”dan bəhs edən fəslinin müddəaları əsasında hüquqi qiymət verilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 24.4-cü maddəsində göstərilmişdir ki, tərəflər mediasiya prosesində bilavasitə və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Tərəflər mediasiya prosesində vəkillərin, tərcüməçilərin, müvafiq sahədə ekspert və mütəxəssislərin köməyindən istifadə edə bilərlər. Tərəflərin razılaşması ilə mediasiya prosesində digər şəxslər də iştirak edə bilər. Həmin Qanunun 33.1-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri). Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-cı maddəsinə görə barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qeyd olunan qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, barışıq sazişi kreditə aid hissədə təsdiq edilməlidir. Çünki tərəflər arasında barışıq sazişi qanuna zidd deyildir, eyni zamanda hər hansı üçüncü şəxsin hüquqlarına toxunmur. Həmçinin maraqlı şəxs özü də barışıq sazişinin kredit borcunun onun tərəfindən ödənilməsinə dair hissədə təsdiq edilməsini xahiş etmişdir. Belə olan halda sazişin təsdiq edilməsindən imtina edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi «İddiaçı adına bağlanmış kredit müqaviləsinə əsasən olan 6700 manat borcun Cavabdeh tərəfindən müqaviləyə uyğun qaydada ödənilməsinə» dair hissədə təsdiq edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar