Məhkəmə qərarları › İş №2(062)-1232/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1232/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1232/2023 01.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı QSC-nin Cavabdeh Səftər oğluna qarşı «kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh Səftər oğluna qarşı «kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Səftər oğlundan iddiaçının xeyrinə 40011397 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1067 manat borcun, dövlət rüsumu hesabına ödədiyi 30,67 manat pulun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, OPTİMAL ELEKTRONİKA MMC ilə Cavabdeh Səftər oğlu arasında bağlanmış 40011397 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1200 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 9 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə OPTİMAL ELEKTRONİKA MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən OPTİMAL ELEKTRONİKA MMC-nin Cavabdeh Səftər oğluna qarşı olan 1200 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə təşkilat hüquqi formasını dəyişərək QSC-nə çevrilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcıya təhvil-təslim aktında qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər geçikilən gün üçün ödəməli olduğu məbləğin 0,3% miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etmədiyi halda satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin bu günə 1067 manat əsas borcu, 0 manat cərimə borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddi ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Səftər oğlu məhkəməyə etiraz göndərərək bildirmişdir ki, OPTİMAL ELEKTRONİKA MMC-dən kondisioner almaq üçün müraciət etmişdir. Bu məqsədlə qeyd olunan 40011397 saylı 31 may 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin sonradan onun almaq istədiyi malı gec gətirdiklərindən o, həmin maldan imtina etmişdir. Hətta ödədiyi ilkin ödənişi də geri almışdır. Bununla bağlı OPTİMAL ELEKTRONİKA MMC-nin direktorunun imzası ilə ona verilmiş 17 mart 2023-cü il tarixli arayışda onun müqavilə üzrə sifariş etdiyi 1200 manat məbləğində məhsuldan imtina etdiyinə görə müqavilənin ləğv edildiyi və hazırda onun 40011397 saylı müqaviləsi üzrə OPTİMAL ELEKTRONİKA MMC-yə borcunun 0 manat təşkil qeyd edilmişdir. İddiaçı QSCnin hazırkı işdə ona irəli sürdüyü iddia tələbi İddiaçı QSC ilə OPTİMAL ELEKTRONİKA MMC arasında imzalanan Faktorinq müqaviləsi və müqaviləyə əlavə olunan sazişə əsasən OPTİMAL ELEKTRONİKA MMC-nin ona qarşı tələb hüququna əsaslanır. Onun isə qeyd etdiyi kimi 17 mart 2023-cü il tarixli arayışına əsasən 40011397 saylı müqavilə üzrə OPTİMAL ELEKTRONİKA MMC-yə borcunun 0 manat təşkil edir. Ona görə də, iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin ərizəsini və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işə əlavə olunmuş OPTİMAL ELEKTRONİKA MMC -nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Səftər oğlu ilə OPTİMAL ELEKTRONİKA MMC arasında xx.xx.2022-ci il tarixdə 40011397 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi 1200 manat məbləğində məhsuldan (kondisioner BOSCH AO12NW1OU) imtina etmiş və məhsulu geri qaytarmışdır. Nəticədə müqavilə ləğv edilmişdir. Hazırda 40011397 saylı müqavilə üzrə OPTİMAL ELEKTRONİKA MMC sistemində borc 0 manat təşkil edir. Ferrum Capital-da 40011397 saylı müqavilə üzrə borcalanın adında olan 1067 manat artıq borc qalığı OPTİMAL ELEKTRONİKA MMC-nin öhdəliyidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh Səftər oğlu OPTİMAL ELEKTRONİKA MMC -dən götürdüyü əşyanı geri qaytarmış və onların arasında olan nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir. Yəni, tərəflər arasında qüvvədə olan hər hansı öhdəlik münasibətləri mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı QSC-nin Cavabdeh Səftər oğluna qarşı «kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, pul» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC-nin Cavabdeh Səftər oğluna qarşı «kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, pul» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar